213
09:00
04 İyul 2019

Uşaq bezlərinin ziyanları

“Uşaqlar üçün bez seçimində valideynlər ilk növbədə keyfiyyət məsələsinə üstünlük verməlidirlər. Valideynlər ucuz və keyfiyyətsiz bezlərdənsə daha rahat, mayeni özünə çəkə bilən və dermatitə səbəb olmayan keyfiyyətli bezlərə üstünlük verməlidirlər ki, problemlə üzləşməsinlər”.

Bunu həkim-pediatr Günay Rəsulova açıqlayıb. Onun sözlərinə görə, bez uşağın ayına, çəkisinə uyğun düzgün seçilməlidir: “Bəzən uşağın yaşı az olsa da, çəkisi çox olur. Valideyn də bezi sırf uşağın yaşına uyğun alır. Bez bu zaman körpəni sıxır, narahatlıq yaradır. Bez tez-tez, vaxtlı-vaxtında dəyişdirilməlidir. Bəzən uşağa səhər taxılan bezi axşam çıxarırlar. Bu, doğru deyil. Bu zaman dəri nəm qalır, nəmlik isə dəridə göbələk infeksiyasının əmələ gəlməsinə şərait yaradır. Bezlə təmasda olan dəridə qaşınma, dəri problemləri, infeksiya yaranır. Bunların olmaması üçün bezdən düzgün istifadə önəmlidir. Bez vaxtlı-vaxtında dəyişdirilməlidir”.

Pediatr deyib ki, uşağı bezdən erkən çıxarıb, tualet vərdişi öyrədilməlidir.

Bezin oğlan uşaqlarında sonsuzluq yaratması barədə fikirlərə münasibət bildirən G. Rəsulova bunların həqiqəti əks etdirmədiyini açıqlayıb: “Bezlərin oğlan uşaqlarında bilavasitə sonsuzluğa səbəb olduğu həqiqətə uyğun deyil. Oğlan uşaqlarında sperma pubertat dövrdə əmələ gəlir. Bu səbəbdən körpəlikdə istifadə edilən bezin sonsuzluq yaratması mümkün deyil. Ancaq uzun müddət bezdən istifadə həm qız, həm oğlan uşaqlarında sidik yolu infeksiyasına səbəb ola bilər”. Həkim qeyd edib ki, bu infeksiya bəzi uşaqlarda bir əlamət - sidikdə qoxu ilə də keçə bilər. Sidik yolu infeksiyası isə böyrəklər üçün təhlükəli vəziyyətdir...

e-tibb.az