<b>Fidan Hacıyeva İsveçrədə - <span style="color:red;">FOTO </b>
24 may 2018 14:44 (UTC +04:00)

Fidan Hacıyeva İsveçrədə - FOTO

İsveçrənin paytaxtı Bern şəhərində yerləşən Bellevue Sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib. Lent.az-ın məlumatına görə, qəbulda İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti Lanq, İsveçrədə akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər üzvləri, Dünya İqtisadi Forumunun üzvləri, İsveçrə hökumət qurumları və ictimaiyyətinin təmsilçiləri, həmçinin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası və İsveçrə Konfederasiyasının dövlət himnləri səsləndikdən sonra tədbiri giriş sözü ilə Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn knyazlığındakı səfiri Xanım İbrahimova açıb. İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti Lanq Azərbaycanla İsveçrə arasında 1992-ci ildə əsası qoyulan diplomatik münasibətlərin getdikcə gücləndiyini bildirib. Qeyd edilib ki, İsveçrə ikitərəfli münasibətlərin müsbət dinamikasının səviyyəsindən məmnundur.

Daha sonra Azərbaycanın xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva, gənc istedadlar və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (fortepiano), Elvin Qənizadə (skripka) və Cəmilə Qarayusifli (skripka) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Musiqiçilərin ifasında həm əcnəbi, həm də Azərbaycan bəstəkarlarının ölməz əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından bir hissə, Ədilə Hüseynzadənin “O gözü ceyran”, Qara Qarayevin “Vals”, Fikrət Əmirovun “Muğam poeması”, Müslüm Maqomayevin “Azərbaycan” əsərləri səsləndirilib. Fidan Hacıyeva konsertin çox yüksək səviyyədə baş tutduğunu deyib və bu cür tədbirdə çıxış etməsindən məmnunluğunu dilə gətirib.

Xalq Artisti Fidan Hacıyevanın ifasında səslənən “Habanera”, “La Spagnola” və “Azərbaycan” əsərləri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Sonda qonaqlara milli və Avropa mətbəxinin təamlarından ibarət ziyafət verilib.

 

# 406
avatar

Oxşar yazılar