66
18:01
04 Fevral 2015

Lamiyə

Əslində bu mövzuda yazmaq istəmirdim. Niyəsi də odur ki, son günlər mətbuatın gündəmindən düşməyən Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsinin onun özəl həyatına aid məsələ olduğunu düşünürəm, özəl həyat isə toxunulmazdır. Bu baxımdan qanuni nikahda olmayan bir xanımın məhbəsdə ana olması faktına loyal yanaşmağa çalışırdım.

Amma və lakin Lamiyənin uşağının atası olmaqda adı hallanan “potensial iddiaçılar”ın cocuqdan imtina etməsi fonunda 2003-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı tükürpədən həqiqətlərin üzə çıxması bu mövzuya toxunmağı zəruri etdi. Bəs nədir o həqiqətlər?

Bu günlərdə sosial şəbəkələrdə Şəmkirin sabiq icra başçısı (sonradan kənd təsərrüfatı nazirinin müavini) Aslan Aslanovun oğlu Ruslanın qətlində ittiham olunan Vüqar Əliyev və Lamiyə Quliyevanın məhkəməsində hökm oxunma səhnəsinin videogörüntüləri, eləcə də qətl hadisəsi ilə bağlı yeni məlumatlar yayıldı. Məlum oldu ki, istintaq və məhkəmə vaxtı Vüqar Əliyev Ruslan Aslanovu öldürdüyünü etiraf etməyib, sadəcə, Lamiyə ilə Ruslan arasında üzləşdirmə aparmaq istədiyini deyib. Lamiyə Quliyeva isə Ruslanın onu zorladığını və nişanının qaytarılmasına baiskar olduğu üçün qətlə yetirdiyini bildirib. İstintaq və məhkəmə isə qətlin namus müstəvisində törədilməsi faktını gizlətmək üçün qətlin torpaq mübahisəsi zəminində törədildiyini “sübut” etməyə çalışıb və buna “nail” olub. Guya Aslan Aslanovla Vüqarın atası İbrahim arasında torpaq mübahisəsi olub, bu səbəbdən Vüqar Ruslanı öldürüb. Lamiyə 10 il, Vüqar isə ömürlük azadlıqdan məhrum olunub. Vüqar Əliyevin “cinayəti bilib gizlədən” atasını da məhkəmə zalında tutub 4 il, anasına 2 ay, xalalarına 2 ay, qardaşına 2 ay, dayısına 2 il, xalası oğluna 1 il 8 ay, dostuna 6 ay iş veriblər. Aslanovun oğlunun öldürüldüyü bıçağı satan uşağı da 7 ay həbsdə saxlayıblar, sonra da üzr-filan istəmədən məhkəmə zalından azadlığa buraxıblar.

Vüqar Əliyevin bu cinayət hadisəsi ilə bağlı həbsxanada üçüncü şəxsin dilindən qələmə aldıqlarından isə belə məlum olur ki, o dövrdə qılıncının dalı da, qabağı da kəsən Aslan Aslanov hətta Vüqarın qardaşının həyat yoldaşını da həbs etdirmək istəyib, lakin prokurorluq işçiləri özlərində cəsarət taparaq ona etiraz ediblər və bu addıma getməyiblər.

Məlumatlara görə, Şəmkirin sabiq icra başçısı müdafiə naziri Səfər Əbiyevlə kirvə, eyni zamanda "Azərneftyağ" birliyinin mərhum direktoru Ramiz Mirzəyevin qaynı idi.

Ruslan Aslanovun “torpaq mübahisəsi zəminində” qətlə yetirilmədiyini hər kəs bilir. Əslində bunu 2003-cü ildə hökm oxunarkən də hamı bilirdi. Sadəcə, ortada cinayət hadisəsi və qətlə yetirilən vardı. Qatil isə mütləq cəzasını almalıydı. Zərərçəkən tərəfin yarası da təzəydi, emosiyaların sakitləşməsi üçün vaxt lazımıydı.

Budur, üzərindən 12 il ötüb. Aslanovun oğlunun qətlində təqsirləndirilən şəxslərə qarşı səlahiyyətlərindən və əlaqələrindən istifadə edərək cəzalandırması, 2013-cü ildə cəza müddəti başa çatan Lamiyə Quliyevanın azadlığa çıxmasına imkan verməməsi barədə demək olar ki, hər gün yeni məlumatlar yayılır. Cinayətdə iştirak edən şəxslər öz cəzalarını artıqlaması ilə çəkiblər. Üstəlik, məhkəmə hökmünün cinayətə adekvat olmadığı da gün kimi aydındır. Harada görünüb ki, bir nəfərin qətlinə görə adama ömürlük həbs cəzası verilsin? Avtoşluq edərkən iki nəfərin - xalq artisti Ağasəlim Abdullayevin xanımının və nəvəsinin həyatına son qoyan məmur oğluna niyə ömürlük həbs cəzası verilmədi?

Dünya, o cümlədən milli hüquq praktikasında humanizm prinsipləri getdikcə daha çox ağırlıq təşkil etməyə başlayır. Hesab edirəm ki, müvafiq dövlət orqanları 12 il əvvəl baş vermiş bu cinayət hadisəsinin yenidən araşdırılmasına başlamalı, Vüqar Əliyev və Lamiyə Quliyeva üzərində yenidən məhkəmə qurulmalıdır. Onlardan hansının qatil olduğu aşkarlanarsa, bir nəfərin qətlinə görə Cinayət Məcəlləsində nəzərdə tutulan müddətə maksimum cəzası müəyyən edilməli, o müddət başa çatıbsa, azadlığa buraxılmalıdır. Bu cinayət işi ilə bağlı müstəntiq və hakimlərin də fəaliyyəti araşdırılmalı və Azərbaycan məhkəmə sisteminin üzərində həm də bu olayla bağlı yaranmış sual aradan qalxmalıdır.

Lakin bu məsələ barədə yazanda övladını itirmiş Aslan Aslanovu da düşünməmək olmur. Bəli, qisasçılıq pis hisdir, insanlar nə olursa-olsunç hüququn aliliyinə riayət etməlidirlər. Hələ bir dövlət məmuru hüququ öz hissləri üçün istismar edə bilməz, bu yolverilməzdir.

Amma danılması mümkün olmayan bir həqiqət var: övlad acısı ağırdı, unudulmazdı, onun yaratdığı şokun, açdığı yaranın effekti ilə atılan addımlar qarşısında bəzən qanun belə söz tapmır. Xüsusi olaraq yazıram, bu, əlbəttə, heç kimə səlahiyyətindən sui-istifadə haqqı tanımır. Amma mən yazımda bütün reallıqları ortaya qoymaq, bütün tərəfləri başa düşmək və həqiqəti axtarmaq istəyirəm.

Və ən əsası... Bu dramın bundan sonrakı qəhrəmanı başqadı. Nə Aslanov, nə Lamiyə, nə də Vüqar. Bu hekayətin bundan sonrakı qəhrəmanı Sahibdi! Lamiyənin atasının adını qoyduğu övladı! Bu saqqız kimi çeynənən talelər, acı bağırsaq kimi uzanan seriallar, cinayət işinin detalları, mediada, sosial şəbəkədə aparılan müzakirələr, araşdırmalar, müxtəsəri, cəmiyyətin gözü önündə açılıb tökülən "mətbəx" sabah üçün o uşağın başqaxıncı, tənə yeri, psixoloji-mənəvi zədəsidi. Anasının kimliyindən, keçmişindən asılı olmayaraq, bu məsələ hüququn dili ilə həllini tapmalı, cəmiyyəti maraqlandıran sualların cavabı verilməli və məsələ medianın gündəmindən çıxmalıdır.

Yoxsa... 16-17 il sonra o həbsxanada yenə Sahib adlı biri olacaq. Bu dəfə suçsuz, dünyadan bixəbər bir körpə kimi yox, bəlkə də qəsdən adam öldürmədə ittiham olunan məhbus kimi!

... Bu məsələyə qiymət verəndə də, yazanda da, danışanda da, məncə, yalnız bu düşünülməlidir. O uşağın taleyi, gələcəyi indi yazılır!