971
17:22
07 Aprel 2019

Onların qibtə obyekti sevgilərinə xəyanət SON QOYDU

Bir sirri Abdulov özü ilə apardı, Alfyorova isə hələ də qəlbində daşıyır

İrina Alfyorova iki cəhətdən tamaşaçısının yaddaşında qalıb, qaha doğrusu azərbaycanlı tamaşaçının yaddaşında. Birinci “Dartanyan və üç muşkatyor” filmində Konstansiya kimi, ikinci aktyor Aleksandr Abdulovun həyat yoldaşı kimi.

Uşaqlığı

Novosibirskdə doğulub. Özü də hüquqşünas ailəsində. Atası ilə anası Böyük Vətən Müharibəsini cəbhə boyu çiyin-çiyinə vuruşublar, elə orda da evləniblər, müharibədən sonra hər ikisi oxuyub vəkil peşəsinə yiyələniblər.

İrina uşaqlıqdan özfəaliyyət kollektivində çıxışlar edirdi. Hələ balaca ikən rəfiqələrinin ona paxıllıq etdiklərini hiss edirdi. Xüsusən rəqs meydançalarında, elə ki, rəqs edib şənlənirdi, kənardan onların həsəd dolu baxışlarını cismində hiss edirdi. Ona görə də əksər vaxt çəkilib bir kənara müşahidə edir, özü fəal iştirakçı olmaq istəmirdi. Belə-belə onda özünəqapılma formalaşmışdı. Rəfiqələri deyirdilər ki, sənin bu cazibənlə istənilən oğlanı ələ almaq olar, lap gündə birini. İrina isə düşünürdü ki, gündə biri ona lazım deyil, ona biri-təkrarolunmazı lazımdır, o, da bir gün gələcək.

Məktəbi qurtarandan sonra İrina birbaşa Moskvaya Kinematoqrafiya İnstitutuna qəbul olunmağa yollandı.

İlk vaxtlar nə paytaxt həyatına alışa bilmirdi, nə də seçdiyi peşəyə. Birinci kursu başa vuranda hətta kurs rəhbəri Dudun ona dedi ki, yaxşı qızsan, amma nə qədər gec deyil özünə başqa sənət tap, səndən aktrisa olmaz. Müəllimi ona görə bu qənaətə gəlmişdi ki, İrina etüd göstərə bilmirdi, məsələn məhəbbət səhnəsini etüdlə verə bilmirdi, çünki onu həyatda yaşamamışdı.

Daşa ilə başlanan karyera

Amma İrina institutu bitirəndə ən istedadlı aktrisa idi və hardasa müəllimini qınayırdı ki, tez bir zamanda qərar çıxartmaqda yanlışlığa yol verib. İnstitutu bitirəndə eyni vaxtda Moskvanın bir neçə teatrı onu işə dəvət etdi. Həmin vaxt İrina Alfyorovaya xoşbəxt bilet nəsib oldu – “Əzablı yollarla” bədii televiziya filmində onu Daşa roluna dəvət etdilər. Filmin rejissoru V.Ordınski onunla şərt kəsdi ki, çəkildiyi müddətdə paralel heç bir yerdə işləməsin. Beş il müddətində İrina yalnız Daşa olaraq yaşadı, onun həyatını oynadı.

Yalnız filmdən sonra Moskvanın “Lenkom” teatrının dəvətini qəbul etdi.

Teatra ilk gəldiyi gün Alfyorovanın yaddaşında bu gün kimi aydın qalıb.

“Səhnədə tamaşa gedirdi. Baş rolun ifaçısı dərhal diqqətimi çəkdi. Başdan-ayağa enerji dolu olduğu elə səhnədən özünü büruzə verirdi. Mənə lazım olan hər şey onda vardı, iri əllərindən adama enerji ötürəcək qədər ehtiras, güvənc yeri, dayaq. Öz gələcək ərimə elə həmin an vurulmuşdum. Kişilərdə mənim ən çox qiymətləndirdiyim təəccübləndirmək, arzularını həyata keçirə bilmək bacarığı, arzu bəxş etmək istəyidir. Onunla bir yaşayışda arzuların tükənməsin, hər günün bir yeni başlanğıc olsun. Saşa Abdulovla elə yaşadıq.”

Bunlar onun özünün dedikləridir. Mənim şəxsi araşdırmamdan üzə nələr çıxdı, indi onları danışım. İrina Alfyorova “Lenkom”a gələndə ölkədə artıq Daşa rolu ilə populyarlıq qazanmışdı. Bolqar biznesmen Boyka Qurovla oturub-durmağından isə bir uşaq qazanmışdı, hamilə idi. Biznesmen də necə gəlmişdisə elə də qayıdıb getmişdi ölkəsinə. Aleksandr Abdulov aktrisadan da populyar idi, çəkildiyi filmlər, teatrda oynadığı rollar da çoxluq təşkil edirdi. Rəfiqələrini dediyi kimi öz cazibəsindən istifadə edib elə ilk baxışdan axtardığı olduğunu hiss etdiyi Saşanı İrina asanlıqla cəlb etdi.

Abdulov İrinaya evlənmək təklifi edəndə İrina ona “məni park boyu qucağında gəzdir sonra cavab verim”-deyib. Abdulov belə də edib. Park boyu atmacalara belə əhəmiyyət vermədən onu qucağında gəzdirib. İrina həmin an dünyanın ən xoşbəxt qadını idi.

Evləniblər, sonra İrinanın qızı dünyaya gəlib. Uzun müddət heç kim bilməyib ki, qız əslində Aleksandrdan deyil, çünki onlar bunu gizlədiblər. Balaca Ksenya isə onu həqiqətən özünə ata bilib. Onlara verilən bir otaqlı mənzildə xoşbəxt yaşayıblar. Tezliklə hər iki aktyor daha da məşhurlaşıb. İkisinin birlikdə çəkildikləri “Sevdiklərinizdən ayrılmayın” filmi isə şöhrətlərini bir az da artırıb. İrina ilə Saşa Sovet kinosunun ən sevimli cütlüy sayılırdı. Onları tamaşaçı ayrı-ayrılıqda deyil, cütlükdə sevirdi.
Teatrda isə əsasən Abdulov parlayırdı, bütün baş roller onda idi. İrinaya isə öz ərinin kölgəsində kiçik rollar verilirdi. Aktrisanın şansı yox idi.

Evlənəndən sonar bir müddət yataqxanada yaşadılar. Sonra Y. Leonovun köməkliyi ilə onlara ev verildi.

Kinoda isə İrinanın ikinci böyük rolu “ Dartanyan və üç muşkatyor”da Konstansiya oldu. Rejissor Q. Xilkeviç bu rola Yevqeniya Simyonovanı çəkmək istəyirdi. Dövlət Kino rəhbərliyi Alfyorovanın çəkilməsini istədi. Səsini isə məşhur Anastasiya Vertinskaya səsləndirdi, çünki rejissor dedi ki, İrinada sırf slavyan ləhcəsidir və kobud səs tembri var, fransız qadınının səsi elə olmur.

Film böyük populyarlıq qazandı. Ardınca “Sevdiklərinizdən ayrılmayın”dan sonra “Vasili Buslayev”, “Gecə əyləncələri” filmləri gəldi. İrinanın kinoda populyarlığı artdıqca tənqidçilər ona çox soyuqqanlı yanaşırdılar. Onun qəhrəmanları səmimi, məqsədyönlü idi.

Sonra uzun bir fasilə, 90-cı illərdə yalnız Rusiya və Almaniyanın birgə çəkdikləri “Yermak” filmi İrina Alfyorovanın karyerasında uğur sayıla bilər.

Ayrılıq

1993-cü ildə məşhur, sevimli cütlüyün nigahı çat verdi. Boşanma ilə bağlı çoxlu şayiələr yayıldı. Abdulovun ailəsinə xəyanət etməsindən, düzgün həyat tərzi keçirməməsindən və İrinanı incitdiyi üçün ayrıldıqlarından danışılırdı. İrinanın isə hələ Saşa ilə evli ikən birgə filmə çəkiləndə sonradan ərə getdiyi Sergey Martınovla sevişdiyi deyilirdi. Bəziləri isə onun müğənni Aleksandr Serovla romanı olduğundan bəhs edirdilər.

Ayrılandan sonra İrina Bolqariyaya qızının əsl atasının yanına getdi. İki il birlikdə yaşadılar, amma vətəndən uzaqda qala bilməyən İrina yenidən Moskvaya qayıtdı. Sonralar aktyor Sergey Martınovla evləndi.

Aleksandr evi İrinaya və qızına verib çıxdı. Səhhətində yaranan problemlər ucbatından ağır əməliyyat keçirən aktyor şəhər kənarında dostlarının köməkliyi ilə ev tikdirdi. Anası və vətəndaş nikahı ilə evləndiyi keçmiş balerina Qalina ilə yaşayırdı. Beləcə 8 il keçdi. Ancaq Qalina ilə də ayrıldı. Bu ayrılığı belə izah etdi ki, münasibətlər öz zamanını yaşadı və öldü. Qalinaya isə sonradan Moskvada ona verilən mənzili və maşınını hədiyyə etdi.

Özü ayrılsa da Aleksandr uzun müddət ağır depressiya yaşadı. Şəxsi həyatı haqda heç vaxt danışmayan aktyor həm İrina, həm də Qalina ilə ayrılığının əsil səbəbini yalnız öz içində yaşadı və özü ilə də apardı.

Bütün bunlara rəğmən İrina ilə Saşa arasında sona qədər normal münasibətlər oldu. Bir dəfə Abdulov müsahibəsində demişdi ki, nə olur olsun, həyatında olan bütün qadınlardan çox İrinanı sevib və sevir.

Uzun fasilədən sonra İrina 2000-ci ildə “İtirilmiş cənnət” filminə çəkildi.

Yenə “Lenkom”da işləyir. Hələ də teatr səhnəsində sübut etməyə çalışır ki, o, yalnız cazibədar qadın deyil, həm də istedadlı teatr aktrisasıdır.

2002-ci ildə İrina Alfyorova ilə Aleksandr Abdulov birlikdə “Lenkom” teatrının səhnəsində tərəf müqabili oldular. Bir kamera tamaşasında onların ifası yenə bütün tamaşaçılarını bir araya gətirdi. Tamaşanın sonunda qucaqlaşıb ağlayan cütlüyün ikisinin bir varlıqkən ayrılmalarından özlərinin də yandıqlarını bütün tamaşaçılar hiss etdilər və onlarla birgə göz yaşları axıtdılar.

2008-ci ildə Abdulov bağ evindəki mənzilində xərçəngdən dünyasını dəyişdi. Bir sirri o, özü ilə apardı. Həmin sirr bu gün bəlkə də İrina Alfyorova ilə birgə yaşayır. Açılacaq, ya yox, bunu da yalnız o, bilir- İrina Alfyorova. Əslində kim kimə və nə üçün xəyanət etmişdi ki, bu da onların ayrılığına səbəb oldu?!

Onların qızı Ksenya Abdulova Moskva Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Bir neçə il hüquqşünas işləyib, indi gənc populyar aktrisadır.

Rusiya mətbuatından tərcümə