"Onda bildim ki, atam və Əbülfəz niyə ekstremistdirlər..." - <span style="color:red;">XATİRƏ YAZISI
23 iyun 2018 14:08 (UTC +04:00)

"Onda bildim ki, atam və Əbülfəz niyə ekstremistdirlər..." - XATİRƏ YAZISI

İyunun 24-də Azərbaycanın ikinci prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 80 yaşı tamam olur. Lent.az APA TV-nin Xəbər müdiri, tarix üzrə fəlsəfə doktoru Cavid Cabbaroğlunun Elçibəy haqqında xatirə yazısını təqdim edir.

 

"Əbülfəz deyir ki..." Uşaq olanda evimizdə atamın asta səslə anama dediyi və adətən, bu sözlərlə başlayan cümlələri tez-tez eşidirdim. Təbii ki, ilk vaxtlar valideynlərimin söhbətlərinə qulaq kəsilmir, nə danışdıqlarının fərqinə varmırdım. Lakin getdikcə o adamın adının evimizdə daha çox çəkildiyini hiss edirdim. Bir dəfə, nəhayət, özümü saxlaya bilməyib "ata, Əbülfəz kimdir ki?" sualını vermiş, bütün azərbaycanlı uşaqların eşidə biləcəyi cavabı almışdım: "Böyüyəndə bilərsən".

 

Amma tale elə gətirdi ki, mən onun kimliyini böyümədən bildim. 1988-ci ilin fevralında Dağlıq Qarabağda başlayan separatçılıq hərəkatı və Topxana meşəsində ağacların kəsilməsi mənim kimi uşaqların yaşını artırmasa da, dünyagörüşündə ciddi dəyişiklik yaratdı. Çünki artıq valideynlərimiz pıçıltı ilə danışmırdılar, evlərdə danışılan söhbətlər isə uca səslə Azərbaycanın baş meydanında - Azadlıq meydanında dilə gətirilirdi. Bizi mitinqlərə aparmasalar da, aksiyalara qatılan böyüklərimizin söylədiklərindən orda nə danışıldığını bilirdik. Artıq Əbülfəzin kim olduğunu da öyrənmişdik - bizə deyilmişdi ki, o, Elmlər Akademiyasında işləyir, çox savadlı adamdır və millət fədaisidir.

 

Demək ki, nəsə düz deyildi. Çünki o vaxtadək biz elə bilirdik ki, savadlı adamlar da, bütün günü millətin taleyini düşünənlər də televizorumuzun göstərdiyi üç kanalda (Azərbaycan dövlət televiziyası, Birinci kanal (ORT) və RTR) gördüyümüz şəxslər - Sov. İKP MK-nın baş katibi və Sov. İKP MK Siyasi Bürosunun üzvləri idi. Yaxşı, əgər Əbülfəz də savadlı idisə və bütün günü millətin taleyini düşünürdüsə, onda niyə bu vəzifələrdən birini tutmurdu? Niyə Kamran Bağırovdan sonra onu Azərbaycana birinci katib təyin etmirdilər? Bu sualları səsləndirəndə böyüklərimiz daha "böyüyəndə bilərsən" demir, "ruslar və ermənilər qoymaz" cavabını verirdilər.

 

Bu tip cavablar bizdə Əbülfəzin üzünü görmək həvəsini artırırdı. Görəsən, o, kim idi? Zahirən necə görünürdü? Ruslar və ermənilər onu niyə sevmirdilər? Mənim aləmimdə o, 27-28 yaşlı hündürboylu və yaraşıqlı gənc idi. Açığı, onu niyə belə təsəvvür etməyimin səbəbini heç indi də bilmirəm.

 

Nəhayət, onun üzünü ilk dəfə televizorda görə bildim. Azərbaycan dövlət televiziyasında ermənilərin Topxanada ağacları kəsməsi və Bakıda buna qarşı mitinq keçirilməsi barədə 1-2 dəqiqəlik süjet verdilər. Süjetdə epizodik olaraq əlində mikrofon çıxış edən Əbülfəzi də göstərdilər, amma profildən. Bu saqqallı kişinin başında qış papağı, əynində nimdaş palto vardı. Atamdan yaşını soruşdum, "məndən 6 yaş böyükdür, 50 yaşı var" cavabını aldım.

 

Sonra ondan mənə yaşıl üzlü bir kitab hədiyyə gəldi - Ələsgər Məmmədovun "Ərəb dilinin qısa kursu" kitabı. "Akademkitab"da atamla rastlaşıbmış, yeni çıxan bu kitabı alıb ona hədiyyə edibmiş ki, oğluna verərsən, deyərsən mütləq oxusun.

 

Daha sonra Əbülfəzi canlı gördüm, amma uzaqdan. Sabir bağında mitinq keçirilirdi, ömrümdə ilk dəfə məni də mitinqə aparmışdılar. Mitinqi Xəlil Rza aparırdı, çıxış edənlərdən biri də o idi, həmin paltosu da əynində. Bu dəfə papaq qoymamışdı.

 

Bir müddət sonra işdən pəjmürdə halda evə gələn atamdan onun işdən çıxarıldığı xəbərini eşitdim. "Kommunist" qəzetinin 1989-cu il tarixli hansısa sayında Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda keçirilən iclas barədə oxuduğum xəbər hələ də yadımdadır: "Ekstremist fəaliyyətinə və millətlərarası münaqişəni qızışdırdığına görə Əbülfəz Əliyev işdən xaric edilmişdir".

 

Bu xəbər yenə beynimdə qarmaqarışıq suallar yaratmışdı. Atamın dostu necə ekstremist ola və millətlərarası münaqişəni qızışdıra bilərdi? Bəlkə atam da ekstremist idi? Axı Əbülfəzin adı daha dilindən düşmürdü onun.

 

Məni narahat edən bu tipli bütün suallara 20 Yanvar faciəsi aydınlıq gətirdi. İndi mənə bəlli idi ki, Moskva və onun Azərbaycandakı canişinləri üçün millətimizin qanuni haqlarını tələb edən istənilən şəxs, o cümlədən 20 Yanvar şəhidləri də, atam və dostu Əbülfəz də niyə ekstremist idilər. Artıq onların bu cür ekstremizmi ilə fəxr etməyə də başlamışdım...

 

Onu ilk dəfə 1990-cı ilin mayında canlı görüb təmasda ola bildim. Həmin gün atam qardaşımla məni Təzəpir məscidində açılmış Quran kursuna aparırdı. Əlyazmalar İnstitutunun qarşısında onu görəndə ayaq saxlayıb uzun illərin həsrətliləri kimi görüşdü. 20 Yanvar faciəsindən sonra hər yerdə axtarıldığını və bir müddət gizlənmək məcburiyyətində qaldığını bilirdik. Bu səbəbdən sürpriz olmuşdu bu görüş. Kimisə gözlədiyini söylədi. Sonra atam məni nişan verib "keçən il kitab alıb göndərdiyin oğlumdur" dedi. O da əvvəlcə mənimlə görüşdü, sonra da 12 yaşlı qardaşımın saçlarına tez düşməyə başlayan dənlərə işarə edərək "bu oğlun, deyəsən, varlı olacaq" deyə zarafat etdi.

 

Beləcə, çoxdankı arzuma çatmışdım. Atamın dostu Əbülfəzi canlı görmüşdüm. Amma əlini sıxdığım bu hündürboylu və saqqallı şəxsin əslində çox böyük adam olduğunu və iki ildən sonra Azərbaycanın prezidenti, xalqımızın öz tarixi ərzində seçəcəyi ilk padşahı olacağını təbii ki, bilə bilməzdim. Cəmi bir neçə gündən sonra - mayın 28-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızı Cümhuriyyət parlamentinin yerləşdiyi (və özünün də işdən çıxarıldığı!) Əlyazmalar İnstitutunun binası üzərində qaldırmaq kimi tarixi missiya da ona həvalə ediləcəkdi.

 

O vaxt ağlıma da gəlməzdi ki, bu tərkibdə növbəti görüşümüz bir də 7,5 ildən sonra "Azadlıq" qəzetinin Xaqani-33 ünvanında yerləşən redaksiya binasındakı kabinetində - onun Kələkidən dönüşündən dörd gün sonra baş tutacaq. Bu dəfə qarşımdakı, sadəcə, atamın dostu Əbülfəz deyil, Azərbaycanın ikinci prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy olacaqdı...

 

* * *

 

1998-ci ildə mətbuata gəlişim siyasi proseslərin qaynar vaxtına düşmüşdü. Bu proseslərdən biri də şəxsən Əbülfəz Elçibəyin ətrafında cərəyan edirdi. Ədliyyə naziri Südabə Həsənova prezidentin şərəf və ləyaqətinin müdafiəsi iddiası ilə Elçibəyi məhkəməyə vermişdi. Məhkəmə prosesi Bakı Şəhər Məhkəməsinin "İnturist" mehmanxanasının yaxınlığındakı o vaxtkı binasında keçirilirdi. Qəribədir ki, hakim Azər Hüseynov çox kiçik zalda keçirilən proses boyu təqsirləndirilən şəxsə soyadı ilə deyil, "Əbülfəz bəy" deyə müraciət edirdi. Hakimlər heyəti ilk gündən onu müttəhimlər kürsüsündə əyləşdirməyə də cəhd etməmişdi. Əvəzində prosesin əvvəlindən sonunadək müttəhimlər kürsüsündə oturmaq mənim "qismətimə" düşmüşdü - zatən oturmağa başqa yer də yox idi. Hər halda, bu da bir maraqlı tarix idi - keçmiş prezidentin əvəzindən müttəhimlər kürsüsündə oturmaq.

 

1999-cu ilin əvvəlində Milli Təhlükəsizlik Nazirliyi məlumat yaymışdı ki, Rəsul Quliyevin Elçibəyə sui-qəsd planının üstü açılıb. Eks-spiker də, rəhbərlik etdiyi ADP də tələb edirdi ki, Elçibəy bu xəbəri təkzib etsin. Bəy isə açıqlama verməyə tələsmirdi.


Mən o vaxtlar elə indi də ADP-yə yaxınlığı ilə seçilən “Hürriyyət” qəzetində işləyirdim. “Hyatt Regency” hotelində müxalifətin keçirdiyi tədbirdən sonra Elçibəyə yaxınlaşdım. Bəy açıqlama vermək istəməsə də, birtəhər razı saldım. Gülə-gülə qayıtdı ki, “gördülər danışmıram, səni göndərdilər yanıma?” Sonra da açıqlama verib bu məşhur cümləni dedi: “Burdan tullanıb okeanın o tayına getməklə adam demokrat olmur. Məni sənin pulların yıxdı, Rəsul!” Elçibəyin bu ifadəsi olduğu kimi “Hürriyyət”də dərc olundu.


1999-cu ilin iyul ayında "Azərbaycan" nəşriyyatının qarşısında jurnalistlərin yürüş cəhdi zamanı fiziki təzyiqlə üzləşmiş və ciddi xəsarət almışdım. Həmin kadrlar telekanallarda göstərilmişdi. Bir neçə gündən sonra "Azadlıq" qəzetinin redaksiyasında rastlaşdıq. Görən kimi məni kabinetinə dəvət etdi. Səhhətimlə maraqlandı, ağrılarımın olub-olmadığını soruşdu. Təbii ki, yalan danışdım. Sanki hiss edibmiş kimi bir neçə dəfə əli ilə kürəyimə vurdu, bu dəfə ağrılarımı gizlədə bilmədim. Sonra aramızda belə bir dialoq yaşandı:

 

- Özünü çox qabağa atmışdın o gün. Bir az ehtiyatlı ol!

- Nə olacaq ki?

- Ata-anana yazığın gəlmir?

- Olar bir söz soruşum? Sizin öz övladlarınıza yazığınız gəlir?

- (bir az fikirləşəndən sonra) Düzünü desəm, yox.

- Onda mənim niyə yazığım gəlsin ki? Subay adamam, özümdən sonra ağlayacaq uşaqlarım da yoxdur heç.

- (qəhqəhə çəkib) Yeri get, kişi adamsan!

 

Bir ay sonra İranın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bir qrup Azərbaycan jurnalistinin Təbriz şəhərinə bir həftəlik səfəri təşkil olunmuşdu. Həmkarlarımın arasında mən də var idim. Səfərdən qayıdarkən Məhəmmədhüseyn Şəhriyarın həyətindəki ağacın dibindən götürdüyüm torpağı Bəyə hədiyyə gətirmişdim. Hədiyyəmi qəbul edərkən qəhərlənmiş, sonra Təbriz sakinlərinin yaşayış və düşüncə tərzi ilə maraqlanmışdı.

 

1999-cu ilin dekabr ayında Azərbaycanda ilk bələdiyyə seçkiləri keçiriləcəkdi. Rəsul Quliyevlə İlyas İsmayılovun həmsədrlik etdiyi ADP bələdiyyə seçkilərinin BMT-nin mandatı altında keçirilməsi təklifini irəli sürmüşdü. Təklif AMİP lideri Etibar Məmmədov və onun müttəfiqi olan AXCP sədrinin birinci müavini Əli Kərimli tərəfindən dəstəklənməmişdi. ADP-də hesab edirdilər ki, bu, AXCP-nin yox, Əli Kərimlinin mövqeyidir. Bir gün ADP-nin baş katibi Sərdar Cəlaloğlu məni kabinetinə çağırıb, təkliflərinin dəstəklənməsi xahişini Əbülfəz Elçibəyə çatdırmağımı istədi. AXCP-nin Xaqani-33-dəki məşhur qərargahına gedib əvvəlcə Mirmahmud Mirəlioğlu ilə, sonra da Elçibəylə görüşdüm və Sərdar bəyin xahişini çatdırdım. Əbülfəz bəy siqaret yandırıb "Əli Kərimli bizim mövqeyimizi açıqlayıb" söyləyəndə "ADP-də hesab edirlər ki, bu, sizin mövqeyiniz deyil" cavabını verdim. Əvvəlcə güldü, sonra fikrini belə davam etdirdi: "Əvvəla, müavinim məndən icazəsiz partiyanın mövqeyini açıqlaya bilməz. İkincisi də, BMT-nin indiyədək hansısa ölkədə bələdiyyə seçkisi keçirməsi praktikasına rast gəlinməyib. A bəy, deməzlərmi bu, necə xalqdır ki, özünə bir bələdiyyə seçkisi də keçirə bilmir? Adama gülərlər e..."

 

Tale elə gətirdi ki, iki ay ərzində Əbülfəz bəydən iki dəfə geniş müsahibə ala bildim - 2000-ci ilin fevral ayında həmkarım Elxan Şükürlü ilə "Hürriyyət" qəzeti üçün, aprel ayında Şeyda Nəsibli ilə "Yeni Müsavat" üçün. Hər iki müsahibəsində daxili siyasi məsələlərdən çox Bütöv Azərbaycan ideyasından danışmağa çalışırdı. Sonradan bildik ki, artıq həmin vaxtlar xəstəliyi özünü büruzə verməyə başlayıbmış. Səhhətinin ağır olmasına baxmayaraq, may ayında ABŞ-da keçirilən Türk Yürüşünə qatılmış, qayıdandan sonra səfəri ilə bağlı geniş mətbuat konfransı keçirmişdi. Bu, onun sonuncu mətbuat konfransı idi. Xaqani-33-ə sonuncu gəlişi isə iyulun 1-ə təsadüf etdi. Qatıldığı son toplantı AXCP Ali Məclisinin sessiyası oldu...

 

* * *

 

Bu, taleyinə ömrünün 23 ilini Əbülfəz Elçibəylə bir əsrdə yaşamaq yazılmış Azərbaycan vətəndaşının xatirələridir. O, qanlı-qadalı repressiya illərində - 24 iyun 1938-ci ildə Ordubadın ucqar dağ kəndində çoban ailəsində anadan olmuşdu. O, doğulduğu ildə Stalinin başçılıq etdiyi rus-sovet rejimi azərbaycanlılara milli kimliyini unutdurmaq üçün sonuncu həmləsini edirdi: dövlət dilinin adı Türk dilindən Azərbaycan dilinə dəyişdirilir, pasportlardakı "türk" kimliyi "azərbaycanlı" sözü ilə əvəzlənir, millətə kimliyini unutdurmayan Cavid, Müşfiq, Cavad, Mümtaz kimi aydınlar, xüsusən də türkoloqlar gedər-gəlməzə göndərilir, bəy-xan zümrəsi tarixin arxivinə gömülür, Azərbaycanın güneyinin İran, quzeyinin Rusiya tərəfindən işğal olunmadığı, ilhaq edildiyi fikri beyinlərə yeridilirdi.

 

Kimin ağlına gələrdi ki, bu qədər genişmiqyaslı tədbirlərə və repressiyalara rəğmən, həmin ildə doğulan bir uşaq azərbaycanlılara türk kimliyini qaytaracaq, o tayl-bu taylı vətənimizin Rusiya və İran tərəfindən işğal olunduğu fikrini hər kəsə qəbul etdirəcək, üstəlik, 180 ildir bu torpaqlarda at oynadan rus ordusunu Azərbaycandan çıxaracaq? Hə, bir də anladacaq ki, bəy yalnız kinolarda və toylarda olmur, həm də həyatda olur. ELÇİBƏY kimi...

 

80 yaşın mübarək, Bəy!

 

# 675
avatar

Cavid Cabbaroğlu

Oxşar yazılar