[b]Elxan Cəfərov: “Rus rejissor dedi ki, bizi fakt qarşısında qoymusunuz” - MÜSAHİBƏ[/b]
11 may 2019 09:54 (UTC +04:00)

[b]Elxan Cəfərov: “Rus rejissor dedi ki, bizi fakt qarşısında qoymusunuz” - MÜSAHİBƏ[/b]

Hələ uşaqkən baş rollarda çəkildiyi “Hazır ol, əlahəzrət”, “Şir evdən getdi”, “Mən mahnı qoşuram”, “Bağ mövsümü” kimi filmləri görməyən kəs, sonradan rejissoru olduğu “Dolu”, “Yarımçıq xatirələr” kimi bədii filmləri görmüş olar. Bir sözlə, aktyor, rejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərovu tanımayan tapılmaz. Mənə elə gəlir ki, gözümüzü açandan tanıyırıq onu. Sevimli qəhrəmanımızdır. O qədər onun obrazlarına baxıb özümüzü o filmlərdə, onun yanında hiss etmişik ki. Bu günlərdə 52 yaşı tamam oldu. Beləcə, bütün yaradıcılığı, həyat yolu gözlərimiz önündədir. Uşaqlıqdan məskəni olan “Azərbaycanfilm” kinostudiyasında görüşdük onunla.  

 

- Xeyir ola, kinostudiyadasız, nə isə iş var?

 

- Mən həmişə kinostudiyadayam, burda iş oldu, olmadı. Ümidliyəm ki, bu yaxınlarda yeni layihə üzərində işə başlayacam. Hansı layihədir, bilmirəm. Olacaqmı, onu da dəqiq bilmirəm.

 

- Dəqiq heç nə yoxdur, amma ümidliyəm deyirsiniz. Qəribədir.

 

- Hə, həmişə beləyəm. Amma kinostudiyada son hadisələrdən sonra bir canlanma var. Prezidentin incəsənət xadimləri ilə görüşündən sonra kinostudiyanın içində fəal hərəkət başlayıb. Xırda hüquqi proseslər qalıb ki, böyük filmlərin istehsalına başlansın. Qısametrajlı filmlər artıq çəkilir. Böyük metrajlı filmlər maliyyə, hüquqi işlərin bitməsini gözləyir.   

 

- Nə olacaq, necə olacaq bəllidir kimi danışırsınız.

 

- Bu saat Mədəniyyət Nazirliyinə ssenari axını var. Müxtəlif mövzularda ssenarilər daxil olub. Hətta yalnız ssenarilər deyil, povest və hekayələr daxil olur ki, onlardan ssenari yazmaq olar.

 

- Siz də vermisiniz?

 

- Yox, mən ssenari gözləyənəm ki, versinlər, çəkim. Hər şey həyati təsadüflərdən asılıdır. Bütün təsadüflər üst-üstə düşəndə biz də film çəkəcəyik. Əsas odur ki, dövlət olaraq, cəmiyyət olaraq salamat olaq. Son vaxtlar baş verən intiharlar, qətllər cəmiyyətə böyük zərbədir. Çox ümidliyəm ki, bunlar hamısı arınıb təmizlənəcək.

 

- Sanki demək istəyirsiz ki, cəmiyyətdəki mənəvi çaxnaşmalar durulanda yaxşı kino da olacaq.

 

- Əslində, bunlar hamısı sıx bağlıdır. Adətən deyirlər ki, sənətkar sənət əsərini ən ekstremal vəziyyətlərdə yaradar. İnsanlıq nəzərindən ən gözəl mədəniyyət və ədəbiyyat nümunələri məhz XVI əsrdə Avropanın çiçəklənən vaxtında meydana gəlib – intibah dövrü. Azərbaycanda bu dövr 1950-60-cı illərə təsadüf edir. Əlbəttə, incəsənət ovqat məsələsidir. İnsanların kinoteatra getmək istəyi olmasa, gedib kinoya baxmağa onu heç nə vadar edə bilməz. İncəsənətin inkişafı üçün mükəmməl cəmiyyət quruculuğu olmalıdır. Bu o da demək deyil ki, fərdi nümunələr yaranmaz, yaranar. Mən cəmiyyət adamıyam. Ziyalının daxili bir vəzifəsi də olmalıdır. Rejissorsan, kino çəkirsən, bununla işini bitmiş hesab etmək olmaz. Çək, amma cəmiyyətə xeyrin olsun də. Özünü vətəndaş kimi dərk etməlisən. Yanında bir gənc yanlış yoldadırsa, ona deməlisən bunu, düz yolu göstərməlisən. Susmağın da yeri var. Hər bir azərbaycanlı xoşbəxt olanda biz də xoşbəxt olarıq.

 

- Ziyalı mövqeyidir. Cəmiyyətdə baş verənlər sənətkara təsirini göstərir, bu başqa, amma intibah dövrü üçün cəmiyyətə rahatlıq lazım deyilmi?

 

- Tamamilə doğru. Bu, həm də toyuq-yumurta məsələsidir. Cəmiyyətdə də rahatlığı yaradan qüvvə incəsənətdir. İncəsənət qəlb oxşayandır. Eyni zamanda, kütləvi tərbiyə vasitəsidir. Hər birimiz ictimai münasibətlərdəyik və bundan məmnunuq. İbtidai insandan fərqimiz budur. İncəsənətin, mədəniyyətin cəmiyyətə təsiri olmalıdır ki, mədəniyyət gözəl məqama çatsın. Cəmiyyət gözəl məqama çatanda mədəniyyətdə də şedevrlər yaranır. Kənar müdaxilə prosesin özü-özünü inkişaf etdirməsinə təkandır. İnsan düşüncəsinə kütləvi surətdə təsir etmək incəsənətin funksiyasıdır. Hamını birləşdirən incəsənətdir. Elmdən, idmandan, müxtəlif sahələrdən hamı anlamaya bilər, amma incəsənət hamı üçündür.  

 

- Dövrümüzdə bir fikir formalaşıb – deyirlər mədəniyyət, incəsənət nə təbliğat vasitəsidir, nə də maarifçilik funksiyası daşıyır. Təbliğat sözünü mən də sevmirəm, amma tərbiyəvi əhəmiyyəti olmalı deyilmi?

 

- Milli ideologiya adlandıraq. İnsanlar arasındakı münasibətlərin, vətəni sevməyin, insani nə varsa, hamısının aşılanması. Sovet ittifaqına heç bir nostalgiyam yoxdur, yaxşı oldu ki, dağıldı, amma müxtəlif istiqamətli sənət əsərləri yaranırdı. Həm “Hərb və sülh” çəkilirdi, həm də komediya, eyni zamanda Tarkovskinin filmləri vardı. Psixoloji filmlər, məişət məsələlərini əks etdirən, italyan neorealizmi janrında – çox sayda və çoxşaxəli sənət əsərləri yaranırdı. Amerikada bineyi-qədimdən Mərkəzi Kəşfiyyat İdarəsi işləyir. İndiyə qədər Hollivudla aralarında müqavilələri var, dünya siyasətində və ideologiyasında gedən prosesləri filmlərlə tənzimləyirlər. Avropada ideoloji istiqamət yoxdur. Amma Amerika filmlərinin hamısında mütləq olaraq Amerika bayrağı var. Amerikanın dünyaya münasibətini tənzimləyən detallar var. Cəmiyyət quruculuğunu tənzimləyən iş gedir. Bu proses Avropada getmir. Avropada multikulturalizm, tolerantlıq öndədir. Bu ikisi əslində bir-birini tamamlamalıdır. Bizə nə qalır? Özəlliyimiz mütləq surətdə milliliyimizdədir. Heç kimi incitmərik, amma bunu ictimailəşdirməyi də sevmirik. Biz ictimai münasibətlərdə özümüz kimi olmalıyıq. Dünya bizə nümunə deyil, öz fərdiliklərimiz var. Kiməsə oxşatmayaq özümüzü. Azərbaycan düşüncəsi, milli təfəkkürü başqadır. Kimsəyə bənzəmir.

 

- Avropalıya, amerikalıya onu yamsıladığını göstərmək lazım deyil, özünün olanı göstər, özün ol, onlara belə daha maraqlısan. Öz düşüncənlə çıx qarşıma, məni əcaib şəkildə təkrarlama...

 

- Vacib olan odur ki, ideoloji istiqamətlərdə sosial münasibətlər rol oynamalıdır.  Televiziyalarda olan şouları pisləyirik, amma təklif eləmirik. Televiziyada sosial münasibətlərin nümunələri sənət dili ilə göstərilməlidir. İnsanların sevgi haqqında düşüncələrini formalaşdırmalıyıq. Qadın-kişi münasibətlərini göstərməkdən utanmayaq, onu düzgün istiqamətləndirmək vacibdir. Fakta gözümüzü bağlamaqla onu silə bilmərik, o var.

 

- Yersiz utancaqlıq utanca gətirib çıxarır.

 

- Alağın başını vurmaqla məhv etmək olmur. Onu kökündən məhv etməlisən.

 

- Bu düşüncələri filmə gətirmək maraqlıdır...

 

- Asta-asta düzəlir. Dünyada baş verən prosesin içindəyik biz də. Bugünkü gənclik dünənki kimi deyil, yaxşılığa doğru çox irəliləyiş var. Aqressiyadan çəkilirik geri. Proseslər energetik olaraq yaxşılığa doğru gedir. Bir ara deyirdilər insanlarda aqressiyanın artması Mars planetinin yerə yaxınlaşması ilə bağlıdır. İndi deyəsən Mars uzaqlaşır bizdən. İnsanlar daha təmkinli olmağa başlayıblar. 10 il əvvəlki gəncliklə metroda vəziyyət daha gərgin idi. Bu gün metroda hər kəs yerini bilir, insanlar bir-birini acılamır.

 

- Bu proseslərə ədəbiyyat  və mədəniyyət sirayət edir. Dostoyevskini oxuyan aqressivləşir, Tolstoyu oxuyanda əksinə...

 

- Bu yaxınlarda Tolstoyun gənclik şəklini görmüşəm. Çox mükəmməl şəxsiyyət olub. Onu gənc təsəvvür edə bilmirdim, həmişə xəyalımda ağsaqqal, müdrik görkəmi var. Dostoyevski epileptik olub, vurub dahiliyə. Özümüzünkülərdən hökmən Füzulini, Nəsimini oxumalıyıq və anlamalıyıq. Gəncliyi deyirəm, anlamağa çalışmalıdır, anlasalar sevəcəklər. Orda dilimizin gözəlliklərini görəcəklər. Füzuli deyəndə ki,

 

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,

Diri olduqca libasım budur, ölsəm, kəfənim.

 

Nədir bu? Bunun fərqinə varıb mənasını öyrənmək istəyən gənclik olsun gələcəyimiz. Nəsimidən ilişib qalmışıq – “Məndə sığar ikən cahan”dır, yoxsa “iki cahan”?Orda dünya fəlsəfəsindən söhbət gedir, biz ikən-lə iki-də qalmışıq. Gənclik çox vacibdir. Deyəsən, istiqaməti dəyişdik.

 

- Hə, ədəbiyyata keçmişik)) Biz alidən başladıq söhbəti, ibtidaiyə doğru. Sizin ibtidainizdən danışaq. Gözümü açıb sizi uşaq filmlərində görmüşəm. Böyüdük, sizi rejissor gördüm. Aktyorluğun çərçivələrinə sığa bilmədiyinizdən keçdiniz rejissorluğa?

 

- Hər bir peşənin xiridarı var. Mən hiss elədim ki, aktyorluğun xiridarı deyiləm. Rejissorluq elə peşədir ki, başqa peşələrin sahibləri də onun eşqinə düşə bilər. Aktyorluqdan başqa. Əgər aktyorsansa, sən heç vaxt başqa sahəyə keçməyəcəksən. Rejissorluq gərgin işdir, sənət bir çırtma ilə əmələ gələn işdir, amma qəlbində. Xaricində hamı deyəcək sizin işiniz gərgindir, amma o sənin içində artıq yaranıbsa heç bir çətinliyi yoxdur. İçində o qədər qığılcım, yanğı var ki, o səni bütün çətinliklərdən keçirir. Şaxtaçı da əgər axtardığını tapıbsa gördüyü iş artıq ona çətin gəlmir.

 

- Hələ ki, sonuncu filminiz “Yarımçıq xatirələr”dir. Birmənalı qarşılanmadı.

 

- Bu film Mədəniyyət Nazirliyi tərəfindən bir siyasi mesaj idi. O dövrdə ermənilər ideoloji iş aparırdılar, özü də dünya miqyasında. Guya onlar sülhsevərdirlər, Azərbaycanlılar müharibə istəyir. Bu mövzuda bir-neçə film çəkib dünya kinoteatrlarına çıxartdılar. Filmlərdə özlərini çox humanist göstərirdilər. Hətta daha bic siyasətlə azərbaycanlının erməniyə qarşı olan humanizmi haqqında ermənilər film çəkdilər. Dünya birliyi qarşısında biz qaldıq nahaq durumda. Biz bunları qırmaqla məşğuluq, guya bunlar bizdən müdafiə olunurlar. “Yarımçıq xatirələr”ə baxan çox görkəmli rus rejissoru dedi ki, çox tədbirli surətdə bizi fakt qarşısında qoymusunuz. Biz çalışırdıq bu belə görsənməsin, amma rus əsgərinin muzdlu olması, bizim əslində erməni tərəfdən döyüşən rus əsgəri ilə döyüşməyimiz danılmaz faktdır. Mən həqiqəti o formada demək istədim ki, o qəbul edilsin. Qəbul etdilər bu faktı. Youtube kanalından ermənilər sayəsində film çıxarıldı. Çox böyük baxış qazanmışdı, ermənilər bizi söyürdülər. Filmin ümumi abı-havası sülhə çağırışdır. Amma bu o demək deyil ki, biz onlarla qardaş olacağıq, sadəcə qonşuyuq. Nə baş verəcəksə, düşüncə, humanizm, insansevərlik və milli ideologiya ilə bağlı olmalıdır.

 

- Niyə kənardasınız, danışırsınız, mövqeyiniz bu günün tələbatına çevrilən və tapılmayan ziyalı mövqeyidir, amma susursunuz.

 

- Mən danışmağı sevən adam deyiləm. Fikirlərimlə bölüşməyi sevmirəm, çünki filosof düşüncəyə sahibəm və bu həmişə düzgün düşünmək deyil. Mütləq həqiqət yalnız Allahdır. Deyərsən, sadəcə qəbul edilməzsən. Biri kətili qoydu və düz qoymadı, onun ayağı laxlayır. Mənim düşüncəmlə sən ona deməməlisən ki, bu nə kətildi, ayağını niyə əyri qoydun. Sən əyilib onun ayağının altına tarazlayıcı nə isə qoyub əyrisini düzəltməlisən və deməlisən ki, nə gözəl düzəltmisən. İnsanı fərəhləndirdikdə o daha böyük işlər görməyə qadir olur. Bu kətili sındırmayıb ki, kətil düzəldib, yanlış alınıb, kömək elə sabah daha gözəl kətil düzəltsin. Yoxsa, yox e, biz bacarmırıq, avropalı bacarır də. Elə deyil bizim 9 iqlim qurşağımız var, deməli biz də müxtəlifik. Hürufiliyə görə biz hamımız zərrəciyik və bizim toplumdan ilahi qüvvə yaranır. Tanrı bizim düşüncəmizdə yaranır. Mütləq həqiqət insan düşüncəsindədir. İnsanlar atmosferə ülvilik göndərsin, ordan da qayıtsın insanlığa.

 

- Nə “Dolu”, nə “Yarımçıq xatirələr” sizin ruhunuzun filmləri deyil, siz onu hələ çəkməmisiniz, məncə.

 

- Yox. Mən özüm heç bilmirəm nəyəm. Bəlkə. Heç rejissor da deyiləm. Bəlkə, zaman keçəcək peşəm mənə maraqsız gələcək. Yeje Qratovski müxtəlif sahələrdə filmlər çəkib, mərhələlərdən keçib, sonra gedib oturub Romada yalnız yanına gedənlərə məsləhət verməklə kifayətlənib. Müdrik məsləhətlər verən işləyirmiş.

 

- Sizə o etapa çatmaq arzusu ilə...

 

# 2214
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar