1100
19:48
06 Aprel 2019

İldə 6 ton dovşan əti istehsal edən fermer: "Bu ət yağsız, xolestirinsiz və dietikdir"

Xaçmazlı təsərrüfatçı Ehtiram İsrafilov ildə 6 ton dovşan əti istehsal edir.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, uşaqlıqdan dovşanlara olan marağı rayonunun Qaraqurtlu kənd sakini Ehtiram İsrafilovu böyük təsərrüfat sahibinə çevirib.
Hazırda təsərrüfatında mindən çox dovşan bəsləyən təsərrüfatçı, bu heyvanların sayını 10 dəfəyə qədər çoxaltmaq imkanının olduğunu bildirir.
Təsərrüfatda istehsal olunan dovşan əti özəl şirkətlərə və dövlət müəssisələrinə satılır. Fermer yarmarkalarda da iştirak edərək əti satışını həyata keçirir.
Dovşan ətinin 1 kiloqramının topdansatış qiyməti 8, pərakəndə satışı isə 9-10 manatadır. Damazlıq sort heyvanların balaları alıcılara növündən asılı olaraq 20-60 manata təklif olunur.
Ehtiram İsrafilov dovşançılıq təsərrüfatının yaradılması və ət istehsalı ilə bağlı müvafiq dövlət qurumlarından tələb olunan sertifikatları əldə edib. Yaxın gələcəkdə həmkarları ilə birlikdə Dovşançılıq Təsərrüfatları Assosiasiyasının yaradılması istiqamətində iş aparır.
Onun sözlərinə görə, dovşan əti yağsız, xolestirinsiz olduğu üçün dietikdir. Şəkər xəstəliyi olanlar, pəhriz saxlayanlar dovşan ətinə üstünlük verir. Azərbaycanda dovşan əti az yeyilsə də, fermer müştərilərinin get-gedə artdığını bildirir.
Dovşanlar ən artımlı heyvanlardan sayılır. Bu heyvanlar növündən asılı olaraq hər ay 6-14 bala verir. Dörd aylığında isə ət istehsalına verilir.
Təsərrüfatındakı dovşanların xəstəliklərə yoluxmasının qarşısını almaq üçün daim baytarlarla məsləhətləşən E.İsrafilov heyvanların saxlanma şəraitinə xüsusi diqqət yetirir. Lakin yem və vaksinasiya üçün dərmanlarla təminatda çətinlikləri var. “Biz müvafiq dövlət qurumlarına ölkədə dovşançılıq təsərrüfatları üçün yem istehsalı və xaricidən lazim olan dərmanların gətirilməsi ilə bağlı təkliflər vermişik. Hazırda yemi özümüz istehsal edirik. Bunun üçün xaricdən xüsusi avadanlıqlar almışıq. Dovşanların yem rasionunu arpa, buğda, qarğıdalı, günəbaxan toxumu və yonca təşkil edir”, - deyə təsərrüfatçı söyləyib.
İyirmi yeddi ildir dovşan saxlayan E.İsrafilov 2011-ci ildən başlayaraq bu heyvanlardan gəlir əldə etməyə başlayıb. Hazırda onun fermasında 20-ə yaxın dovşan növü var ki, onların da əksəriyyətini xaricdən gətirərək çoxaldıb.