Paytaxtdakı qiymətlər rayonlardakından 3 dəfə artıqdır -<span style="color:red;"> EKSPERT
13 sentyabr 2019 14:24 (UTC +04:00)

Paytaxtdakı qiymətlər rayonlardakından 3 dəfə artıqdır - EKSPERT

Maaşların bu aydan artımla veriləcəyi düşüncəsi, eyni zamanda mövsüm dəyişikliyi bazarlarda qiymət artımı şəklində özünü göstərir. Qiymətlərin artmasına təsir edən əsas amil maaşların artması, payızın gəlişi, yoxsa sahibkarın öz ideyasıdır?
 
Lent.az-ın mövzu ilə bağlı sualını iqtisadçı-ekspert Vüqar Bayramlı cavablandırıb.
 
Müsahibimizin sözlərinə görə, ümumilikdə qiymət artımı ilə bağlı aparılan monitorinqlər göstərir ki, əsas səbəblərdən biri fermer təsərrüfatlarının bazarlara çıxışının məhdud olmasıdır.  Hava şəraiti ilə bağlı bostan məhsullarının bazara çıxarılmasında yubanmalar olduğunu deyən iqtisadçı bunlarla yanaşı, digər məqamlara da toxunub: “Rayonlardakı qiymətlərlə paytaxt bazarlarındakı qiymətlər arasında bəzi hallarda 3 dəfəyə yaxın fərq olur. Paytaxt bazarlarında qiymətlərin daha yüksək olduğunu müşahidə edirik. Kənd təsərrüfatı məhsullarını yetişdirən fermerlərin paytaxt bazarlarına çıxış imkanlarındakı maneələr mövsüm dövründə qiymətlərin daha yüksək olmasına səbəb olur. Hətta baş nazirin müavini də kənd təsərrüfatı məhsullarının qiymətinin yüksək olduğunu vurğuladı. Kənd təsərrüfatı malları ilə yanaşı,  digər məhsulların qiymətlərində də artımlar müşahidə olundu”.
 
Azərbaycanda əməkhaqqı və pensiyaların artırılması ilə bağlı qərar qəbul edilən zaman əhalinin artırılan maaşların alınmasından əvvəl qiymət artımının başlamasının təəssüf doğurduğunu vurğulayan Vüqar Bayramlı süni qiymət artımı problemindən danışıb: “Sahibkarlar maaşların, pensiyaların artacağı ilə bağlı xəbərləri alan kimi məhsulların qiymətini artırmağa çalışırlar. Bu, süni qiymət artımları kimi də xarakterizə olunur. Amma düşünürəm ki, reallıqda qiymət artımlarının əsas səbəblərindən biri də istehlak bazarında rəqabətin zəif olmasıdır. Rəqabətin gücləndirilməsinə ehtiyac var. Əmək haqqı artırıldığı zaman sahibkarlar süni qiymət artımına getməməlidir ki, rəqabət nəticəsində qiymətlərin optimallaşdırılması və ya qarşısının alınması mümkün olsun. Məsələn, qeyd etdiyim kimi, son sosial paketin təqdimatından sonra qiymət artımlarını müşahidə etdik. Biz o zaman qiymətlərin monitorinq edilməsi və bazar qanunları çərçivəsində qiymət artımının qarşısının alınmasını təklif etmişdik. Apardığımız monitorinqlər də göstərir ki, kənd təsərrüfatı məhsullarının, eləcə də bir sıra ərzaq məhsullarının qiymətlərində artımlar var.  Bu qiymət artımlarının xeyli qismini sahibkarlar süni şəkildə həyata keçirir. Çünki həmin məhsula çəkilən xərcdə kəskin artımlar müşahidə olunmayıb. Ona görə də monitorinqlər davam etməlidir”.
 
Ekspert bildirib ki, bazar qanunları çərçivəsində iqtisadiyyat bazarına müdaxilə məqsədəuyğundur. Onun sözlərinə görə, gələcəkdə də sosial paketlər təqdim olunan zaman qiymət artımının baş verməməsi üçün istehlak bazarında rəqabətin gücləndirilməsi və xüsusilə də fermerlərin paytaxt bazarlarına çıxış imkanının artırılmasına ehtiyac var.
# 1301
avatar

Aygün İbrahimli

Oxşar yazılar