2270
15:31
04 Mart 2019

Oğlu Nadirdən gizlin maşınını satdı - Yeni evdən VİDEO

Müğənni Nadir Qafarzadə yeni mənzil alıb. Onun yeni evindən Lent.az -a müsahibəsini təqdim edirik:

- Eşitdiyimizə görə, bu mənzili sizə hədiyyə ediblər.

- Mən sizin üçün qadın müğənniyəm? 20 ildən çoxdur ki, peşəkar səhnədəyəm. Hələ heç kim deyə bilməz ki, sənə filan şeyi almışam. Heç corab da alan olmayıb. Bu ev də öz zəhmətimin nəticəsidir. O hədiyyələrin arxasında bir çox şeylər durur.

- Hesab etmirsiniz ki, şou aləmində bağışlanan evlər, maşınlar sadəcə reklam üçündür?

- Mən də düşünürəm ki, bu, sadəcə bir görüntüdür. Bəzi avam insanlar da onlara inanır. Həmin avamların savadsızlığından müğənnilər istifadə edir.

- Bəs Nadir Qafarzadənin özü şou üçün yalan danışıb?

- Bəli, olub. Amma qlobal bir şeylər yox. Nəyim var, göz qabağındadır. Bunu məndən heç kimsə ala bilməz. Çünki Əli, Pirvəli mənə nəsə almayıb. Hər şeyi öz əziyyətimlə etmişəm.

- Söyləmisiniz ki, artıq övladlarım üçün yaşayıram...

- Bəli, elədi. Amma mənim yaxınlarım, uşaqlarım anlaya bilmir ki, ümumiyyətlə, mənim həyatım olmayıb. Mən ailə qurandan ömrümü ailəmə həsr eləmişəm. Elə indi də ona görə çalışıram ki, onlar üçün nəsə edim. Öləndən sonra da onlara nəsə qalsın. Dünyanın işini bilmək olmur.

- Hər bir övladın atadan istədiyi olur. Övladlarınız sizdən nə istəyib?

- Bir dəfə olub. Mən ona demişdim ki, ali təhsil al, mən sənə maşın alacam. Sözümün üstündə durdum. Dedi ki, mən bahalı, təzə maşın istəmirəm. Dedim ki, yox, təzəsini alacam və aldım da. Amma sonra həmin maşını məndən gizlin satdı. İş üçün lazım idi. Məndən icazəsiz maşın satdığına görə onu qınadım, danladım. Amma sonra özüm peşman oldum. Çünki çox yaxşı uşaqdır. Elə-belə etməyib. Lazım olduğu üçün maşını satıb. Yəni, maşını qudurğanlıq üçün satmayıb, özünün təhsilinə xərcləyib. 5-6 aydır ki, maşınsızdır.

- Nə zaman ailə qurmaq istəyir?

- Mən deyirdim ki, Allahın köməkliyi ilə oğlumu 20 yaşında evləndirəcəm, tez baba olacam. Amma həyat deyir ki, sən saydığını say. Oğlum mənə deyir ki, ola bilsin, xristian qızla evlənim. Çünki o, Avropada oxuyub, Avropa düşüncəli oğlandı. Mən onun seçiminə qarışmayacam. İstər xristianla, istərsə də başqa millətdən olan xanımla evlənsin.

- Yəni şou-biznesdən bir qız seçsə, Nadir Qafarzadə bu evliliyə razı olar?

- Şou-biznesdən? Niyə? Elə mənim alnıma yazılıb? Mən istəmirəm. Heç kimin acığına gəlməsin. Bəlkə əvvəlki dövr olsaydı, hardasa razı olardım. İndi şou-biznesə gələn qızları oğlunuza alarsınız? Yubkası qısa olan qızı evimə necə gəlin gətirim? Onun hər yerini hamı gördü, oğluma nə qaldı ki? Özlərini yaxşı aparsınlar ki, onları da kimsə alsın. Geyimin də öz yeri var. Alt paltarını göstərmək geyim deyil.

- Amma Röya Ayxan fərqli düşünür. Bu mövzuda danışanda demişdi, müğənnilərə nə olub ki?

- Mən inanmıram ki, Röya qısa geyimdə olan qızı evində gəlin kimi görə. Mən fərqli düşünürəm. Qaşı, gözü, dodağı əməliyyat olan qızı evimdə gəlin görmək istəmirəm. Bu aləmdə olan yaşlıları başa düşdük, bu cavanlara nə olub? Mənim oğlum dağlıdır. Dağlı ilə Bakının qarışığı bir az pis olur ha. O başqa oğlandır. Oğlum heç efirdə görsənmək istəmir. Heç istəmir ki, toyunda şou əhli olsun.

- Bir çoxları deyir ki, Nadir Qafarzadə niyə əzizlərinə əl tutmur?

- Mən əzizlərimə yardım edəndə kamera ilə getməliyəm?

- Ötən il televiziyaların birində bacınızla bağlı süjet yayımlanmışdı. Süjet bacınızın çörək bişirib satmasından bəhs edirdi...

- Nə olsun ki? Çörək bişirib satır. Fahişəlik etmir ki! Bu adam ailəsini saxlayır. Aha, siz istəyirsiniz ki, pis yollara düşsün? Bağışlayın, bizim nəsildə eləsi yoxdur. Mən sevinirəm ki, bacım qeyrəti, namusu ilə pul qazanır. Mən və bacılarım əziyyət çəkirik, halal qazanırıq.

Müsahibənin ardına aşağıdakı linkdə baxa bilərsiniz: