XXV Beynəlxalq “Xəzər Neft və Qaz – 2018” sərgisi
31 may 2018 14:07 (UTC +04:00)

XXV Beynəlxalq “Xəzər Neft və Qaz – 2018” sərgisi

 

Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir olan Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların nümayişi baxımından mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir. O vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz, energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü, memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilmişdir. İlk dəfə olaraq 1994-cü ildə təşkil olunan sərgi keçirilərkən Azərbaycan, ölkəmizin zəngin, əvəzsiz təbii sərvətləri dünyada o qədər də tanınmamış, bu barədə mövcud rəy heç də birmənalı olmamışdır. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın müasir inkişafının, iqtisadi uğurlarının təməli qoyuldu. İllər keçdikcə ənənəvi olaraq təşkil olunan sərgi və konfrans böyük diqqətlə izlənməyə başlanılmış, geniş maraq dairəsi toplamışdır.

Tədbirin platin sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsorları qismində BP və Statoil, gümüş sponsoru TP Azerbaijan, Bürünc sponsorlar qismində isə Azeri MI, AZFEN, Baku Steel Company, BOS SHELF, Caspian Drilling Company, Caspian Marine Services (CMS), RussNeft, SOCAR Polymer, Tekfen Construction və digərləri çıxış edir.

Xəzər Neft-Qaz Sərgisinin Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rolu olmuşdur. 29 may-1 iyun tarixlərində baş tutan XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı yenə də dünya mətbuatında, ictimaiyyətdə xüsusi maraq oyatdı. Builki sərgidə 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Belarus, İtaliya və Rusiya tədbirdə milli qruplarla təmsil olunur. Sərgi Azərbaycanın Energetika Nazirliyinin və Dövlət Neft Şirkətinin - SOCAR-ın dəstəyi ilə keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  hər il olduğu kimi Bakı Ekspo Mərkəzində XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində şəxsən iştirak etdilər. 25 il ərzində ilk dəfə olaraq, Xəzər Neft-Qaz Sərgisinin açılışı sərgi yerində yox, Səngəçal terminalında baş verdi. Səngəçal terminalında Cənub Qaz Dəhlizinin açılış mərasimində çıxış edən prezident İlham Əliyev XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisinin də açıldığını bəyan etdi. Sərgi ilə tanış olan dövlət başçısı “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vudu və “ITE Group Plc” şirkətinin regional direktoru Strahan Edvard Corc Dankanı “Dostluq” ordeni ilə təltif etdi. Prezident həmçinin “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibəti ilə və ölkəmizdə sərgilərin təşkilindəki xidmətlərinə görə “İTECA Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədova “Tərəqqi” medalını təqdim etdi.

  Azərbaycan sərgi və konfrans vasitəsilə zəngin enerji resurslarına, tükənməz və əvəzolunmaz sərvətlərə malik olduğunu bir daha nümayiş etdirdi. Sərgi bütövlükdə Azərbaycanın müasir inkişafının əsasında dayanan uğurlu enerji siyasəti haqqında dolğun məlumat yaradır. Birləşmiş Ştatların Prezidenti Donald Tramp Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə ünvanladığı təbrik məktubunda da qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, dünya enerji bazarında sabitliyin təmin olunmasında  Azərbaycanın oynadığı mühüm rolu dəyərləndirildi. Bu beynəlxalq miqyaslı tədbir bir daha sübut edir ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizlik sisteminin formalaşmasında əsas aktordur.  Azərbaycan artıq Avropa və bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Azərbaycanın enerji bazarına daxil olması ilə yeni bir canlanma müşahidə olunmuş, neft-qaz infrastrukturunun şaxələndirilməsi istiqamətində əməli siyasət reallaşdırılmışdır. Artıq enerji təhlükəsizliyi ilə bağlı layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Ulu Öndərin təməlini qoyduğu Azərbaycanın enerji strategiyası bu günə qədər uğurla icra edilib və daha da zənginləşmiş, yeniləşmiş çalarlarla yenə də uğurla həyata keçiriləcəkdir.

 

Nailə Məmmədova “Azerbaijan Realities”

 

 

 

# 402
avatar

Oxşar yazılar