490
20:46
02 Oktyabr 2019

“Valday” Klubunun iclasına dəvət Prezident İlham Əliyevə hörmətin göstəricisidir - RƏY

“Valday” Beynəlxalq Diskussiya Klubunun iclasına dəvət olunması Prezident İlham Əliyevə dünyada olan böyük hörmətin, İrəvanda Vladimir Putinlə Nikol Paşinyan arasında görüşün günün sonunda, özü də Avrasiya İqtisadi İttifaqı Sammiti çərçivəsində baş tutması Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisidir”.
Bunu APA -ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsiov bildirib.
E. Nəsirov deyib ki, İrəvanda Avrasiya İqtisadi İttifaqı Sammiti keçirilib. Onun sözlərinə görə, bu Sammit əslində Ermənistan dövləti və Ermənistanın baş naziri Nikol Paşinyanın hansı imicə malik olduğunu bir daha dünyaya nümayiş etdirdi: “Məlum oldu ki, belə bir tədbirə ev sahibliyi edən dövlətin baş nazirinin ən böyük problemi bu tədbirə gələn ayrı-ayrı dövlət başçıların, xüsusən Rusiya Prezidenti Vladimir Putinlə necə görüşməyə nail olmasıdır. Çünki Nikol Paşinyanda belə kompleks yaranıb ki, böyük dövlətlərin rəhbərləri onu qəbul etmək, görüşmək istəmirlər. Xatırladım ki, BMT Baş Assambleyasının sessiyasında iştirak edən Nikol Paşinyan nə qədər cəhd etsə də, ABŞ Prezidenti Donald Trampla görüşə bilmədi. ABŞ-a səfəri öncəsi Nikol Paşinyanın Donald Trampla görüşəcəyini piar edən Ermənistan mediası baş nazirin yalnız ABŞ Prezidenti ilə selfi çəkdirməyə nail olduğundan məyusluğunu gizlədə bilməmişdi. Ermənistan mətbuatı bunu rişxəndlə “Paşinyanın selfi diplomatiyası” adlandırır. İndi də Avrasiya İqtisadi İttifaqı Sammitinin İrəvanda keçirilməsinə baxmayaraq, Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutub. Ermənistan mediası da təsdiq edir ki, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və xahiş olunub. Əslində, protokol qaydalarına görə, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Dəfələrlə bu kimi tədbirlərə ev sahibliyi edən Azərbaycanın nümunəsi, Azərbaycan Prezidentinin dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşləri bunu əyani şəkildə təsdiqləyir. Tədbirlərdə iştirak edən dövlət başçıları, Nobel mükafatçılarının hər biri çalışır ki, Azərbaycan Prezidenti ilə görüşsün. İrəvanda Vladimir Putinlə Nikol Paşinyan arasında görüşün isə günün sonunda, özü də Avrasiya İqtisadi İttifaqı Sammiti çərçivəsində baş tutması Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisidir”.
Millət vəkili qeyd edib ki, N. Paşinyanın ikibaşlı siyasəti, Rusiyanı dost adlandırmasına baxmayaraq, komanda üzvlərinin hamısını “Sorosun uşaqları”ndan, anti-Rusiya yönümlü siyasətçilərdən təşkil etməsi təbii ki, V. Putinin diqqətindən yayınmayıb: “Eyni zamanda Paşinyanın “Rusiya bizim dostumuzdur” deyib, ölkəsində ən böyük səfirliyi ABŞ üçün açması göz önündədir. ABŞ-ın regionda ən böyük səfirliyi və əməkdaşları Ermənistanda cəmlənib. Bu cırtdan ölkədəki ABŞ səfirliyində 2500 əməkdaş fəaliyyət göstərir. Bu kimi suallar təbii ki, olduqca düşündürücüdür. Bu səbəbdən də Rusiya rəhbərliyi Paşinyana və onun komandasına inanmır. Bu reallıq fonunda Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən plenar iclasına dəvət edir. Eyni zamanda, bu iclas çərçivəsində Azərbaycan Prezidenti ilə geniş müzakirələr aparacağının anonsunu verir. Prezident İlham Əliyevin bu mötəbər tədbir çərçivəsində çoxsaylı yüksək vəzifəli dövlət xadimləri ilə görüşləri planlaşdırılır. Azərbaycan Prezidenti ona görə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət edilir ki, dövlət başçımızın səsləndirdiyi fikirlər beynəlxalq aləmdə ciddi rezonans doğurur. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq sülhə və təhlükəsizliyə böyük töhfələr verib. Azərbaycan Prezidentinin bu tədbirə qatılması da tədbirin imicini yüksəldir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan rəhbərliyinin ikiüzlü, bir çox hallarda avantürist, populist siyasəti bumeranq effekti doğurub və ona beynəlxalq ictimaiyyət arasında olan etimadın kəskin şəkildə aşağı düşməsini şərtləndirib. Paşinyanın dünyada qəbul olunmamasının səbəbi onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır. Artıq Ermənistanda da ona etimad kəskin şəkildə aşağı düşüb. Hətta müttəfiqi Belarus rəhbərliyinin Paşinyana münasibəti göz önündədir. Bunun fonunda Azərbaycan Prezidenti İlham Əliyevə beynəlxalq aləmdə və Rusiyada münasibət ən yüksək səviyyədədir”.