74
13:41
22 Yanvar 2018

Türkiyənin məşhur layihəsinin Azərbaycan seçimi başa çatdı

Türkiyənin məşhur “Sinemanin kral və kraliçasi”: 2-ci sinema güzeli yarişmasi” layihəsinin Azərbaycan seçimi başa çatıb.
Lent.az -ın məlumatına görə, “Sinemanın Kral və Kraliçesi:II Sinema Güzeli Yarışması” layihəsində paytaxt Bakı və bir çox regionlardan 14 qız və 30 oğlan iştirak edib. 3 saat davam edən yarışmada gənclərin səhnə mədəniyəti, intellektual səviyyələri və aktyorluq bacarıqları yoxlanılıb. Nəhayət, sonda 1 qız və 1 oğlan finala vəsiqə qazanıblar. Müsabiqədə qalib olan qız - 24 yaşlı Səhər Əkbər Lider Televiziyasına 5 ildir aparıcılıq edir, modeldir. Digər qalib 24 yaşlı Pərviz Musayev Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsidir. Digər ikinci yeri tutan bir qız və oğlan isə müsabiqədə iştirak üçün seçilən Səhər Əhməd və Pərviz Musayev müsabiqədən imtina edəcəyi və yaxud hər hansı səbəbə görə getməyəcəyi təqdirdə onların yerinə göndəriləcək. Yarışmada bir istisna hal da olub. Belə ki, bir nəfər xanım-Pərvin Həsənzadə Kiprdə keçiriləcək "Miss Fashion" gözəllik yarışmasında iştirak etmək üçün seçilib. “Sinemanin kral və kraliçasi”: 2-ci sinema güzeli yarişmasi” layihəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Eyyubqızının sözlərinə görə, finala vəsiqə qazanan Səhər Əkbər və Pərviz Musayev birbaşa İstanbulda keçiriləcək son final yarışmasına qatılacaqlar.
İlk olaraq Türkiyə, bəzi Avropa ölkələri və Azərbaycandan seçilən 14 qız və 14 oğlan finalçı onlar üçün yardılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək. Sonda bu ilin mart ayının 27-də keçiriləcək final gecəsində 28 finalçının içərisindən 1 qız və 1 oğlan sinemanın kral və kraliçası seçiləcəklər.
Layihənin məqsədi istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır.
Bakı yarışmasında 13 nəfərdən ibarət olan münsiflər heyətinə Türkiyənin məşhur sənətçilərindən Tamer Karadağlı, Ceren Kaplakarslan, Vilma Elles və digərləri daxil idi, Azərbaycan tərəfdən isə aktrisa Məlahət Abbasova, modelyer Gülnarə Xəlilova və yarışmanın Azərbaycan təmsilçisi Vüsalə Səid Eyyubqızı daxildir.
“Ötən əsrin 70-ci illərində Türkiyənin Artist” və “Səs” jurnallarının həyata keçirdikləri “Sinema Gözəli” yarışı ilə “Yeşilçam”ın bir çox istedadlı gəncləri məhşur aktyor və aktrisalar kimi tarixə düşdülər. 2017-ci ilin mart ayında yenidən fəaliyyətə başlayan müsabiqədə hüquq fakülətəsinin məzunu Dilara Gülsün Meydancı “Kraliça”, Robert Liseyinin məzunu 22 yaşlı Orhan Öztürk isə “Kral” oldu.