595
09:56
06 Oktyabr 2019

Bir kilimi evə dəyişməyən məcburi köçkün - VİDEO

Kəlbəcər sakini 3 əsrlik yaşı olan milli toxuma nümunələrini ən dəyərli əmanət kimi qoruyur.
APA TV-nın Mingəçevir bürosunun məlumatına görə, toxuma nümunələrinin əsl özəlliyi ondan ibarətdir ki, onlar vaxtilə kəlbəcərli xanımlar tərəfindən toxunub.
1993-cü ilin aprelində doğma yurdunu məcburən tərk etmək zorunda qalan Kəlbəcər sakini Səxavət Mamedov daşınma çətinliklərinə baxmayaraq, nəsil yadigarı kimi evlərində saxlanılan iki farmaş, xalça və kilimi özü ilə bərabər Molla Bayramlı kəndindən çıxarmağı bacarıb. O zamandan bəri Mingəçevirdə məskunlaşan Səxavət bu tarixi toxuma nümunələrini ən dəyərli əmanət kimi qoruyur.
Həmsöhbətimiz məcburi köçkün həyatının ən çətin günlərində belə ehtiyaclarını qarşılamaq üçün bu nümunələri satmaq haqqında düşünmədiyi deyir: “Müştəri düşən çox idi. Hətta ən azı 3 əsr yaşı olan kilim üçün biriləri mənə Bakıda ev bağışlamağı vəd etdi. Amma mən onu satmayacağımı dedim. Əvvəla, onlar həsrət qoxuyan Kəlbəcər yanğıma su səpir daima. Vaxtilə kəlbəcərli analarımız tərəfindən toxunub, dəyərli milli nümunələrdir, həm də nənələrimin yadigarıdır. Anamın anası da onları öz anasından əmanət alıb”.
Səxavət Mamedovun sözlərinə görə, kilimlə iki farmaşın yaşı daha qədimdir. Xalça isə onlarla müqayisədə nisbətən gəncdir. Amma xalçanın toxunmasında istifadə olunan saplar toxumanın özündən qədimdir. Belə ki, həmin saplar nənəsinin nənəsinə valideynləri tərəfindən cehiz kimi verilib. Bu, Kəlbəcərdə çoxəsrlik bir adət imiş.
Farmaşlar haqqında danışan Səxavət Mamedov onların tərəkəmələr üçün zəruri vasitə olduğunu bildirir. Belə ki, onların müəyyən həcmdə yük tutumu var. Əsasən yaylaq-qışlaq köçlərində insanlar onun içinə lazımi vasitələri yığaraq ata yükləyib və yeni məkana daşıyıb.
Qeyd edək ki, yaşının qədimliyinə rəğmən, toxuma nümunələri hələ də öz keyfiyyətini itirməyib.