314
18:19
26 Sentyabr 2019

ABŞ-da prezident seçkilərinə hesablanmış impiçment oyunu - TƏHLİL

ABŞ Prezidenti Donald Trampa qarşı impiçment prosesi başladılıb. Demokrat Partiyasının üzvləri hesab edirlər ki, prezidentin Ukrayna dövlət başçısı ilə telefon danışığı zamanı söylədikləri ABŞ-ın milli təhlükəsizliyi baxımdan ciddi narahatlıqlar doğurur.
“The Washington Post” qəzeti sentyabrın 19-da ABŞ hərbi kəşfiyyatının əməkdaşının rəhbərliyə şikayət edərək, prezident Donald Trampın xarici dövlət başçılarından biri ilə “milli təhlükəsizliyə xələl gətirən fikirlər” söylədiyini bildirib. ABŞ mediası araşdırma aparıb və həmin xarici ölkə başçısının Ukrayna prezidenti Vladimir Zelenski olduğunu üzə çıxarıb. Sentyabrın 22-də isə sabiq vitse-prezident Co Bayden bununla bağlı təhqiqata başlanılmasını tələb edib, bununla da vəziyyət gərginləşib.
Ağ Ev iyulun 25-də Trampla Zelenski arasında baş tutumuş telefon danışığının mətnini də açıqlayıb. Açıqlanan mətndə ABŞ Prezidenti ukraynalı həmkarı ilə telefon danışığı zamanı bildirib ki, V. Zelenski Bayden məsələsinə baxsa, əla olar. Ukrayna Prezidenti isə öz növbəsində vəd verib ki, yeni Baş prokuror bu məsələ ilə məşğul olacaq.
Məsələ ondadır ki, Co Baydenin oğlu Obamanın prezidentliyi dövründə Ukraynada yerli bir enerji şirkətində İdarə Heyətinin üzvü olub. ABŞ prezidenti isə oğul Baydenin bu şirkətdə təmsil olunmasının maraq toqquşması kimi qələmə verir və burdan çıxış edərək demokrat rəqibini tez-tez tənqid edirdi. ABŞ mətbuatı iddia edir ki, Tramp məhz istəkləri yerinə yetirilmədiyinə görə Ukraynaya vəd olunan maliyyə yardımının göstərilməsini əngəlləyir, başqa sözlə, dövlət maraqlarını öz maraqlarına quraban verir.
Mətbuatın hay-küyündən sonra demokratlar hərəkətə keçib və Trampa qarşı impiçment tələbləri səslənməyə başlayıb. İmpiçment qaydalarına görə, federal işçilərin, o cümlədən ABŞ prezidentinin “dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayət və qanun pozuntularında” ittiham edərək mühakimə edilməsi və vəzifədən uzaqlaşdırılması mümkündür.
Artıq ABŞ Nümayəndələr Palatası Prezident D.Trampa qarşı impiçment proseduruna start verib. Trampın gələn il keçiriləcək prezident seçkilərində başlıca rəqibi olan Co Baydenin əleyhinə kompromat yığmaq istəyi demokratları hiddətləndirib.
Trampa qarşı impiçment tələbi demək olar ki, o qədər də gözlənilməz sayılmır. 2018-ci ildə Konqresə keçirilən seçkilərdə qələbə qazanan demokratlar dərhal belə tələblə çıxış etmişdilər. Lakin o zaman impiçment proseduruna başlamaq mümkün olmamışdı.
ABŞ prezidentinə impiçmenti Nümayəndələr Palatası göstərir. Nümayəndələr Palatası Konqresin aşağı palatasıdır və ABŞ ştatları əhali sayına görə mütənasib olaraq nümayəndə ilə təmsil olunur. Nümayəndələr Palatasında demokratlar çoxluq təşkil edir, odur ki, konqresmenlərin impiçmentə səs verəcəyini ehtimal etmək olar. Lakin ABŞ qanunvericiliyinə görə, Nümayəndələr Palatasının qəbul etdiyi qərarı Senat təsdiq etməlidir. Senatda isə üstünlük Trampın da üzvü olduğu Respublikaçılar Partiyasının tərəfindədir və bu amil Trampı təhlükədən sığortalayır.
Xatırladaq ki, bu günə qədər ABŞ tarixində dövlət başçısına qarşı impiçment proseduru üç dəfə olub. 1868-ci ildə Endrü Conson, 1974-cü ildə Riçard Nikson və 1998-ci ildə Bill Klinton belə problem yaşayıblar. E. Conson və B. Klinton Senatda bəraət ala biliblər. R. Niksonla bağlı məsələ isə fərqli olub. O, səsvermənin nəticəsini gözləmədən özü istefa verib.
Senatda çoxluğa nəzarət etdiyinə görə Trampa qarşı impiçment tələbinin reallaşağı inandırıcı görünmür. Bunu demokratlar da anlayırlar. Belə olan təqdirdə o ehtimalın üzərində dayanmaq olar ki, hədəfdə Trampın vaxtından əvvəl öz postundan getməsi deyil, növbəti seçkilərdir. 2020-ci ildə ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Demokratların məqsədinin Trampı ikinci dəfə ölkəyə rəhbərlik etmək şansından məhrum etmək olduğu daha ağlabatan görünür. İmpiçmentdən qurtulsa belə, Tramp növbəti seçkilərə yetərincə hazırlaşa bilməyəcək, onun növbəti seçkilərə qədər əsas fəaliyyəti özünü təmizə çıxarmağa yönələcək. Digər tərəfdən, demokratlara yaxın mətbuat növbəti seçkilərə qədər bu istiqamətdə fəaliyyətini davam etdirəcək, “Tramp cinayətkardır, yalançıdır və milli təhlükəsizliyə təhlükədir” tezislərini ictimai rəyə təlqin etməyə çalışacaq. Belə rəylər artıq mətbuatda geniş işıqlandırılır və inkişaf etdirilir. Bu baxımdan, demokratlar impiçment prosedurunu uzada və bu müddət ərzində Trampın nüfuzuna ağır zərbələr endirə bilərlər.
Ümumiyyətlə, impiçment proseduru uzun çəkir. Məsələn, Bill Klintona qarşı başlanan impiçment proseduru 4 ay çəkmişdi - 1998-ci ilin noyabrından 1999-cu ilin yanvarına qədər. B. Klinton bu prosesdən uğurla çıxsa da, demokratların digər namizədi, vitse-prezident Albert Qordan az səs toplayaraq, seçkilərə qatıla bilməmişdi. Amerikalı seçici qalmaqallı siyasətçilərə səs verməyi xoşlamır. Bu baxımdan, demokratlar anlayırlar ki, növbəti seçkilərdə Trampa qarşı duruş gətirmək asan olmayacaq, onun imicini indidən zədələməyi qarşılarına məqsəd qoyublar. Rəy sorğuları ölkə vətəndaşlarının Tramdan razı olduğunu göstərir. ABŞ iqtisadiyyatı inkişaf edir, vergi və digər siyasi kurs vətəndaşları razı salır və bu amillər kifayət edir proqnozlaşdırılsın ki, Tramp növbəti dəfə seçicilərin rəğbətini qazana biləcək. Bir sözlə, hər hansı bir sarsıntı olmasa, Trampın qalib gəlmək ehtimalı böyükdür. Hadisələrin belə inkişafı isə təbii ki, demokratları razı salmır və onlar hər vəchlə Trampın artan reytinqinə zərbə vurmağın yollarını axtarırlar. Onlar nəyin bahasına olursa olsun, 2020-ci il seçkilərində qalib gəlmək istəyirlər. Trampın daha bir qələbə qazanması 2016-ci il seçkilərindən sonra onsuz da fiaskoya uğrayan Demokrat Partiyasına elə zərbə vura bilər ki, bu dəfə bütün planlar alt-üst olar. Əslində, 2016-cı il məğlubiyyəti demokratları çıxılmaz duruma salmışdı. Lakin o vaxt demokratlar Trampın qələbəsini Rusiyanın yardımı ilə əlaqələndirə bildilər. Tramp ikinci dəfə qalib gələcəyi təqdirdə isə artıq bu, xalqın tam dəstəyi anlamına gələcək və belə olan halda demokratların fiaskosu qaçılmaz olacaq.
İndi ABŞ siyasi dairələrini bir sual düşündürür: impiçment proseduru ilə başlanan Trampın ləkələnməsi prosesi demokratlara hədəfə çatmağa yardım edəcəkmi? Bu suala hələ ki, birmənalı cavab vermək mümkün deyil. Belə ki, ABŞ siyasəti sürprizlərlə doludur. Respublikaçıların demokratların bu zərbəsinə nə ilə cavab verəcəyini də söyləmək çətindir. Bu gün ancaq bir ehtimal üzərində əminliklə dayanmaq olar: bütün bu qalmaqallar fonunda əsas zərər çəkən tərəf Ukrayna olacaq. İstər Trampın, istərsə də onun Konqresdəki rəqiblərinin fəaliyyəti onu deməyə əsas verir ki, “Ukrayna amili” amerikalı siyasətçiləri yalnız daxili mübarizədə təzyiq aləti kimi maraqlandırır, bu ölkənin Birləşmiş Ştatların əsas rəqibi olan Rusiya ilə açıq savaşda olması konqresmenləri düşündürmür. Amerika siyasəti sırf maraqlar üzərində qurulub və bu siyasətdə emosional davranışa yer yoxdur. Bu baxımdan, konqresmenləri Donbassın taleyi maraqlandırmır. Ukraynanın “Tramp qalmaqalı”nın əsas iştirakçısı olması isə o anlama gəlir ki, artıq kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, “Ukrayna amili” amerikalı siyasətçilərdə qıcıq doğura bilər, elə 2020-ci ildə prezidentliyə ən real namizədlərdən biri olan Baydendə də. O, öz çıxışlarında Ukraynaya uzunmüddətli dəstək verəcəyini açıqlayırdı. Artıq onun və digər siyasətçilərin Ukraynanı açıq şəkildə müdafiə etməsi bir qədər çətin görünür. Nəticədə, Ukrayna Rusiya ilə savaşda təklənmiş duruma düşə bilər. Ən azı yaxın müddət ərzində Birləşmiş Ştatların Kiyevə dəstək verəcəyi inandırıcı görünmür.
APA -Analytics