Bu gün
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə mətbəximizdə sosial şəbəkədə " Biş-düş Babayeva" adı ilə məşhur olan usta Vəfa Babayeva sizə supanglenin xüsusi hazırlanma üsulunu öyrədəcək.
Supanglenin hazırlanması:
Içindəkilər:
Biskivit
3 yumurta, 0,5 st şəkər tozu, 0,5 st un, 1 xq kakao, ¼ çq vanil, 1 çq qabartma tozu.
Pudinq
4 st süd, 2 yumurtanın sarısı, ¾ st şəkər tozu, 2-xq un, 2 xq kakao, ½ çq vanil, 1 plitka şokolad, 1 paket krem şanti, 1 st süd.
Hazırlanması:
İlk öncə biskviti hazırlamaq üçün bir qab götürüb yumurtaları sındırırıq, şəkər tozu əlavə edib qarışdırırıq. Sonra qabartma tozu, vanil və kakaonu qatırıq və birlikdə qarışdırıb unu tökürük. Xəmiri hazırlayıb, bişirəcəyimiz qaba əlavə edib sobaya yerləşdiririk. Biskvit hazır olduqda, onu soyumaq üçün kənara qoyub pudinqi hazırlayırıq.
Pudinqi hazırlayacağımız qaba südü və yumurtanın sarısını əlavə edib birlikdə qarışdırırıq. Sonra şəkər tozunu töküb çalırıq. Daha sonra məhsulu qarışdıra-qarışdıra, unu və kakaonu tökürük. Birlikdə həll edib ocağa qoyub bişiririk, bişirərkən də qarışdırmaq lazımdır ki, qazanın dibinə yapışmasın. Pudinq hazır olduqdan sonra ocaqdan götürüb, vanili və şokoladı əlavə edib kənara qoyuruq ki soyusun.
Sonra krem şantini 1 stəkan soyuq südlə qatırıq. Hazırladığımız krem şantidən 3 x.q pudinqə əlavə edirik. Sonra soyumuş biskvitləri parçalayıb qablara qoyuruq üstündən isə pudinqi və krem şantini tökürük. Hazırladığınız supangleni 2-3 saat soyuducuda saxlayıb süfrəyə verə bilərsiz.
Hazırlayan hər kəsə nuş olsun!