<b>Klinton barəsində “elektron poçt” işi üzrə istintaq bərpa olundu</b>
29 oktyabr 2016 07:52 (UTC +04:00)

Klinton barəsində “elektron poçt” işi üzrə istintaq bərpa olundu

ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna namizədi Hillari Klinton barəsində bir müddət əvvəl yekunlaşan “elektron poçt” işi üzrə istintaqı yenidən bərpa edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu  FTB-nin direktoru Ceyms Komi bəyan edib. O artıq bununla bağlı Konqresi məlumatlandırdığını da bildirib.

 

C.Kominin sözlərinə görə, digər iş üzrə araşdırma aparan FTB həmin işin Klintonun xidməti və fərdi yazışmalarI ilə əlaqəli olduğu qənaətinə gəlib. Komi qeyd edib ki, FTB əməkdaşları məktubların məzmunu ilə yenidən tanış olmalı, onların istintaq üçün mühümlüyünü qiymətləndirməlidirlər.

 

İddiaya əsasən, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb.

 

Xatırladaq ki, Hillari Klinton iyulun 2-də Federal Təhqiqatlar Bürosunun müstəntiqləri tərəfindən “elektron poçt işi” üzrə 3,5 saat dindirilib.

# 267
avatar

Oxşar yazılar