27 ildir itən övladlar, partladılan dəmir yolu, “O, mənim oğlumdu” – Səbuhi Məmmədlidən <span style="color:red;">YENİ LAYİHƏ  - <span style="color:red;">“HARADASAN?”
16 oktyabr 2019 17:32 (UTC +04:00)

27 ildir itən övladlar, partladılan dəmir yolu, “O, mənim oğlumdu” – Səbuhi Məmmədlidən YENİ LAYİHƏ - “HARADASAN?”

Yer üzündə elə bir insan tapa bilmərik ki, həyatında ayrılıqlara olmasın. Ayrılıq - insanı insana, insanı məkana, insanı hətta zamana belə həsrət qoyur. Dağılmış həyatlar, parça-parça olmuş talelər doludur dörd tərəfimizdə. Və ömründən ayrılıq rüzgarı keçmiş hər kəsin dilində təkrar-təkrar pıçıldadığı bir haray var: HARADASAN?

Lent.az  dilindən “Haradasan?” kəlməsi düşməyənlərin həsrət hopmuş yollarında addımlayaraq, insan, zaman, məkan nisgilinə son qoymağa çalışacaq bu gündən.

Lent.az sizinlə birlikdə “Haradasan?” deyəcək həsrət qaldığınız adamlara...

- Hardadı Alik? Zəng edib sənə? Əli yox, Alik. Mən onu Alik deyə çağırırdım (Səsi tutulur). Mənim bir oğlum da var, Edik. Alikdən iki yaş balaca.

Susur telefonun o başında. Hiss olunur ki, danışası halda deyil. Elə biz də daha  həyəcanlandırmaq istəmirik 69 yaşılı Nəsrəddin kişini. “Bir azdan zəng edərik”, - deyirik...

***

“Mənim adım Əlidir. 1950-ci il təvəllüdlü, Azərbaycan respublikası, Göyçay rayonu, Bığır kənd sakini Qəhrəmanov Nəsrəddin Məsim oğlunu axtarıram. İki oğulu var; 1974-cü il doğumlu Əli, 1976 doğumlu Eldar. 1979-1980-cı illərdə anaları Lyudmila ilə bərabər Krıma köçüblər. Mənim ünvanım belədir: 297513, Krım, Simferopol rayonu, Qvardeyski qəsəbəsi,  Qaqarin küçəsi 30,  mənzil 52, t: +79787*****”.

***

- Mən Əlinin həyat yoldaşıyam. Adım da Lyudmiladır. Hə, qayınanamla adaşam. Bu, sizi çaşdırmasın (gülür). Əli mənim telefon nömrəmi yerləşdirib İnternetdə. Çünki özü bütün günü işdə olur. Fikirləşib ki, kimsə zəng edər, atasından bir xəbər deyər.  Bax, görürsüz, siz zəng etdiniz.

Bunu isə Nəsrəddinin gəlini deyir, Əlinin xanımı, Lyudmila.

***

Nəsrəddin Bakıda tanış olub gələcək xanımı Lyudmila Valentinovna ilə. Xatırlamır, deyir 70-ci illərin əvvəllərində. O vaxt Ədliyyə Nazirliyində çalışırmış Nəsrəddin. 73-cü ildə evləniblər. Bir il sonra, 1974-cü il oktyabrın 14-də Əli anadan olub. İki il sonra isə Əlinin kiçik qardaşı Eldar dünyaya gəlib.

Ailə elə Bakıda yaşayıb. Göyçaya, Bığır kəndinə isə ancaq yaydan yaya gedərmişlər. Nəsrəddinin məzuniyyəti vaxtı.

Nəsrəddin Lyudmila Valentinovnadan niyə ayrıldığının səbəbini demir. Elə düzü, biz də soruşmuruq. Bunun nə əhəmiyyəti var ki? Onsuz da qəhərlidir. Zorla danışır. Amma bircə onu deyir ki, Əlinin 6, Eldarın 4 yaşı vardı, onlar Azərbaycanı tərk edəndə, Krıma köçəndə.

Ayrılsalar da, daim ailəsiylə əlaqəsi olub. Onların yaşadıqları Yalta şəhərinə gedər, balalarına baş çəkərmiş.

Yenidən Nəsrəddin kişiylə əlaqə saxlayırıq:

- Oğlanlarımı 1992-ci ildən sonra itirdim. Necə deyərlər, sonralar izlərinə düşə bilmədim. Yadımdadır, birinci çeçen müharibəsi zamanı, güclə, min bir qorxu və təhlükə altında Krıma, Yaltaya gedib çıxmışdım. Sonuncu dəfə 27 il bundan əvvəl görmüşəm onları. Mən geri qayıdanda çeçenlər dəmir yollarını sökürdülər, partladırdılar. Sonradan neçə il yol bağlı oldu. Çeçenistan və İnquşetiya ərazisindən hərəkət təhlükəliydi. Vəziyyət bir az düzələn kimi Krıma getdim. Yaltaya, onların yaşadıqları şəhərə. Pay-pürüş də aparmışdım. Mənzilin qapısını döydüm, açan olmadı. Aşağı düşüb axşamacan gözlədim. Getdim, bir də qayıtdım. Bu dəfə qapını açdılar, amma tanımadığım adamlar idi. Mən bu mənzildə Qəhrəmanovların yaşadığını dedim. Mənə bildirdilər ki, bu mənzili onlara hökumət verib və hansısa Qəhrəmanovları tanımırlar. Çox pis olmuşdum. Həddən artıq gərgin idim. Nə edəcəyimi bilmirdim. Elə gətirdiklərimi də onlara qoyub getdim.

***

Hə, düz 27 il Nəsrəddin kişi onlardan xəbər tuta bilmir. Bir neçə yerə müraciət edir. Amma heç bir nəticə hasil olmur. Bundan sonra, necə deyərlər, əli soyuyur.

***

- Əli həmişə atasını axtarıb. Düzdür, az qala 30 ildir görüşmürlər. Amma Əli boş durmayıb. Teleproqramlarda, müxtəlif sosial şəbəkələrdə həmişə atasıyla bağlı elanlar yerləşdirib. Düzü, sizin zənginiz məni şoka saldı. Görün nə qədər vaxt keçib. Əli sürücü işləyir. İndi ezamiyyətdədir. Atasının sağ olduğunu bilsə, bilirsiniz necə sevinəcək? Təsəvvür edə belə bilmərsiniz.  Bəs atası sevindimi oğlunun onu axtarmasına?

***

- Siz nə danışırsınız, müəllim. O, mənim oğlumdu. Canımdır, ürəyimdir, Qanı qanımdandır. Siz təsəvvür edə bilmərsiz ki, nə boyda iş görmüsünüz. Əlbəttə, günü elə sabah gəlsin. Nəinki bizim ailədə, bütün kənddə bayram olar.

***

- Oyy, təsəvvür edə bilmərsiz Əlinin vəziyyətini. Bakıda olacaq görüş? Bakıya çağırırlar?

- Yox, Əlinin atası Nəsrəddin Məsimoviç hazırda Azərbaycanın Göyçay rayonunun Bığır kəndində yaşayır.

- Uzaqdı Bakıdan?

- Çox da uzaq deyil, atasının kəndinə. 220 kilometrdir təxminən. Siz Göyçay haqda eşitmisiniz?

- Xeyr, bircə onu bilirəm ki, rayondur sizin ölkədə. O da ki Əlidən.

- Keçmiş SSRİ-də ən yaxşı nar məhz Göyçayda yetişir!

- Ooo, bu da yaxşı xəbər oldu.

Gülür Lyudmila.   

- Mütləq qardaşı da, Eldar da gəlsin. Ataları deyir ki, Edik üçün lap çox darıxır.

- Təəssüf ki, Əli və qardaşı Eldar indi küsülüdürlər. Amma…

- Ataları burda barışdırar onları.

Hər ikimiz gülürük…

Hə, bu da belə. Lent.az ikinci dəfə bir ailəni qovuşdurdu “Hardasan”da. Qəhrəmanovların real görüşü isə necə deyərlər, zaman məsələsidir...

 

P.S. Müəllif yazının hazırlanmasında göstərdiyi köməyə görə, Göyçay Rayon Bığır Bələdiyyəsinin sədri Elnur Şərifova minnətdarlığını bildirir. 

# 2876
avatar

Səbuhi Sədəf

Oxşar yazılar