248
09:06
27 Sentyabr 2019

Doğuşdan sonra uşaq ölümlərinin SƏBƏBLƏRİ

“Dölü ana bətnində inkişafdan saxlayan səbəblər həm ana, həm də döldən asılı ola bilər.Əgər anada hər hansı xəstəlik, infeksion proseslər nəticəsində ciftində olan qocalmalar, problemlər varsa, uşağa gedən qidalanma pozulur. Bu səbəbdən uşaq inkişafdan qalır”.

e-tibb.azxəbər verir ki, bunu APA -ya Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib.

Mütəxəssis bildirib ki, döl hər hansı infeksion xəstəlik, ürək qüsuru, başqa qüsurlardan asılı olaraq inkişafdan qala bilər: “Bətndaxili inkişaf ləngiməsi varsa, diaqnoz qoyub təsdiqləyirik və hamiləliyi sonlandırırıq. Sonlanmanın iki növü var. Bu, təbii doğuş və cərrahi yolla sonlanmadır. Əgər uşağın yaşama şansı varsa, qeysəriyyə əməliyyatı ilə götürürük. Yaşama şansı çox az olduqda isə kəsik etmirik, çünki qeysəriyyədən sonra tikişlər bitişənə qədər qadın iki il hamilə qala bilməz”.

Baş mama-ginekoloqun sözlərinə görə, doğuşdan sonra uşaq ölümlərinin səbəbləri də müxtəlif ola bilər: “Yarımçıq doğulma, ürəkdəki qüsurlar, baş beyində olan qeyri-travmatik qansızmalar, uşağın özündə olan infeksiya ilə əlaqədar inkişaf edən septik hallar nəticəsində uşaq tələf ola bilər. Uşaq doğulandan 12 saat sonra müayinə zamanı diaqnoz qoya bilirik. Statistik göstəricilərdə belə ölüm halları ya infeksiyadan, ya ürək qüsurlarından, ya da yaşama qabiliyyəti olmayan inkişaf qüsurlarından olur”.

Onun sözlərinə görə, dünyada hər il doğuşların 10-15 faizini erkən doğuşlar təşkil edir. Mütəxəssis, Azərbaycanda erkən doğuşlarla bağlı ümumilikdə artım olmadığını açıqlayıb.

S. Məmmədova ötən il Azərbaycanda 142 min doğuş həyata keçirildiyini, doğuş zamanı isə 17 ana ölümünün qeydə alındığını deyib.

Bu ilin 9 ayı ərzində isə 100-110 min doğuş zamanı 17 ana ölümü qeydə alınıb. 2017-2018-ci illərdə doğuşun 26-27%-ni qeysəriyyə kəsiyi əməliyyatı təşkil edib. Aborta gəlincə, bu say 2017-ci ildə 37 min, 2018-ci ildə 36 min təşkil edib. Bu da ümumi doğuşların 26-27%-ni təşkil edir.

e-tibb.az