<span style="color:red;">Azərbaycanlı “Müsyö Jordan” : “Kafe-restoranların əksəriyyətində sumax adına bilirsiniz nə verirlər?" - <span style="color:red;">Səbuhi Məmmədli yazır
25 iyun 2019 16:55 (UTC +04:00)

Azərbaycanlı “Müsyö Jordan”: “Kafe-restoranların əksəriyyətində sumax adına bilirsiniz nə verirlər?" - Səbuhi Məmmədli yazır

Ona Ağsunun “Müsyö Jordan”ı deyirlər. Bu adı əbəs yerə qazanmayıb. Abdulladır adı. Düzü, rəsmi soyadını heç soruşmadım da. Amma ədəbi təxəllüsü Sanqalanlıdır. Çünki şeir də yazır arada. 
 
Ağsuda təsadüfən tanış olmuşduq Abdullayla. Yerli mədəniyyət evində çalışır. Amma özünün dediyi kimi, bütün günü dağlarda, çöllərdə, meşələrdədir. Hər gülün, çiçəyin dilini bilir. Deyir, ulu babalarımız öz azar-bezarlarını bu bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. 
 
 
“Hər bitkinin, hər gülün öz xüsusiyyəti var. Hərəsinin öz hazırlanma qaydası var. Amma bir məsələ də var ki, onlardan ifrat dərəcədə istifadə etəmək olmaz. Onların yığılma, saxlanma qaydası var. Və hamısı da fərqli-fərqli. Məsələn, gülxətmi. Mədə-bağırsağın, qaraciyərin, ödün dərmanıdır. Amma onu, sadəcə qurudub, sonra üstünə qaynar su töküb içmək olmaz. Gülxətmi çayı ancaq onun çiçəklərindən hazırlanır. Bir stəkana bir çay qaşığı tökürsən, ancaq soyuyanda içirsən. Gündə 3 dəfə, çox yox. Azca bal da qatırsan, dadından doymaq olmur”.
 
Abdulla deyir ki, bir azdan Sanqalan dağı qırmızıya boyanacaq. Çünki sumax gül açacaq. 
 
“Sumaxın xeyrindən danışım sənə. Qanda şəkərin miqdarını azaldır. Ürəyə xeyirdir. Qanı təmizləyir. Qara ciyərin dərmanıdır. Hətta ana südünü belə artırır. Amma onun da yığılma və saxlanma qaydası var. Sumax, əsasən iyulun sonlarında tam yığıma hazır olur. 1 kiloqram sumax meyvəsindən təxminən 150-200 qram sumax alınır ədviyyat kimi. Amma söhbət ondadır ki, sumax yığıldıqdan sonra bir müddət qurudulmalıdır. Sonra döyülür. Daha sonra kisələrə yığılıb, bir də döylür. Ondan sonra döyülmüşü əzilir. Toz halına salınır. Bununla da bitmir. Ən son mərhələdə ələkdən keçirilir. Əsil sumağın bir kilosu 35-40 manatdır. Nəinki Bakıda, Azərbaycanda kafe və restoranların əksəriyyətində süfrəyə verilənin sumaxa heç bir adiyyyatı yoxdur. Sumaxı dodağa vuran kimi acı dadır. Və xüsusi tamı var. O sumax deyil.  Tərkibinə azca sumax qatılmış yonqardır. Və ya Allah bilir nədir. Sumaxdan bir çimdik götürüb yeməyin üstünə tökürsən, adamın barmaqlarından rəngi getmir. Bizim kafe-restoranlarda verilən sumaxın rəngi çıxmır heç”. 
 
Abdulla deyir ki, ürəyin dərmanlarındn biri yemişandır. Ürəkdə xoşagəlməz hissələri aradan qaldırır, aritmiyanı aradan götürür, təzyiqi aşağı salır. 
 
“Onun meyvəsi də xeyirlidir, çiçəyi də. Yaxud biri bu şalfey. Qutusunu apteklərdən Allah bilir neçəyə alırsız. Amma buralar doludur. Yığmaqla qurtarmaz. Yarpağından da istifadə etmək olar, çiçəyindən də. Öskürək vaxtı boğaz iltihabına qarşı qarqara etmək məsləhətədir, dişi müalicə edir, yaddaşa da xeyirdir. Hazırlanma qaydası da asandır. Bir yemək qaşığı şalfeyə bir təkan qaynar su tökürsən. Gündə bir neçə dəfə içirsən. Şalfey yabanı da bitir, onu plantasiya şəraitində yetişdirmək də olur. Bir dəfə əksən, 10 ilə yaxın məhsul götürə bilərsən. Yəni bu işlə məşğul olub külli-miqdarda qazanc götürmək də mümkündür”. 
 
Abdulla əlini gicitkana uzadır. Əl-ayağımıza dolaşan bu alaq saydığımız bitkinin elə faydaları varmış ki? Sən demə, gicitkan qanı təmizləyir və qansızlığa yaxşı təsir edir, sidik yolu xəstəliklərinin sağaldır. 
 
Bundan başqa, gicitkanotu çayı, jenşen və darçın kimi immuniteti gücləndirir. Çox bitkidən, onların faydasından danışır Abdulla. Hansının adını çəkim? Öküzotudan, bağayarpağıdan, biyandan, dazıotundan, əzvaydan, pişikdilidən, zəncirotudan… daha nələrdən, nələrdən. Hərəsinin də bir fayadası. Yazmaqla bitməz. Abdulla isə durmur, elə hey danışır. Əslində haray çəkir bəlkə də. Azərbaycan torpağınnın üstündə bilmədiyimiz nələr varmış. Nələrlə minlərlə insanın həyatına həyat qatmaq olarmış. Hə, sonda bir məqamı da soruşduq. Görəsən, bizim apteklərdə satılan dərman otlarını necə, almaq məsləhətdirmi? Abdulla deyir ki, əslində olar. 
 
“Kimyəvi tərkibli dərmanlardansa, onların alternativindən istifadə etmək daha məqbuldu. “Amma onların hazırlanma qaydasını gərək düzgün edəsən. Bunu isə çox adam bacarmır…”
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1984

Oxşar yazılar