Elmar Məmmədyarovla ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl arasında görüş olub
20 iyun 2019 05:41 (UTC +04:00)

Elmar Məmmədyarovla ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl arasında görüş olub

 

Vaşınqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heylin görüşü baş tutub.

Lent.az xəbər verir ki, görüşdə tərəflər ikitərəfli əməkdaşlığının siyasi gündəliyinə daxil olan bir sıra məsələləri müzakirə ediblər. Azərbaycan-ABŞ münasibətlərinin əsas cəhətləri, əməkdaşlığın inkişaf etdirilməsi üzrə prioritet istiqamətlər və son zamanlar əməkdaşlıqda artan dinamika barədə geniş fikir mübadiləsi aparılıb.

Bölgədə mövcud olan vəziyyət barədə danışan iki dövlət rəsmisi həlli uzadılmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti və prosesin irəli aparılması üçün atılmalı zəruri addımları müzakirə ediblər. Hər iki tərəf ATƏT-in Minsk Qrupu çərçivəsində hal-hazırda aparılan danışıqlar prosesinə dəstək ifadə edib.

Azərbaycanın Əfqanıstandakı əməliyyatlar kontekstində göstərdiyi dəstək ABŞ tərəfindən yüksək qiymətləndirilib və bu xüsusda ölkəmizin strateji önəmi Dövlət Katibinin müavini tərəfindən vurğulanıb.

Tərəflər habelə bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələrini, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.

# 616
avatar

Oxşar yazılar