<span style="color:red;">Əli Əmirli “50+” layihəsində : “Həyətimizdə erməni oğlanla azərbaycanlı qız sevişirdilər...”
07 oktyabr 2019 13:10 (UTC +04:00)

Əli Əmirli “50+” layihəsində: “Həyətimizdə erməni oğlanla azərbaycanlı qız sevişirdilər...”

Nə zamandır Lent.az-ın “50+” layihəsində bir yazarla söhbət etmək istəyirdim, ancaq alınmırdı. Çünki gəncləri dindirəndə yaşlıları tənqid etdiyi kimi, yaşlıları da dindirirsən, nəinki tənqid, heç gənc olduğun üçün bəyənib sənin salamını almır. Nə sirdirsə, bu cameədə kimsə özündən, gördüyü işdən danışmaq istəmir. Hamı istəyir ki, ya kimisə tərifləsin, ya da qabağına qoyub danlasın. Belə olanda da ən çətin iş müsahibi müəyyən etməkdir.

 

Yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin yenicə çapdan çıxan “Ağdamda nəyim qaldı” avtobioqrafik romanını oxuyub bitirən kimi onun adını yaddaşımda axtarışa verdim. Yox, gileydən, güzardan uzaq adamdı. Nə tərifi yadıma düşdü, nə də qınağı...

 

Dərhal zəng edib, görüşmək istədiyimi bildirdim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəhbərlik etdiyi “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasında söhbətə “Meydan” romanı ilə başladıq. Məlum oldu ki, zamanında çox populyar olan bu əsər heç vaxt kitab şəklində çap edilməyib:

 

- 1992-ci ildə “Azərbaycan” jurnalında çap edildi və xeyli ajiotaj yaratdı. Özü də məzmunu yox, orada bir az sərbəst səhnələr var...

 

- Nə əcəb o vaxt jurnal əsəri olduğu kimi çap elədi?

 

- O zaman özüm də təəccübləndim. Bilirəm ki, əsərlə bağlı redaksiyaya xeyli zənglər olub... Bir dəfə də...

 

O, qonaq qismində Sumqayıtda Mustafa Çəmənli ilə keçirilən görüşə qatılır. M.Çəmənli onu əsasən xanımlardan ibarət olan auditoriyaya təqdim edəndə zaldan qəribə bir uğultu eşidilir. Tədbirdən sonra ona yaxınlaşan xanımlardan biri təəssüfünü bildirir:

 

- Əsərlərinizi həmişə oxumuşam. Sizə çox böyük hörmətim var idi. Ancaq “Meydan” məni xəyal qırıqlığına uğratdı. Özü də iki dəfə oxudum...

 

Müəllif dərhal soruşur:

 

- Bəs niyə iki dəfə? Bir dəfə kifayət eləmədi ki? Deməli xoşunuza gəlib!

 

İllər sonra həmin hadisəni qarşısında əyləşən jurnalistə danışanda bu yerdə gülümsəyib, əlavə edəcəkdi:

 

- Sonra bir söz də dedim, ancaq onu indi deyə bilmərəm...

 

- Aydındır, demiş kimi varsınız! Nəinki mən, hətta oxucular da təsəvvür elədi. Bəs nə əcəb belə populyarlıq qazanan əsər kitaba çevrilmədi?

 

- “Yazıçı” nəşriyyatında çap olunmalıydı. Mətbəəyə yığılmağa göndəriləndə nəşriyyatın əməkdaşı romandan bir az oxuyub, dəhşətə gəlmişdi. O vaxt da nəşriyyatın direktoru Əkrəm Əylisli idi, gəlib ona deyib. Əkrəm də elə bundan istifadə etdi və roman çap olunmadı. Qaytardılar geri...

 

- Bəs indi sizə nə mane olur? Niyə çap etdirmirsiniz?

 

- Çap məsələlərində çox tənbəl mövqeyim var. Yeni kitabım olan “Ağdamda nəyim qaldı” da “Azərbaycan” jurnalında çap edilib. Rəşad Məcid də ordan oxuyub, bəyənib, əvvəl “525-ci qəzet”də dərc edib, sonra da aparıb nəşriyyata verib. Bu işləri məni istəyən bir adam edəndə ləzzət edir...

 

- Əsərləriniz müstəqillik dövründən bəhs etsə də ruhunuz sanki sovet yazıçısıdır. İstəyirsiniz ancaq yazasınız, qalan işlərlə də başqası məşğul olsun...

 

- (Gülür) Mən axı sovet adamıyam...

 

- Amma ədəbiyyatınız sovet ədəbiyyatı deyil.

 

- Bəli, deyil, tamam başqadır... Nə o sovet vaxtı yazılmış “Meydan”, nə də “Ölü doğan şəhər”. Heç onlardan qabaq yazdığım “Axirətdən qabaq gəzinti” də! O romanım heç latın əlifbası ilə mövcud deyil...

 

- Yəqin teatra sevgimin az olmasındandır ki, romanlarınızı daha çox sevirəm. Hətta hərdən mənə elə gəlir ki, siz bir neçə pyesin hekayəsini bir romanda əridirsiniz. Yəqin ona görədir ki, çoxdandır roman yazmırsınız... Nəhayət, otuz ildən sonra yazdığınız “Ağdamda nəyim qaldı” avtobioqrafik romanında isə təkcə “dəyirman məhəlləsi”ndəki hər hekayə ayrı-ayrı pyeslərin mövzusudur...

 

- Elə də düşünmək olar. Mən artıq otuz ildir ki, prozaya qayıtmırdım. Dramaturgiya məni elə udmuşdu ki, mövzular mənə pyes şəklində görünürdü. Məncə, təhkiyəm zəifdir, amma dialoqlarda hiss edirəm ki, gücüm çatır! Dramaturgiyada hadisələr dialoqlar üzərində cərəyan edir və özümü rahat hiss edirəm. Amma 30 ildən sonra nəsrə gəlmək... Bu da, gördüyünüz kimi, klassik roman janrında deyil. Bir qədər memuardır, avtobioqrafik romandır. Roman adı qoyuramsa, demək, çox böyük hissə müəllif təxəyyülünün məhsuludur. Baxmayaraq ki, hamısı real hadisələr və xarakterlərdir. Aydın məsələdir ki, oradakı dialoqlar, mükalimələr düşüncəmdən gəlib çıxandır. Amma o adamların xarakterinə əsaslanır.

 

- Bizdə memuar ədəbiyyatı çox inkişaf etməyib, avtobioqrafik romanlar o qədər də uğurlu alınmır. Yeganə səbəb də müəllifin nə özü, nə də oxucusu ilə səmimi ola bilməməsidir. Siz isə bu əsərdə oxucu ilə müəllif arasındakı baryeri tamamən uçurmusunuz. Həqiqətən belədir, yoxsa səmimi görünməyə çalışmısınız? Nə qədər səmimisiniz?

 

- Səmimiyyət və qınaqlardan qorxmaq! Bizdə hətta memuar ədəbiyyatı varsa da, hər kəs özünü çox müsbət şəkildə göstərməyə çalışır. Nəsil-kökünə bəzək vurur. Rəncbəri “bəy”, “xan” kimi göstərir. Bax, bu səmimiyyət olmayanda memuar səni özündən itələyir, oxuya bilmirsən. Mən bu əsərdə doxsan faiz səmimiyəm. Elə məqamlar var üstündən keçmişəm, elə məqamlar da var ki, “evdəki redaktorumun təkidi ilə bu iki səhifəni buraxıram” yazmışam... (Gülür)

 

- Sovet adamı olmağınız burada da özünü göstərir. Əsərdə 50-60-cı illərin ruhu yaşayır. Məsələn, o illərin filmlərində qadınla kişi yaxınlaşanda kadr qaralırdısa, siz də bu yerlərdə ev redaktoruna işarə edərək, mətni ixtisar edirsiniz...

 

- (Gülür) Sizə deyim ki, əvvəl o cür yazmamışdım. Hətta bəlkə lazım olmayan qədər açıq səhnələr yazmışdım. Sonra ev redaktorum təkid etdi ki, axı ola bilsin o adam yaşayır, ailəsi var, oxuya bilər... Bəlkə lazım deyil? Mən də düşündüm ki, insana ziyan vurunca ədəbiyyata ziyan vurum. Bu daha ağrısız keçər.

 

- Belə sərt redaktorla yazmaq çətin deyil?

 

- Açığı, mən bu əsəri yazanda çap etməyi düşünmürdüm. Yazıb bitirəndən sonra oxudum və xoşuma gəldi. Onda ev redaktoruma verdim ki, Solmaz xanım, oxu, əgər məsləhət bilsən, bunu çap etdirəcəyəm. Onun çox intuitiv zövqü var. Ölçü hissini məndən yaxşı bilir. Oxuyub dedi ki, mütləq çap etdirmək lazımdır. Bu, bir yazıçının keçdiyi həyat yoludur. Səni tanıyanlar heç biri nələrdən keçib öz həyatını inşa etdiyini bilmir. Əslində, bu, bir əsərin ideyasıdır - özünü inşa etmək. Bu məqsədli olmayıb, sadəcə, mən bu yollardan keçməyə məcbur olmuşam. Bax, bu əsəri yazıçının keçdiyi yolu göstərmək üçün çap etdirdik. Oxucu görür ki, həqiqətən, cibində 28 manat pulla köhnə paltarla şəhərə gələn uşaq öz-özünü necə inşa edib...

 

Bu ifadə yəqin ki, “Meydan” romanı ilə tanış olan hər kəsə çox şey deyir. Bəli, məşhur romanın yeganə çirkaba bulaşmayan obrazı olan qaynatanın keçdiyi həyat yolu əsərdə bir abzasla təsvir edilmişdi. “Ağdamda nəyim qaldı” avtobioqrafik romanında isə o abzası mikroskop altına qoyub, hər kəlmənin altında yatan hekayələrlə tanış oluruq. Təbii ki, “Meydan”ı oxuyarkən heç kimin ağlına gəlmir ki, bu, Əli Əmirlinin taleyidir. O hətta bəzi personajların adını dəyişdirdiyini də deyir:

 

- Şəfiqə obrazı haqda yazanda heç bilmirdim yaşayır, ya yox. Romanı jurnaldan oxuyan qubalı bir xanım dedi ki, qadını tanıyıram, yaşayır. Adını dəyişməyə qərar verdim, iki gündən sonra xanım zəng etdi ki, iki aydır vəfat edib... Çox pis təsir etdi... Romanda adamlarla bağlı mənim üçün çox ağrılı məqamlar da var. Yəni yazanda gördüm xatirələr elə diridir ki... Elə bilirdim filankəslə olan hadisə yaddaş qəbiristanlığımda çoxdan unudulub. Amma məqamında o duyğular, hisslər elə xortlayıb ortaya çıxdı ki...

 

- Siz həm də yaddaşınızı sınağa çəkdiniz?

 

- Görünür, yaddaşın altında yuxu kimi qalır. İnanmazdım, ağlıma da gəlməzdi ki, mən belə bir şey yazacağam. Ümumiyyətlə, özümlə bağlı nə isə yazmaq o qədər də xoşuma gələn şey deyil. Amma bu əsəri yazmağa başlayanda sanki bir quyu fontan vurdu və çox tez yazıldı. Maraqlıdır ki, iş prosesində hətta yazının həcmi də öz-özünə dayanır. Cəmi 130 səhifə! Deyirlər, bəlkə davamını yazasan, yox, burada bitir, deyirəm. Sonrakı məsələlər, məncə, o qədər də maraqlı deyil...

 

- Əsərdə xüsusi diqqətimi çəkən məqamlardan biri də kişilərin hətta uşaqlıqdan “bəzəkli qadına” aşiq olması, “yox” deyə bilməməsidir. Qəhrəmanınız həmin qadının bir baxışı ilə anasını belə ikinci plana atır...

 

- Bəli, atır. Özüm də təəccüb edirəm ki, 7-8 yaşlı uşaq necə praqmatik düşünürmüş. Mənim bircə kəlmə “gedirəm” deməyim kifayət idi ki, məni evimizə qaytarsınlar, ancaq demirdim. 7-8 yaşında uşaq bunu dərk edirsə, təəccüblüdür... Baxmayaraq ki, mən valideynlərimi sevirdim, Şəfiqəni sevmirdim. Amma onunla getdim...

 

- Siz öz övladınızı qardaşınıza verə bilərsiniz?

 

- Əgər mənim də 7-8 uşağım olsaydı bəlkə də... Amma indiki ağlımla düşünəndə qətiyyən! Bu, hətta qəddarlıq olardı.

 

- Qəddarlıqdan söz düşmüşkən, əsərlərinizdəki qadın obrazlarına münasibətiniz deyir ki, onlara çox acıqlısınız.

 

- Doğrudan? Mənim qadın obrazlarım çox yaxşıdır.

 

- Yox, yox, yox! Sizin qadınlar həyata çox qəzəblidir. Siz onları çox əzirsiniz...

 

- Deməzdim. Mənim əsərlərimdə, xüsusilə pyeslərimdə qadınlar birinci yerdə, ən vacib məqamdadırlar. Ümumiyyətlə, həyatda olduğu kimi, bədii əsərdə də elədir ki, qadınsız səhnə mümkünsüzdür. Ona görə də mənim əsərlərimin demək olar ki, hamısında baş qəhrəmanlar qadınlardır, kişilər isə onlara əlavədir.

 

- Amma bütün əsərlərdə bir obraz olur ki, bəlkə də o lap xırda bir epizoddur, ancaq müəllif onu sanki bağrına basıb qorumaq istəyir. Sizin əsərlərdə həmin qadın yoxdur. Hamısını həyat həqiqətləri ilə elə yükləyirsiniz, dibinə qədər çirkaba batırırsınız... Məsələn, “Meydan”da qaynananın kürəkənlə sevgi oyununun xəcalətini qızına çəkdirirsiniz...

 

- Siz daha çox “Meydan”dan çıxış edirsiniz...

 

- Digər əsərlərinizdə də belədir. “Ölü doğan şəhər”də də...

 

- Doğrudur, “Ölü doğan şəhər”də də elədir... O, çox ağır əsərdir...

 

- “Ağdamda nəyim qaldı” romanındakı qadınlar da heç nələri ilə geri qalmırlar...

 

- (Gülür) Mən o cür düşünmürəm. İlk dəfədir ki, mənə belə deyirlər...

 

- Pyesləri demirəm, ancaq romanlarda qadınlarla münasibətinizdə çox ciddi problemlər var...

 

- Romanlarda ola bilər, amma pyeslərdə...

 

- Siz ədəbiyyat tarixində müstəqillik illərindən bəhs edən ilk romanların müəllifi kimi qalacaqsınız. Gələcəkdə əgər teatrlar yaşasa, o zaman pyesləri ancaq gənc rejissorlar oxuyacaqlar...

 

- Səmimi deyirəm, mən, ümumiyyətlə, gələcəkdə qalmaq haqqında düşünmürəm.

 

- Düşünürsünüz! Roman yazmaq gələcəkdə qalmaq üçün ciddi iddiadır.

 

- Bilmirəm o roman qalacaqmı, oxunacaqmı... Sizin oxumağınıza baxmayın, kimdir bu saat mənim romanımı oxuyan? O vaxtlar çox populyar idi. Ancaq pyeslər... Görürsünüz, 20 ildir yazılıb, hələ də tamaşaya qoyulur. Özü də 20 teatrda...

 

- Ola bilsin, mən teatra sevgi duymadığım üçün öncəliyi romana verirəm...

 

- Əslində yaradıcılıqda əvvəl poeziya, sonra proza, axırda dramaturgiya gəlir. Baxmayaraq ki, Belinski dramaturgiyanı yaradıcılığın tacı hesab edirdi...

 

- Bəs siz?

 

- Məncə, vacib olan yaxşı əsərdir. Janrdan və heç müəllifin yaşından da asılı olmayaraq. Əsər yaxşıdırsa, müəllifin neçə yaşı olmağının da fərqi yoxdur. Hərdən deyirlər, gənc yazarlar qocalarla mübarizə aparır. O qədər boş şeydir ki! Əsas olan ortaya qoyulan məhsuldur. Banal səslənsə də, axı ruh qocalmır... Siz gəncsiniz, bilmirsiniz, mən isə yaşlıyam, ancaq bunu mənə kənardan deməsələr, yaşlılığımı hiss eləmirəm.

 

- Adam yaşlananda özü bilmir ki?

 

- Qətiyyən!

 

- Onda qocalıqdan qorxmayaq?

 

- Qorxmayın! (Gülür) Əgər o duyğular yazılanda bu gün olmuş kimi hiss edirsənsə, deməli ruh qocalmır. Əgər güzgü və ətrafda sənə yaşlandığını xatırladan insanlar olmasa, insan özü heç vaxt bundan xəbər tutmaz...

 

- Bu bir az da “Kral lütdür” anlayışı olmaz ki?

 

- Bilmirəm, ancaq mən belə düşünürəm ki, kənar sənin qoca olduğunu vurğulayır. İnsan ruhdan, təndən və hissdən ibarətdir. Bədən qocalır, ruh yox. Ona görə də “Mesenat” əsərimdə qəhrəmanım Hacı Zeynalabdin Tağıyev deyir ki, “xeyirxah işlər gördükcə ruhum daha da cavanlaşırdı. İndi mənim cavan ruhum nimdaş bədənimi asanlıqla tərk edir”.

 

- “Mesenat” yaxşı tamaşa idi. “Ölü doğan şəhər” isə yaxşı film ola bilər...

 

- O vaxtlar mən onun əsasında bir ssenari də yazmışdım. Amma indinin özündə də heç yerə müraciət eləmirəm. Razıyam, çox yaxşı film ola bilər...

 

- Biz Sumqayıt hadisələrini çox yadırğayırıq... Əgər layiqli bir film çəkilməsə, bir neçə ildən sonra, ümumiyyətlə, bu hadisələr yaddaşlardan silinəcək.

 

- Haqlısınız. Demək olar ki, Sumqayıt hadisələri heç yada düşmür...

 

- Məncə, kinematoqraf bu mövzuya borcludur.

 

- Borcludur, amma yenə də deyirəm, mən qapıları döyməyi bacarmıram. İstəmirəm də. Mənim sahəm teatrdır, bir-iki teatra əsər verirəm, qalanları isə özləri müraciət edir...

 

- “Ağdamda nəyim qaldı” romanında Almazla Robertin sevgi hekayəsi çox təsirlidir...

 

- Həqiqətən də həyətimizdə erməni oğlanla azərbaycanlı qız sevişirdilər. Bu hamının izlədiyi, haqqında danışdığı bir sevgi macərası idi. Amma ora qədər. Qalanı isə artıq yazıçı təxəyyülü idi...

 

- Qalanı... Ayrılıqları?

 

- Qızın özünü yandırmaq səhnəsi. Amma kənddəki qadın həqiqətən özünü yandırmışdı...

 

- Erməni oğlanla azərbaycanlı qızın sevgisinə bir də qayıtmağı düşünürsünüz?

 

- Yox.

 

- Məncə, nahaq... Dünya ədəbiyyatına “Yüz ilin tənhalığı”ı kimi nəhəng bir əsər bəxş edən Markes deyirdi ki, “Patriarxın payızı” mənim həyatımın kitabıdır. Sizin həyatınızın kitabı hesab etdiyiniz əsəriniz hansıdır, maraqlıdır?

 

- Hesab edirəm ki, “Ölü doğan şəhər” mənim ən yaxşı nəsr əsərimdir. Ümumiyyətlə isə məndə yazılarımın içərisində “bu əsər şedevrdir” fikri yoxdur. Səmimi deyirəm, son kitabdan sonra siz bilirsiniz ki, mən nə qədər səmimi adamam. Dəhşətli dərəcədə sevdiyim, “şah əsərimdir” dediyim əsərim yoxdur. Hər bir əsərə zəhmət çəkilib, hansısa mənəvi ehtiyacdan yaranıb. Dramaturgiyamda da! Amma tamaşalarla bağlı emosional xatirələr qalır. Məsələn, Azdramada oynanılan “Köhnə ev” tamaşasından çox yaxşı təəssüratım qalıb, onu sevirəm. Bir də Gənclər teatrında “20 ildən sonra” adlı bir tamaşam var idi... Bir neçə gün öncə yutuba yükləyəndə baxdım, gördüm o təəssürat hələ də diridir...

 

- Özünüzün təkrar oxuduğunuz əsəriniz var?

 

- Yalnız “Ağdamda nəyim qaldı”. Bitirəndən sonra dəfələrlə oxumuşam və ləzzət almışam.

 

- Nədən?

 

- Keyfiyyəti xoşuma gəlir. Təsirlənirəm, məni çox güldürür...

 

- Yəqin nənənizlə münasibətiniz...

 

- Nənəm müsibətdir! (Gülür) Çalışmışam onun obrazını olduğu kimi verim. Nənəm çox maraqlı, koloritli xarakter idi. Sizə deyim ki, əsərdə nənə ilə nəvə arasında görünən bir düşmənçilik, antaqonist bir münasibət var. Amma dərininə gedəndə görürsən əriyir. Mənim üçün çox təsirli bir məqam var. Nənəmə qayğanaq bişirib yedizdirirəm və o ağzını silib, dişsiz dodaqları ilə üzümdən öpür, alqış edir. Mənim üçün bu səhnə çox təsirlidir...

 

- Və yazırsınız ki, bəlkə gəncliyimdən başlayaraq məni müşayiət eləyən xoşbəxtlik məhz o qayğanaqdan sonra nənəmin elədiyi alqışın nəticəsidir...?

 

- Düşünürəm ki, əsərin cəmi iki qəhrəmanı var – nənəm və mən. Qalan hamısı bəlkə də anturajdır. Baxmayaraq ki, kifayət qədər parlaq xarakterlər var...

 

Burada söhbəti yarımçıq saxlayırıq. Davamını əsərdən oxuyasınız deyə...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3898

Oxşar yazılar