300
12:28
23 İyul 2019

Azərbaycanda bu dərmanlar istehsal olunacaq - RƏSMİ

Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC-nin Dərman vasitələrinin istehsalı zavodunun bu ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulub.

Bununla bağlı Lent.az -ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirilib ki, ümumillikdə sənaye parkında qeydiyyatdan keçən Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC-nin və Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” QSC-nin dərman istehsalı zavodlarında əsasən ağrıkəsicilər, iltihab əleyhinə, antibiotik, antihistamin, kardioloji, antidepresant, antiepileptik dərmanların istehsalı planlaşdırılır.

Pirallahı Sənaye parkında qeydiyyatdan keçmiş müəssisələrin mövcud layihələri üzrə xroniki xəstələr üçün hormonların, o cümlədən insulinin istehsalı nəzərdə tutulmur.

Qeyd edək ki, Azərbaycanda əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin təklifləri əsasında Azərbaycan Prezidenti tərəfindən “Pirallahı Sənaye Parkının yaradılması haqqında” 2016-cı ildə Sərəncam imzalanıb. 30 hektar ərazidə yaradılmış sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur xidmətləri və digər xidmətlər göstərilir.

Hazırda Pirallahı Sənaye Parkında 5 müəssisə rezident kimi qeydiyyatdan keçib.