205
19:33
04 Sentyabr 2019

Kukla Teatrı yeni mövsümə yeniliklərlə gələcək

Yeni və fərqli səhnə nümunələri vəd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti sevimli tamaşaçıları qarşısına sentyabrın 15-də çıxacaq.

Lent.az a teatrdan verilən məlumata görə, həmin gün balaca tamaşaçılar repertuarında xüsusi yeri olan “Cırtdan” tamaşasını 3 seans olmaqla (12 və 14.00 Azərbaycan, 16:00 rus dilində) izləmək imkanı qazanacaqlar.

Yeni tamaşalara gəlincə, teatrda Azərbaycan xalq nağılı “Yeddi nar çubuğu” əsasında yeni nümunə hazırlanır.

Səhnələşdirəni Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə olan tamaşa ilin sonunadək teatrsevərlərin ixtiyarına veriləcək.

Tam müasir tərtibat, yeni səhnə vasitələrinin tətbiqi ilə ərsəyə gələcək tamaşada klassik nağıl-tamaşa, vizual elementlərlə ənənəvi kukla üslubunun sintezi təqdim olunacaq.

İlin sonunadək “Kitabi-Dədə Qorqud” dastanı əsasında türkiyəli dramaturq Hasan Erkekin yazdığı “Adını qazanan oğlan” pyesi də səhnə həllini tapacaq. Tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verir.

Qəhrəmanlıq, sədaqət və cəsarətin tərənnüm olunduğu səhnə nümunəsinin quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

IV rübün son tamaşası isə A.S. Puşkinin “Balıqçı və balıq” nağılı əsasında hazırlanacaq “Qızıl balıq”dır. Bu tamaşa da Anar Məmmədovun quruluşunda hazırlanacaq. Səhnə işinin quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqi tərtibatlı tamaşa tam klassik kukla sənəti estetikasında hazırlanır.

Rəngarəng repertuar ənənəsinə sadiq qalan teatrda “Biri vardı, biri yoxdu” adlı nağıl-tamaşa da hazırlanacaq. Qurban Məsimovun Azərbaycan xalq nağıllarının məşhur personajlarının səhnə şousu adlandırdığı bu nümunə daha çox festivallar üçün nəzərdə tutulur.

Teatrda klassikləşən tamaşaların yeni səhnə həyatı qazanaraq təqdim olunması da artıq ənənə halını alıb. Bu işin davamı olaraq repertuarda xüsusi yeri olan, lakin özünün tərtibat baxımından ömrünü başa vuran “Qoçaq Əhməd” və “Məlikməmməd” tamaşaları da tam yeni səhnələşdirmə və quruluşda yenidən balacaların görüşünə gələcəklər.

Dövlət Kukla Teatrının repertuarında olduğu kimi, yaradıcı heyətində də yeniliklər var. Belə ki, bədii və texniki heyətlə yanaşı aktyor truppasına da gənc aktyorlar cəlb olunub. Bu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” ixtisası üzrə iki məzunu – Ramiz Qəmbərov və Yasin Abbasov teatr səhnəsində çıxış edəcəklər.