573
12:54
17 May 2019

YAP-çı deputatdan Böyük Britaniya XİN-ə ETİRAZ

“Millət vəkilləri, elə məsələlər var ki, burada deyilməlidir, “Facebook” səhifələrində deyil”.
ONA -nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov söyləyib.
S.Novruzov deyib ki, ölkəmizin ərazi bütövlüyü ilə bağlı Brüsseldə aparılan danışıqlarda Azərbaycana təzyiqlər olur: “Biz belə məsələləri ortaya qoymalıyıq. İdman oyununu da siyasətə qatırlar. Böyük Britaniyanın ən böyük şirkəti Azərbaycanda on illərdir ki, işləyir. Azərbaycanda neft çıxaranda təhlükəli deyildi, “Arsenal” komandası gələndə təhlükəli olur? Biz bu məsələləri deməliyik. Niyə Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsi olduğu halda, belə ədalətsiz fikirlər səsləndirilir? Deyirlər ki, Azərbaycanın hava məkanında yük daşınmasında problemlər var. Azərbaycan üzərindən NATO-nun yükləri Əfqanıstana daşınanda problem yox idi. Ancaq iki ingilis komandası Bakıya gələndə təyyarə reyslərinin gediş-gəlişi vaxtında olmur, havada problem yaranır: Yaxud erməni lobbisi bəzilərini küçələrə çıxarır, sapı özümüzdən olan baltalara 5 manat verib, bizə qarşı istifadə edirlər”.
YAP icra katibinin müavini bildirib ki, Azərbaycana qarış qüvvələr eyni vaxtda hərəkətə gəlirlər: “Belələrinin düymələri bir yerdən sıxılır. Bütün Azərbaycan cəmiyyəti Prezidentin siyasətini dəstəkləyir. Biz sinəmizi qabağa verib, elə dövlətlərə, siyasətçilərə, idman təşkilatlarına cavab verməliyik. Bu oyunlar artıq qurtarıb, XXI əsrdə yaşayırıq. Belə məsələləri pərdələmək olmaz. Azərbaycanda xalqla iqtidar birliyi var”.