Qənirə Paşayeva Gürcüstanın baş naziri ilə görüşüb
23 aprel 2016 10:18 (UTC +04:00)

Qənirə Paşayeva Gürcüstanın baş naziri ilə görüşüb

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Strasburqda Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə görüşüb. Lent.az-ın məlumatına görə, Azərbaycan və Gürcüstanın parlament üzvləri, parlamentlərarası dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətlərinin AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirmələrinin və ölkələrin maraqları çərçivəsində, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlığın və işbirliyinin daha da artmasının vacibliyi xüsusi vurğulanıb.

 

Millət vəkili bildirib ki, Azərbaycan və Gürcüstanı ortaq keçmiş, dostluq münasibətləri, ümumi maraqlar, Gürcüstan vətəndaşı olan azərbaycanlılar və Azərbaycan vətəndaşı olan gürcülərlə bərabər ortaq problemlər də birləşdirir. Azərbaycan və Gürcüstanın hər ikisinin ərazi bütövlüyünün pozulması problemlərindən əziyyət çəkdiyini bildirən Qənirə Paşayeva bu problemin də hər iki ölkəni birləşdirdiyini vurğulayıb. O, bildirib ki, bu məsələdə Azərbaycan və Gürcüstan millət vəkilləri bundan sonra da bütün platformalarda birgə çıxış etməli və hər zaman biri-birilərinə qarşılıqlı dəstək göstərməlidir.

 

Gürcüstanın baş naziri bildirib ki, hər iki ölkənin parlament üzvlərinin birgə fəaliyyətinin daha da güclənməsi, birgə səylərin daha da artırılması vacibdir. Azərbaycanın Gürcüstanın dostu və strateji müttəfiqi olduğunu vurğulayan Georgi Kvirikaşvili iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın getdikcə daha da güclənəcəyini vurğulayıb. Görüş zamanı Gürcüstanda yaşayan soydaşlarımız və Ahısxa türklərinin Gürcüstana dönüşü ilə də bağlı da fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva AŞPA-da Gürcüstan baş nazirinin iştirakı ilə Gürcüstanın müstəqillik gününə həsr olunmuş tədbirdə, baş nazirin iştirakı ilə keçirilən qəbulda da iştirak edib və Gürcüstan heyətini təbrik edərək dost Gürcüstana hər zaman sabitlik və inkişaf diləyib.

# 218
avatar

Oxşar yazılar