“Kənd təsərrüfatı texnikasının hərəkəti, eləcə də daşınmaların hamısı qanunvericiliklə tənzimlənir. Məsələn, “Yol hərəkəti haqqında”, “Avtomobil nəqliyyat haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda bunlar öz əksini tapıb”.
Bu sözləri
Lent.az-a açıqlamasında nəqliyyat üzrə ekspert
Ərşad Hüseynov deyib. O bildirib ki, bu cür texnikaların ağır yol-nəqliyyat hadisələrinə səbəb olmaması üçün özəlliklər nəzərə alınmalıdır:
“Texnikanın, yükün, xüsusən də texnikaların ölçüləri nəzərə alınmaqla daşınma işləri aparılmalıdır. Ümumiyyətlə, ölkəmizdə yükdaşımalar təkcə kənd təsərrüfatı texnikaları ilə yox, təxminən 85 %-ə yaxını avtomobil nəqliyyatı ilə daşınır. Məsələn, kombayna fikir versəniz görərsiniz ki, kombayn tam işlək vəziyyətdə olanda taxıl biçən hissəsi böyük – təxminən 3-4 metr (növlərindən fərqli olaraq böyük və kiçik ola bilər) olur. Bu cür hallarda kombaynların yollara çıxması üçün xüsusi icazə tələb olunur”.
Ə.Hüseynov qeyd edib ki, mövzu ilə əlaqədar bir neçə dəfə Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Yol Polisi mütəxəssisləri ilə müzakirələr aparılıb:
“Yaxşı olar ki, kombaynlar bir sahədən digər sahəyə əgər magistral xarakterli yollara çıxmaqla getməlidirsə, burada xüsusi icazə verilməli və hətta onlar müşahidə ilə aparılmalıdır. Onları müşahidə edilməsində isə Dövlət Yol Polisi əməkdaşları və ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının Mühafizə Xidməti MMC-nin əməkdaşları iştirak edə bilərlər. Ancaq yaxşı olar ki, burada yol polisi əməkdaşları iştirak etsinlər. Çünki belə olarsa, sözügedən avtomobillər öndən gedərək xüsusi işıq cihazlarını aktivləşdirərək bunu təşkil edə bilərlər. Bu zaman həm digər sürücülər diqqətli olarlar, həm də kombayna nəzarət olduğu üçün o yolun ortası ilə yox, kənarı ilə hərəkət edər ki, bu da digər avtomobillərin hərəkətinə mane olmaz”.
Nəqliyyat üzrə ekspert həmçinin deyib ki, əgər kombayn uzaq məsafələrə gedəcəksə, onu xüsusi daşıyıcı platforma qoşqulara yükləyib aparmaq da mümkündür:
“Bu zaman taxıl biçən hissə açılaraq, yük kimi götürülür, eləcə də kombayn özü də ayrıca olaraq daşınılır. Daha sonra isə çatdıqdan sonra kombayn quraşdırılır və istifadə edilir. Ancaq burada problem budur ki, bu cür qoşqu vasitələri azdır və qiymətləri də bahadır. Məsələn, Salyandan Yevlaxa kombaynın daşınması üçün 500-600 AZN pul tələb edilir ki, bu da sərfəli deyil.
Düşünürəm ki, uzaq məsafələr üçün Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC də kənd təsərrüfatı texnikalarının hərəkətini təşkil edə bilər”.
Ekspert son olaraq əlavə edib ki, texnikaların hərəkəti üçün ən yaxşı vaxt gündüzdür və bu zaman təhlükəsizlik təmin oluna bilər. Bundan başqa qətiyyən gecə vaxtı, eləcə də dumanlı, çiskinli havada texnikaların magistral yollara çıxması olmaz.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsindən yayılan məlumatda bildirilib ki, yay mövsümünün başlanması ilə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, habelə bu sahədə çalışan insanların əkin sahələrinə gediş-gəlişi artması ilə bağlı baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün yol hərəkəti qaydalarına ciddi əməl edilməli, sürücülərin magistral yollarda nəqliyyatı idarəetmə vərdişləri, texnikanın saz vəziyyətdə olması daim diqqət mərkəzində saxlanılmalıdır.
Həmçinin belə halların baş verməməsi üçün kənd təsərrüfatı təyinatlı texnika daim saz vəziyyətdə saxlanılmalı, adamların və məhsulun daşınması zamanı təhlükəsizlik qaydalarına riayət edilməli, əvvəlcədən müəyyənləşdirilmiş hərəkət marşrutlarından kənara çıxmamalı və sürət rejiminə əməl olunmalıdır. Kənd təsərrüfatı texnikasının mütəşəkkil nəqliyyat dəstəsində müşayiəti ilə bağlı müraciət olunarsa, Dövlət Yol Polisi bütün lazımi tədbirləri həyata keçirməyə hazırdır.