Bu gün “Xalçaçı günü”dür
05 may 2019 11:07 (UTC +04:00)

Bu gün “Xalçaçı günü”dür

Azərbaycan xalqının mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq üç ildir ki, Azərbaycan xalçaçıları “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı günü - mayın 5-ni peşə bayramları kimi qeyd edirlər.
 
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Xalçaçı günü” peşə bayramının təsis edilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.
 
Prezident İlham Əliyevin dəstəyi ilə Mehriban Əliyevanın milli dəyərlərimizdən biri olan Azərbaycan xalça sənətinin yenidən dirçəldilməsi sahəsində həyata keçirdiyi tədbirlər milli irsimizə sahib çıxmağın, onu yaşatmağın, tarixi yaddaşı bərpa etməyin nümunəsidir. Məhz Mehriban Əliyevanın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımdır.
 
Azərbaycanda xalçaçılıq sənətinin yaşadılmasını və onun ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyev 2016-cı il mayın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.
 
Həmin ildən respublikamızın regionlarında “Azərxalça”nın filiallarının yaradılmasına başlanılıb. Səhmdar Cəmiyyətin ilk filialı 2016-cı ilin noyabr ayında Füzuli rayonunun Horadiz şəhərində açılıb. 2017-ci ildə isə Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında xalça istehsalı emalatxanalarının tikintisi başa çatdırılaraq istehsala başlanılıb.
 
Dövlət başçısı “Azərxalça”nın ilk filialının açılış mərasimində iştirak etməklə, bu sahəyə nə qədər böyük diqqət və qayğı ilə yanaşdığını göstərdi. Yeri gəlmişkən, Prezident İlham Əliyev və Mehriban Əliyeva indiyədək “Azərxalça”nın Füzuli, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Lənkəran və Ağdam filiallarının açılış mərasimlərində iştirak ediblər.
 
Xalçaçılığın inkişafı istiqamətində görülən işlər 2018-ci ildə də davam etdirilib. Dövlət başçısının müvafiq Sərəncamlarına uyğun olaraq, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan və Lənkəran şəhərlərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə filial binaları tikilib. Ötən ilin sonundan artıq həmin filiallarda xalça toxunur. Bu emalatxanaların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb.
 
“Azərxalça”nın 2016-2018-ci illərdə fəaliyyətə başlayan 20 filialında 1700 nəfərdən çox toxucu çalışır. Bu dövrdə 8500 kvadratmetrdən çox xalça toxunub.
 
Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
 
Respublikanın ayrı-ayrı rayonlarında xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili Cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir. Bu kurslarda dərslər böyük iş təcrübəsinə malik, peşəkar xalçaçılar tərəfindən aparılır. Tədris-hazırlıq kursları hanalarla, avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib. İndiyədək kurslarda hazırlıq keçmiş və bu peşəyə tam yiyələnmiş toxucuların sayı 1500 nəfərdən çoxdur.
 
“Azərxalça”nın istehsalı olan xalçalar “Bədii yaradıcılıq və keyfiyyətə nəzarət” şöbəsinin xalçaçı-rəssamları tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. İlk dəfə olaraq qədim və orijinal Azərbaycan xalçalarının əsasında yeni çeşnilərin elektron variantının hazırlanması, onların Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılması da məhz burada həyata keçirilir. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına daha çox üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır.
 
Azərbaycan xalçasının yerli xammal əsasında toxunaraq dünyaya əsl "Azərbaycan brendi" olaraq təqdim edilməsi cəmiyyətin qarşısına qoyulmuş əsas vəzifələrdən biridir. Ona görə də Cəmiyyət xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələrin genişləndirilməsinə, bununla da Azərbaycan xalçalarının beynəlxalq xalça bazarında mövqeyinin bərpasına və təbliğinə çalışır. “Azərxalça”nın ilk məhsulları 2017 və 2018-ci illərdə Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq xalça satış-sərgisində, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Rug Show”da təqdim edilib. Londonda nəşr olunan “Halı” jurnalı 190-cı nömrəsindən etibarən öz səhifələrində “Azərxalça”nın fəaliyyətini ənənəvi xalq toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandırır.
 
Bu, bir reallıqdır ki, dünyanın heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb. Bu dövrdə isə bizim yaxşı xalça mütəxəssislərimiz yetişəcək, insanlar xalçaçılığın sirlərinə yiyələnəcək, beləliklə, xalçaçılıq yaşadılacaq. Onunla birlikdə Azərbaycanın tarixi, mədəniyyəti də yaşadılaraq gələcək nəsillərə ötürüləcək.
 
(Azərtac)
# 2189
avatar

Oxşar yazılar