628
11:41
28 Mart 2019

Problemli kreditlərlə bağlı portalda PROBLEM yaranıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı portalda şifrələrin göndərilməsi ilə bağlı baş verən gecikmənin səbəbini açıqlayıb.

Palatadan Lent.az -verilən məlumatda bildirilib ki, istifadəçilərə şifrələrin göndərilməsində yaranan gecikmələrin səbəbi hazırda portalın həddindən artıq yüklənməsi ilə bağlıdır: “Hazırda problemli kreditlərlə bağlı yaradılmış portala giriş həddindən artıq çox olduğundan istifadəçilərə şifrələrin göndərilməsində gecikmələr baş verə bilir. Bu hal tezliklə aradan qaldırılacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən bu il fevralın 28-də imzalanan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmandan irəli gələn işlərin icrası çərçivəsində MBNP elektron portal hazırlayıb.

Portalın xüsusiyyəti ondan ibarətdir ki, adıçəkilən fərmanda əks olunan güzəştlərdən yararlanacaq fiziki şəxs sistemə giriş edərək ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditləri barədə detallı məlumat əldə edə bilər.

İstifadəçilər portaldan onlara şifrələrin göndərilməsində problemlər yaşadıqlarını bildiriblər.