1677
17:33
07 Oktyabr 2019

Tarix fənninin imtahana salınması bu qrupa marağı azaldıb - Maraqlı təklif

“II ixtisas qrupu üzrə plan yerləri azaldılsın, III ixtisas qrupu üzrə artırılsın”.

Lent.az bildirir ki, bu təklifi təhsil eksperti Elçin Əfəndi irəli sürüb.

Onun sözlərinə görə, II ixtisas qrupuna ümumi tarix fənninin əlavə edilməsi bu qrupa marağı kəskin azaldıb. Ekspert II qrupdakı bir sıra ixtisasların III qrupa verilməsini təklif edib:“Təklif edirəm ki, 2020/2021 tədris ili üçün ali məktəblərə qəbul aparılanadək II ixtisas qrupu üzrə plan yerləri azaldılsın və ya II ixtisas qrupunda yer alan regionşünaslıq, beynəlxalq münasibətlər, eləcə də dövlət və bələdiyyə idarəetməsi ixtisasları, III ixtisas qrupunun tərkibinə verilsin. Hazırda II ixtisas qrupuna maraq kəskin şəkildə azalıb. Bunun başlıca səbəbi II ixtisas qrupuna əlavə edilən ümumi tarix fənni ilə bağlıdır. II ixtisas qrupu üzrə hazırlaşan bir çox abituriyent məhz bu səbəbdən III ixtisas qrupuna keçid edir və nəticədə II ixtisas qrupu üzrə ayrılan plan yeri üzrə o qrupu seçən abituriyentlərin sayında kəskin fərq yaranır”.

Elçin Əfəndi III ixtisas qrupuna marağın böyük, ancaq plan yerlərinin az olduğunu vurğulayıb: “Təkcə 2019/2020 tədris ili üzrə ali məktəblərə qəbul zamanı II ixtisas qrupu üzrə 14126 nəfər abituriyent ərizə verdiyi halda, III ixtisas qrupu üzrə 21464 nəfər abituriyent ərizə verib. Amma II ixtisas qrupu üzrə 14181 plan yeri ayrıldığı halda müsabiqədə 10166 nəfər abituriyent iştirak edib. Müsabiqəyə subbakalavrlar qoşulsa da, nəticədə bir o qədər dəyişiklik olmadı. Yenə də kifayət qədər yer boş qaldı. III ixtisas qrupu üzrə isə 11271 plan yeri ayrıldığı halda müsabiqəyə 17465 nəfər abituriyent qoşulmuşdu. Burada da subbakalavrlar iştirak etsə də, onlardan az sayda ali məktəbə qəbul olan oldu. Demək olar ki, təxminən 10 000 nəfərə yaxın abituriyent və subbakalavr məhz III ixtisas qrupu üzrə ali məktəbə daxil ola bilmədi. Bütün bunları nəzərə aldıqda II ixtisas qrupu barədə dediyim fikirlər üzrə ciddi işlərin görülməsi zərurəti yaranır”.