1029
19:10
03 May 2019

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən REPORTAJ

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, 1-3 may tarixlərində "Mustafa Kamal Atatürk-2019" birgə taktiki təlimləri keçirilib.
ONA -nın xəbərinə görə, təlimlərə Azərbaycan tərəfindən polkovnik İlqar Lətifov rəhbərlik edib.
İ.Lətifov qeyd edib ki, taktiki təlimin adı “Mustafa Kamal Atatürk 2019”-dur: “Azərbaycan və Türkiyə Respublikası hərbi sahədə sazişə əsasən taktiki təlim keçirir. Taktiki təlimi mövzusu hər iki dövlətin ordusunun taktiki qruplarının dərinlikdən irəliləyib, müdafiə olunan düşmənin üzərinə hücuma keçərək onu darmadağın etməsi, yüksəklikləri və ərazi qismini ələ keçirərək möhkəmlənməkdir. Rəhbərlik tərəfindən qoyulan əsas tapşırıqlardan biri hər iki dövlətin ordusunun qarşılıqlı fəaliyyətinin, hərtərəfli təminat suallarının və idarəetmənin təşkil olunmasıdır. Təlimin gedişatında təlimdə iştirak edən şəxsi heyət bilmədən taktiki şərait bir neçə dəfə dəyişdirilib və şəxsi heyət bundan nəticə çıxararaq, qarşılıqlı fəaliyyəti və idarəetmə suallarını yüksək səviyyədə yerinə yetirib”.

Təlimlərə Türkiyə tərəfindən rəhbərlik edən polkovnik Murat Dirikin fikrincə, bu cür təlimlər hərbi texnikanın mənimsənilməsi baxımından çox faydalıdır: “Uzun illərdik iki ölkə əsgərləri arasında bir işbirliyi var. Bu təlimlər hər iki ölkənin əsgərlərinin bir-birini daha yaxşı başa düşməsi üçün keçirilir. Türkiyədən bura 85 nəfər gəlmişik. Gəldiyimiz gündən Azərbaycan xalqının və Azərbaycan Ordusunun bizə olan münasibətindən məmnunuq. Bu, bizim qardaşlığımızın, dostluğumuzun qədimliyindən xəbər verir”.
Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması, onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının yüksək səviyyədə saxlanılmasıdır.
Qeyd edək ki, təlimə hər iki tərəfdən 1000-ə yaxın şəxsi heyət, 60 döyüş texnikası, 30 artilleriya qurğusu, 20 helikopter cəlb olunub.