[b]Millət vəkillərimiz ABŞ-da işgüzar səfərdə olub[/b]
30 mart 2019 10:31 (UTC +04:00)

[b]Millət vəkillərimiz ABŞ-da işgüzar səfərdə olub[/b]

Martın 25-dən 29-dək  Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadədən ibarət nümayəndə heyəti Vaşinqton şəhərində işgüzar səfərdə olub.
 
 
Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində, nümayəndə heyəti ABŞ Konqresi Senatının və Nümayəndələr Palatasının üzvləri, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, Konqresin rəhbər üzvlərinin peşəkar heyəti, Dövlət Departamentinin rəsmiləri ilə görüşlər keçirmiş, Amerika İsrail İctimai əlaqələr Komitəsinin (The American Israel Public Affairs Committee – AIPAC) Vaşinqtonda keçirilən Siyasi Konfransının Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirinə qatılıb, habelə ABŞ-ın nüfuzlu beyin mərkəzi Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (The Center for Strategic and International Studies – CSIS) “Dəyişən Qafqazda Azərbaycan: Xarici və Daxili Siyasətdə İnkişaflar” mövzusunda müzakirələrdə spiker qismində çıxış ediblər.
 
 
26-29 mart tarixlərində Konqresdə və Dövlət Departamentində keçirilmiş görüşlər çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanmış və bu tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın xüsusilə Avropanın enerji təhlükəsizliyi sahəsində rolu, terrorçuluqla mübarizə və Əfqanıstanda əməliyyatlara dəstək kontekstində gördüyü işlər və ABŞ-la əməkdaşlığı yüksək qiymətləndirilib. ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə daha geniş töhfə verməsi nəzərdə tutulan Cənub Qaz Dəhlizinin yekunlaşması istiqamətində işlərin Vaşinqton tərəfindən dəstəklənməsinin önəmi görüşlərdə xüsusi qeyd olunub.
 
 
Ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar və son aylarda görülmüş tədbirlər barədə Konqres üzvlərinə məlumat verilib. Konqres üzvləri ölkəmizdə aparılan sosial-iqtisadi və siyasi islahatların ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsirini vurğulayıblar.
 
 
Görüşlərdə tərəflər həmçinin regionda gedən proseslər barədə fikir mübadiləsi aparmışlar. Azərbaycan millət vəkilləri Azərbaycana olan geosiyasi təzyiqlərin qarşısının alınması baxımından ABŞ-ın siyasi dəstəyinin vacibliyini diqqətə çatdırıblar.
 
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə cari vəziyyət müzakirələrin əsas mövzularından biri olub. Ermənistanda baş verən siyasi dəyişikliklərdən sonra, Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilmiş bəyanatlar Konqres üzvlərinin diqqətinə çatdırılıb. Bununla yanaşı, münaqişənin həllində ABŞ-ın rolunun daha da artırılmasının əhəmiyyətli olduğu bildirilib.
 
 
Görüşlər zamanı, Parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib. Parlamentarilər arasında qarşılıqlı səfərlərin daha da artırılmasının vacib olduğu diqqətə çatdırılıb.
 
 
29 mart tarixində, ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin və Amerika Xarici Siyasət Şurasının Mərkəzi Asiya-Qafqaz İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan nümayəndə heyətinin üsvləri spiker qismində çıxış edərək, iştirakçılara Azərbaycanda və bölgəmizdə baş verən hadisələr barədə məlumat veriblər. Azərbaycanda baş verən silsilə islahatların təfərrüatları barədə fikirləri ilə bölüşüblər. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi, Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində işlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda siyasi və sosial-iqtisadi vəziyyət çıxış edən millət vəkillərinin diqqətə çatdırdığı əsas məsələlər olub. Nümayəndə heyətinin üzvləri tədbir zamanı qonaqların çoxsaylı suallarını cavablandırıblar.
 
 
Nümayəndə heyətinin Vaşinqtona səfəri 29 mart tarixində yekunlaşıb.
# 660
avatar

Oxşar yazılar