Prezident: “Ölkəmizin gələcəyi sahibkarlığın inkişafından asılı olacaq”
30 yanvar 2016 07:54 (UTC +04:00)

Prezident: “Ölkəmizin gələcəyi sahibkarlığın inkişafından asılı olacaq”

“Ölkəmizin gələcəyi sahibkarlığın inkişafından asılı olacaqdır. Xüsusilə indi geniş özəlləşdirmə proqramı nəzərdə tutulur. Dövlət ancaq strateji aktivləri öz inhisarında saxlayacaqdır. Bu, ona görə lazımdır ki, dövlətin strateji aktivləri dövlətin nəzarətində olsun. Ancaq geniş özəlləşdirmə sahibkarlığın inkişafına yeni təkan verəcək”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı deyib.

 

Dövlət başçısı qeyd edib ki, sahibkarlığın inkişafı üçün çox böyük işlər görülür: “Bu günə qədər sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilmişdir. Bu il də 250 milyon manat nəzərdə tutulubdur. Bu, iqtisadiyyatın real sektoruna qoyulan birbaşa vəsaitdir, yeni iş yerləri yaradır, idxaldan asılılığı azaldır. Əlbəttə ki, bu gün ixracyönümlü məhsulların istehsalı da prioritetdir. Biznes inkubatorlarının yaradılması prosesi də gedir. Azərbaycanda bütün istiqamətlər üzrə sahibkarlıq inkişaf etməlidir”.

 

Prezident İlham Əliyev bildirib ki, bu gün ölkə üçün yeni dövr başlayır: “Əminəm ki, bu dövr də uğurlu olacaqdır. Bu, postneft dövrüdür. Postneft dövrü bizim hesablamalarımıza görə 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövründə yaşayırıq. Növbəti 2-3 il ərzində, xüsusilə iqtisadi sahədə yeni iqtisadi model artıq işləməyə başlayacaqdır”.

 

Dövlət başçısı qeyd edib ki, indiki dövrdə Azərbaycana qabaqcıl texnologiyalar gətirilməli və kadr potensialı hazırlanmalıdır: “Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir”.

 

Prezident vurğulayıb ki, gənclər  cəmiyyətin fəal üzvləri kimi ölkənin güclənməsində əsas rol oynayırlar: “Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq”.

# 287
avatar

Oxşar yazılar