190
16:56
02 Avqust 2019

Jurnalist olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 1-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.
Bu barədə Lent.az -a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, abituriyentlər DİM-in saytında (https://eservices.dim.gov.az/2019/netbakjur/?frm=egov) imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 486 abituriyentdən 110 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 376 abituriyentdən 344 nəfəri “məqbul” qiymət alıb.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.
Abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10:00-dan 17:00-dək) Mərkəzin A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (keçmiş Asiya Universitetinin binası) Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 3 və 4 avqust tarixlərində qeyd olunan ünvanda şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.