455
21:55
06 İyul 2019

Azay Quliyev ATƏT PA-da qəbul olunan Azərbaycan üçün əhəmiyyətli Qətnaməni şərh edb

Xəbər verildiyi kimi, bu gün Lüksemburqda ATƏT PA-nın 28-ci İllik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında Azərbaycan üçün olduqca əhəmiyyətli məqamların əks olunduğu Qətnamə qəbul olunub. Beləki, dünən irlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsi dinlənilib.
Lent.az xəbər verir ki, dondurulmuş münaqişələr məsələsinə toxunan bu məruzədən sonra təklif olunmuş Yekun Qətnaməyə müzakirəyə çıxarılıb.
Gərgin keçən müzakirələrdən sonra az müddət öncə Qətnamə qəbul edilib. İlkin anlaşılan odur ki, Qətnamədə Azərbaycan üçün xüsusi əhəmiyyətli məqamlar əks olunub. Bu barədə Nümayəndə heyətinin üzvü, ATƏT PA vitse- prezidenti Azay Quliyev tvitter-də paylaşım edib. Həmin tvitdə qeyd olunub: “Bu gün ATƏT PA razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yol verilməz olduğu, heç bir şərt irəli sürmədən münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmasının vacibliyini öz qərarı ilə təsdiqlədi”
Məsələyə tam aydınlıq gətirmək üçün sessiyada iştirak edən, millət vəkili Azay Quliyevin özü ilə əlaqə saxladıq. O, Qətnamənin vacibliyi haqda danışdı və aşağıdakı şərhi verdi:
“Qətnamənin 19-cu maddəsində ATƏT PA bir daha “münaqişələrin həlli üçün razılaşdırılmış formatlar çərçivəsində nəticələrin əldə edilməsinə yönələn danışıqların intensivləşdirilməsini təşviq edir və tərəfləri dayanıqlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət şəraitində şərtsiz olaraq xoş məramla danışıqlarda iştirak etməyə çağırır”.
Bu bənd öz növbəsində bir daha Azərbaycanın və münaqişələrdən zərər çəkmiş digər ATƏT ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin onların ərazi bütövlüyü və beynəlxalq hüququn digər bazis tələbləri çərçivəsində həll olunmasının mümkün olmasını təsdiqləyir.
Qeyd olunması vacib olan digər prinsipial məqam isə ondan ibarətdir ki, burada mövcud danışıqlar formatının dəyişməzliyi xüsusi olaraq Assambleya tərəfindən qeyd edilmişdir ki, bu da Ermənistanın hakim dairələrinin mövcud status-kvo vəziyyətini süni şəkildə qorumaq üçün istifadə etdiyi daha bir əsas alətinə - separatçıların danışıqlar masası arxasına gətirilməsi cəhdlərinə olan ümidlərini də heçə endirir.
Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alsaq əminliklə deyə bilərik ki, Assambleyanın 28-ci İllik Sessiyasında qəbul olunmuş bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyin göstərilməsinin öz üzərinə götürən ATƏT və onun Parlament Assambleyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə tam olaraq sadiq qalmasının göstəricisidir”.
Sessiya öz işini davam etdirir.