Bu nəqliyyat dəhlizi iqtisadiyyatımıza çox böyük dividentlər gətirəcək - <span style="color:red;">RƏY
24 sentyabr 2019 16:44 (UTC +04:00)

Bu nəqliyyat dəhlizi iqtisadiyyatımıza çox böyük dividentlər gətirəcək - RƏY

 
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan iqtisadiyyatına çox böyük dividentlər gətirəcək”.  
 
Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev bildirib. 
 
N. Məhəməliyev deyib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Baltik ölkələrini İran vasitəsilə Hindistanla birləşdirən layihədir. Bu dəhlizin digər analoji marşrutlardan  üstünlüyü məsafə baxımından iki dəfədən çox qısa, konteyner daşımalarının maya dəyərinin aşağı olmasıdır. Məsələn, Süveyş kanalı vasitəsilə daşımalar 45-60 gün ərzində həyata keçirilirsə, Şimal Cənub dəhlizi ilə 15-20 günə yükləri mənzil başına çatdırmaq mümkündür: “2000-ci ildə Sankt Peterburq şəhərində, Avrasiya nəqliyyat konfransında Rusiya İran və Hindistan arasında hökumətlərarası nəqliyyat dəhlizinin yaranması haqqında saziş imzalanıb. Şimal-Cənub  nəqliyyat dəhlizinin  fəaliyyəti üçün əvvəldən 3 istiqamət üzrə marşrut müəyyənləşdirilmişdi. Amma ən effektlisi Azərbaycan ərazisi ilə keçən və İranın Bəndər Abbas limanı istiqamətindəki marşrut hesab olunur. Ancaq müəyyən səbəblərdən İran tərəfində Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi ləngidilir. Baxmayaraq ki, Prezident Ruhaninin Azərbaycana səfəri çərçivəsində razılıq əldə olunmuşdu və o vaxta qədər səbəb kimi göstərilən maliyyə çatışmazlığı aradan qaldırılmış, 500 milyon güzəştli kredit ayrılmışdı. Çox təəssüf ki, nəinki iqtisadi sanksiyalardan əziyyət çəkən İran, eyni zamanda bütövlükdə region dövlətləri üçün son dərəcə vacib layihənin icrası ləngidilir. Prezident İlham Əliyevin apardığı, iqtisadiyyatın differallaşması, qeyri-neft sektorunun inkişafı baxımından Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri kimi layihələrin icrası Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirməklə, dünya miqyasında mühüm tərəfdaşa, regional güc sahibinə çevirməkdədir. Təkcə Şimal Cənub dəhlizi vasitəsilə ildə 20-25 milyon ton yük daşınması nəzərdə tutulur ki, bu və digər logistik layihələr gələcəkdə neft erası bitdikdən sonra Azərbaycan iqtisadiyyatına çox böyük dividentlər gətirəcək”.
 
Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu APA-ya açıqlamasında bildirib ki, Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin mühüm həlqəsi olmaqla, həm iqtisadi, həm də strateji maraqlarını həyata keçirmək üçün dividentlər qazanır. Onun sözlərinə görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi olduqca strateji bir layihədir. Layihə Azərbaycanı bu istiqamətdə mühüm nəqliyyat qovşağına çevirir: “Diqqət yetirsək görərik ki, mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir. Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına qədər gələn yolun davamı kimi Qəzvin-Rəşt-Astara yolu ilə daşınan yüklərin Rusiya Federasiyasına, oradan isə Avropanın şimalındakı ölkələrə qədər ötürülməsi heç şübhəsiz ki, nəqliyyat kommunikasiya tarixində yeni bir hadisə kimi qiymətləndiriləcək”.
 
H. Babaoğlu qeyd edib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi  istiqamətində çox böyük həcmdə yük daşımaları var: “Amma bu yükdaşımaları əsas etibarilə Süveyş kanalı üzərindən realizə edildiyi üçün 45-60 gün ərzində təyinat nöqtəsinə çatdırıla bilir. “Şimal-Cənub” nəqliyyat dəhlizi işə düşdükdən sonra isə bu müddət cəmisi 14-20 gün olacaq ki, bu da yeni nəqliyyat dəhlizini olduqca cəzbedici bir dəhlizə çevirəcək. Çünki bu dəhliz sadəcə müddət baxımından deyil, həm də onun ətrafında  olan siyasi-inzibati coğrafiyada ümumi təhlükəsizliyinin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Əlbəttə ki, Azərbaycan 2005-ci ildən bu layihəyə qoşulduqdan sonra onun çox fəal iştirakçısına çevrilib. Hətta Qəzvin-Rəşt-Astara avtomobil yolunun çəkilməsi ilə bağlı kredit ayrılıb. 2018-ci ildə İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərindən sonra bir daha Azərbaycan və İran prezidentləri arasında bu məsələnin müzakirə olunaraq təqdir edilməsi onu göstərir ki, layihə təkcə nəqliyyat kommunikasiya layihəsi deyil, həm də qonşu dövlətlə ikitərəfli münasibətlərin inkişafına yeni impulslar verəcək bir layihədir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının “Şərq-Qərb” Nəqliyyat Dəhlizindən sonra Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində mühüm qovşağa çevrilməsi ölkəmizin mürəkkəb strateji regionda nüfuzunu artırmaqla yanaşı, həm də iqtisadi maraqlarını təmin etmiş olacaq”.
 
# 1169
avatar

Oxşar yazılar