Heydər Əliyev Fondunun inşa və təmir etdirdiyi yeni məktəblər, bağça istifadəyə verildi
16 sentyabr 2019 17:15 (UTC +04:00)

Heydər Əliyev Fondunun inşa və təmir etdirdiyi yeni məktəblər, bağça istifadəyə verildi

 
Gəncə şəhərində fəaliyyət göstərən Nizami Aydın adına 18 nömrəli tam orta məktəb əsaslı təmir olunub, yeni korpus tikilib.
 
APA-nın xəbərinə görə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevral ayında Gəncə şəhərinə səfəri zamanı məktəbdə mövcud şəraitlə tanış olub, binada yenidənqurma işlərinin aparılmasına dair müvafiq tapşırıq verib.
 
1965-ci ildən istismarda olan məktəbin binasında sonuncu təmir işləri 1988-ci ildə aparılıb və burada əsaslı yenidənqurma işlərinə ehtiyac yaranıb. 640 şagird yerlik məktəbdə buna qədər 795 şagird təhsil alırdı.
 
Görülən işlər çərçivəsində isə məktəbin köhnə binasında əsaslı təmir işləri və mövcud ehtiyac nəzərə alınaraq 280 yerlik yeni korpusun tikintisi həyata keçirilib. Hazırda Azərbaycan və rus bölmələri üzrə fəaliyyət göstərən məktəbdə 1000 şagirdin təhsili üçün şərait yaradılıb.
 
Yeni məktəb binasında 51 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otağı, hərbi hazırlıq otağı, idman, akt zalları, kitabxana, müəllimlər otağı, eləcə də tibb otağı, mətbəx və yeməkxana var. Məktəb zəruri inventar və avadanlıqlarla təchiz edilib. Həmçinin ərazidə süni ot örtüklü idman meydançası inşa edilib. Məktəb daimi istilik və su sistemi ilə təchiz olunub, əraziyə asfalt örtüyü salınıb, yaşıllıq zolağı yaradılıb.
 
Yeni tədris ilində məktəbin kollektivi ilk təbriki də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan alıb. Birinci vitse-prezidentin təbrikləri və salamları məktəbin kollektivinə çatdırılıb.
 
Məktəbin müəllimi Ceyran Məmmədova sevincini bu sözlərlə bölüşüb: “Bilik günü”ndə həm müəllim, həm də bir valideyn kimi çox sevincliyəm. Çünki illərdir dərs dediyim məktəbimiz əsaslı təmirdən sonra müəllimlərin və şagirdlərin ixtiyarına verilir. Bu il həm də mənim dörd nəvəm ilk dəfə bu məktəbə qədəm qoyur. Əminəm ki, bu cür müasir tədris şəraitinin yaradıldığı məktəbdə həm nəvələrim, həm də bütün şagirdlər yüksək nəticə göstərəcəklər. Çünki məktəbimizdə bunun üçün hər cür şərait yaradılıb. Burada müasir fənn kabinetləri, sinif otaqları, laboratoriyalar, idman zalı var. Yaradılmış bu gözəl şəraitə görə Mehriban xanım Əliyevaya bütün kollektivimiz adından minnətdarlığımızı bildirirəm”.
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə daha bir məktəb əsaslı təmir olunaraq yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilib. Bu, Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdir.
 
1984-cü ildə inşa olunan məktəb binasında bu ilin may ayından əsaslı təmir işləri həyata keçirilib. 640 şagird yerlik məktəbdə zəruri avadanlıqla təchiz edilmiş 36 sinif otağı, laboratoriya, əmək, linqafon otaqları, informatika kabineti, hərbi hazırlıq kabineti, eləcə də məktəbəqədər sinif otağı fəaliyyət göstərir.
 
Məktəbin şagirdi İlhamə Ələsgərova yeni tədris ilində təhsilini bu cür müasir məktəbdə davam etdirməkdən çox şad olduğunu bildirərək deyib: “Məktəbimizin əvvəlki binası təmirsiz olduğuna görə keyfiyyətli təhsil ala bilmirdik. Xüsusən də ayrı-ayrı fənlər üzrə kabinetlərimiz olmadığına görə dərslərimizi təcrübi deyil, yalnız nəzəri öyrənirdik. Şəhərimizdəki digər məktəblərdə olduğu kimi, bizim də məktəbimizdə müasir şərait yaradılmasını arzulayırdım. Builki tədris ili məktəbimizin müəllim-şagird kollektivi üçün ikiqat sevincli oldu. Artıq bizim də tam müasir məktəbimiz var. İndi biz daha həvəslə oxuyacaq, gələcəkdə ali məktəblərə yüksək balla daxil olmağa çalışacağıq”.
 
Şagird Elvin Səfərov deyib ki, bu gün həm “Bilik günü”, həm də məktəbin əsaslı təmirdən sonra istifadəyə verildiyi gündür: “Hər iki əlamətdar gün münasibətilə məktəbimizin kollektivi çox sevinclidir. Hazırda biologiya kabinetində builki tədris ilində ilk dərsimizi keçirik. İndi bizim biologiya kabineti, eləcə də digər fənn kabinetləri, laboratoriyalar lazım olan bütün avadanlıqlarla, tədris vasitələri ilə təmin olunub. Məktəbimizin müasir idman meydançası və idman zalı bizim həm sağlamlığımıza, həm də idman növləri ilə daha düzgün məşğul olmağımıza şərait yaradacaq.
 
Bizə bu sevinci yaşatdığına, göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bütün şagirdlər adından təşəkkür edirik”.
 
Birinci vitse-prezident Mehriban Əliyevanın fevral ayında Gəncəyə səfəri 32 saylı körpələr evi-uşaq bağçasının da həyatında dönüş olub. Həmin vaxt bu uşaq bağçasının yenidən qurulmasına qərar verilib.
 
Həmin vaxt Mehriban Əliyevanın diqqətinə çatdırılmışdı ki, 1985-ci ildə inşa edilən binanın əsaslı təmirinə ehtiyac var. Birinci vitse-prezident qısa zamanda bu bağçanın da yenidən qurulmasının, onun maddi-texniki bazasının gücləndirilməsinin vacibliyini vurğulamışdı.
 
1985-ci ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçası üçün hazırda Heydər Əliyev Fondu tərəfindən 280 yerlik yeni bina tikilib, bağça inventar və avadanlıqla təchiz olunub və burada 14 qrup yaradılıb. Bağçada yataq otaqları, eləcə də uşaqların təhsili və istirahəti üçün nəzərdə tutulan digər zəruri otaqlar, musiqi, idman zalları inşa olunub. Daimi istilik və su sistemi ilə təchiz olunan bağçanın yerləşdiyi ərazi abadlaşdırılıb, yaşıllıq zonası salınıb. Bu da Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının uğurla icra olunduğunu göstərir.
 
Valideyn Zemfira Quliyeva bağçada yaradılmış şəraitdən razılığını bildirərək deyib: “Bu ilin fevral ayında nəvəmi bu bağçaya gətirmişdim. Yaxşı xatırlayıram ki, o zaman bağça bərbad vəziyyətdə idi. Təbii ki, elə bir şəraitdə nəvəmin normal təhsil ala bilməyəcəyi məndə və ailəmizin bütün üzvlərində təəssüf hissi doğururdu. Lakin bu gün çox sevincliyəm. Çünki bağça tamamilə yenidən qurulub. Burada balacaların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Otaqlar hər bir avadanlıqla təmin edilib. Bu cür yüksək şərait fidanları çox sevindirir. Biz valideynlər gələcəyimiz olan uşaqlara yaradılan bu şəraitə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.
# 867
avatar

Oxşar yazılar