Allahşükür Paşazadənin anadan olmasının 70 illiyinə həsr olunmuş regional konfrans keçirilib
08 iyun 2019 18:38 (UTC +04:00)

Allahşükür Paşazadənin anadan olmasının 70 illiyinə həsr olunmuş regional konfrans keçirilib

Lənkəran rayonunda  Dini Qurumlarla İş üzrə dövlət Komitəsi (QİDK), Lənkəran Şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Şeyxülislam Allahşükür Paşazadə-70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda regional konfrans keçirilib.

Lent.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin rəhbər işçiləri, Milli Məclisin üzvləri, tanınmış ictimai-siyasi xadimlər, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının din xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini yad ediblər.

Konfransda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyəti ilə bağlı məruzəsi dinlənilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq ilk tədbirin onun doğulub boya-başa çatdığı Lənkəranda keçirilməsi rayon sakinləri tərəfindən sevinclə qarşılanıb.

Konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanda beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafı, eləcə də ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılması sahəsindəki səmərəli xidmətlərindən danışıb.

Bildirib ki, Şeyxülislam A.Paşazadə istər Azərbaycanda, istərsə də regionda baş verən mühüm hadisələr zamanı sülhməramlı missiya daşıyıb, xalqın həyatında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əhəmiyyətli rol oynayıb: “Ötən əsrin 80-90-cı illərində xalqımızın öz soykökünə, mənəviyyatına, dilinə, dininə qayıdışında Şeyxülislamın şəxsi rolunu, onun rəhbərlik etdiyi dini idarənin əməli fəaliyyətini görməmək mümkün deyil. O, Azərbaycanda baş verən daxili çəkişmələrə, müstəqilliyimizə kölgə salanlara qarşı din xadimi kimi, vətəndaş kimi öz qəti mövqeyini nümayiş etdirib”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin qurulmasında da Şeyxülislamın xidmətləri danılmazdır.

Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Fəzail Ağamalı, Fəzail İbrahimli, QMİ-nin Masallı bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, QMİ-nin Lənkəran bölgəsi üzrə qazisi Qəni Axundzadə Şeyxülislam Allahşükür Paşazadəni 70 illik yubileyi münasibətilə təbrik edərək onun xidmətlərindən danışıblar.

QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ulu Öndərlə bağlı xatirələrindən danışıb. Bildirib ki, Heydər Əliyev Böyük Yaradanın Azərbaycana bəxş etdiyi ən böyük pay idi.

Tədbirdə qeyd olunub ki, dünyanın bir çox ölkələrində mənəvi dəyərlərə qarşı savaş açıldığı, islamofobiya, antisemitizm zəminində təqiblərin, terrorun, ekstremizm və radikallığın artdığı mürəkkəb zamanda müxtəlif qitə nümayəndələrinin, din və mədəniyyət təmsilçilərinin Azərbaycan Prezidentinin elan etdiyi multikulturalizm, İslam həmrəyliyi kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi dövlətimizin uğuru, həyata keçirilən siyasətin təntənəsidir.

Çıxışlardan sonra konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Sonda Şeyxülislam Allahşükür Paşazadəyə Lənkəranda toxunmuş xalça hədiyyə edilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899

Oxşar yazılar