648
16:22
10 Oktyabr 2019

Zorakılığa kişilər YOX desin - Komitə rəsmisi cəmiyyətə SƏSLƏNDİ

"Zorakılığın hər hansı forması qəbuledilməzdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi baş vermiş zorakılıq faktlarının hər birini cinayət kimi qəbul edir”.
Bunu Lent.az -a ölkədə baş verən zorakılıq hadisələrinə münasibətini açıqlayan komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
O bildirib ki, zorakılıq hallarına qarşı cəmiyyətdə yanaşma dəyişməlidir: “Məişət zorakılığının qarşısının alınması üçün dövlət qurumları müxtəlif istiqamətdə fəaliyyət göstərir, qanunvericilk təkmilləşdirilir. Hətta bu il Məişət zorakılığının qarşısının alınması haqqında Milli Fəaliyyət Planının qəbul ediləcəyini gözləyirik. Amma bütün bunlarla yanaşı, cəmiyyətdə bu problemə münasibət dəyişməlidir. Valdeynlər - analar, qaynanalar, atalar, həyat yoldaşları yanaşmanı dəyişməlidir. Təəssüf ki, ölkəmizdə ehtiyac olan ailə psixoloqları, ailə vəkilləri bu gün bir institut kimi hərə formalaşmayıb. Onların peşəkarlıqlarının artırılması istiqamətində işlər davam etdirilir. Amma bunlar bir günün işi deyil”.
E.Səfərovun sözlərinə görə, sosial şəbəkələrdə bəzi insanlar zorakılıq faktları ilə bağlı hadisələrdə hansısa başqa səbəblər axtarmağa çalışırlar. Hətta tanınmış şəxslər arasında bu cür faktlara haqq qazandırmağa çalışanlar olur: “Yenə vurğulayıram ki, zorakılığın hər hansı forması yolverilməzdir. Zorakılıqla mübarizə aparılması isə yalnız bir neçə dövlət qurumunun, hökumətin işi deyil. İctimaiyyət nümayəndələri, əhali birbaşa zorakılığa “yox” deməlidir. Bu mübarizə qeyri-hökümət təşkilatları ilə birlikdə aparılmalıdır. Zorakılıq faktları bütün dünya ölkələrində var. Heç bir ölkədə zorakılıq probleminin qarşısını tam almaq mümkün olmayıb. Azərbaycanda bu problemin aradan qaldırılması ilə bağlı siyasi iradə var. Amma bu sahədə stereotiplərlə davamlı işlər aparılımalıdır. Məişət zəminində zorakılıq faktlarının təcili tədbirlərlə aradan qaldırılması üçün dövlət ümumrespublika qaynar xəttinin yaradılması lazımdır. Regionlarda ayrı-ayrı qaynar xətlər fəlaiyyət göstərir. Ancaq təəssüf ki, onlar istənilən effekti vermir. Qaynar xətlər elektron məlumat bankı ilə birləşməlidir ki, primitiv tədbirlərin təcili şəkildə təmin edilməsinə dəstək olsun”.
Komitə rəsmisi zorakılıq faktları ilə bağlı məlumatların mediada işıqlandırılması zamanı diqqət olunması vacib olan məqamaları da vurğulayıb: “Media qurumlarında fakt işıqlandırılanda qurbanların adları hallandırırlar. O ailədə yaşayan uşaqlar harasa gedəndə qınağa məruz qala bilər. Uşaqları, digər ailə üzvlərini müdafiə etmək üçün qurbanların adlarını deməməliyik. Medianın, televiziyaların maarifləndirmə tədbirlərinin keçirilməsində çox böyük təsiri ola bilər. Maarifləndirmək üçün televiziyalara video-roliklər göndərəndə bəzi kanallar bunu əsas vaxt çərçivəsində göstərmirlər. Gecə saat 12:00-dan sonra göstərirlər. Bu da effektini vermir”.
E.Səfərov vurğulayıb ki, məişət zorakılığına qarşı yox kampaniyasının kişilər tərəfindən aparılması daha yaxşı olar: “Birinci növbədə kişilər tərəfindən zorakılığa yox deyilməlidir”.