210
14:13
13 İyul 2018

"Bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq" - İlham Əliyev

“İyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət aktları dövlətçiliyə qarşı törədilmiş cinayətlərdir”.


APA -nın məlumatına görə, bu sözləri prezidentİlham Əliyevhüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bildirib.

Dövlət başçısı xatırladıb ki, iki polis əməkdaşı şəhid olub, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı isə yaralanıb: “Bu cinayəti törədən cinayətkar qrup Azərbaycanda sabitliyi pozmaq istəyir. Cəmiyyətimizi qorxutmaq üçün bu qanlı terror aktları törədilib. Bu terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə islam dininə qarşı ən böyük cinayətdir. İslam sülh, mərhəmət dinidir. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Keçən il Azərbaycanda islam həmrəyliyi ili elan edilib”.

Prezident qeyd edib ki, Azərbaycanda dövlət vəsaiti hesabına tarixi, dini abidələr bərpa olunub. Onun sözlərinə görə, bu cinayətkarlar müsəlman deyillər: “Bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Bütün Azərbaycan xalqı bu qanlı cinayəti birmənalı olaraq pislədi, bu cinayəti törədənlərə öz nifrətini ifadə etdi. Azərbaycan dövləti də öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib. Bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub”.