684
17:49
24 Aprel 2019

Yeni 10 manatlıqların nağd ödəniş avadanlıqlarında adaptasiyası iyunadək başa çatacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) tədavülə buraxılmış yeni 10 manatlıq pul nişanlarının nağd ödəniş avadanlıqlarında adaptasiyasına dair məlumat yayıb.
ONA -nın AMB-yə istinadən verdiyi məlumata görə, yenilənmiş dizayn və mühafizə elementlərinə malik 10 manatlıq pul nişanı AMB tərəfindən cari ilin 18 mart tarixindən etibarən tədavülə buraxılıb. Beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən yeni pul nişanlarının tədavülə buraxılmasına dair məlumatlar rəsmi elan olunduqdan sonra ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqlarının uyğunlaşdırılması (adaptasiyası) məqsədilə dövriyyəyə məhdud sayda müvafiq pul nişanları buraxılır və bu proseslər müəyyən vaxt ərzində (beynəlxalq təcrübədə 10 ayadək müddətdə) həyata keçirilir.
Hazırda Mərkəzi Bank tərəfindən tədavülə 10 manatlıq əskinas üzrə ümumi dövriyyənin 0.5% həcmində yeni 10 manatlıq pul nişanı buraxılıb. Bu say kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatlarına məxsus nağd ödəniş avadanlıqlarının adaptasiyası üçün yetərlidir.
Hazırda qeyd edilmiş təşkilatlar tərəfindən müvafiq adaptasiya işləri ilə bağlı tədbirlər görülür və müvafiq sistemlərin uyğunlaşdırılmasının cari ilin may ayının sonlarınadək tam yekunlaşdırılması nəzərdə tutulur.