<b>Məşum gecənin şahidi: “Ayaqlarım məni cənnətdə gözləyir...” – <span style="color:red;">DƏHŞƏT HEKAYƏTİ </b>
26 fevral 2014 12:00 (UTC +04:00)

Məşum gecənin şahidi: “Ayaqlarım məni cənnətdə gözləyir...” – DƏHŞƏT HEKAYƏTİ

Saçın ucun hördülər, gülü sulu dərdilər… bu sevda çox uzandı… Səni kimə vermədilər, Sarı gəlin…

Nənən ölməsin, Sarı gəlin…

O sənin kimliyini sübut edə biləcək yeganə şahiddir…

Heç nə etməyək… aman… aman… Sarı gəlin…

Səndə dərdinmi var deyirsən, Sarı gəlin?..

Mən bir sarı saçlı qız tanıyıram, gecələr yuxusuna bir cüt ayaqqabı girir, Sarı gəlin…

O ayaqları ilə son dəfə Xocalıdakı evindən çıxıb…

O ayaqlar onu xilas edib, amma o özü həmin ayaqları xilas edə bilməyib, Sarı gəlin…

Düz 20 ildir ki, dünya onun çarpayısından kənarda fırlanır, Sarı gəlin…

Nənən dözsün, Sarı gəlin…

             

Bəli, köhnə yazımdandı. Onu sizə yeni kimi təqdim etmək fikrim yoxdur. Sadəcə, sizi o qızla tanış etməyi düşünürəm. Dünya çarpayısından çox uzaqlarda fırlanan həmən o Xədicə Orucova ilə. Onunla iyirmi il əvvəl tanış olmuşam. Sonralar bir-birimizdən xəbərimiz olmayıb.

 

Xocalı faciəsi baş verəndə cəmi 22 yaşı var idi. Sonra müharibənin bir insana yaşada biləcəyi nə müsibət varsa, hamısını yaşayıb – ailə üzvlərini itirib, əsir düşüb, əlil olub...

 

...Ünvanını uzun axtarışlardan sonra tapırıq. Fotoqrafımız Samirə xanımla məcburi köçkünlərin məskunlaşdığı yataqxanada onu soruşanda cavabdan heyrətlənirik: “Beşinci mərtəbəyə qalxın, qırmızı pərdəli qapı!” Təbii, lift də yoxdur...

 

Darısqal, bapbalaca, 90-cı illərin üslubunda bəzənmiş, təmirsiz divarlarında isə dini lövhələrlə köhnə fotoşəkillər asılan otağın ortasında ayaq üstdə dayanıb bizi qarşılayır, amma hər iki əli ilə stola dayaq verib... Onun qarşısında ayaqlarımla beşinci mərtəbəyə qalxmağın təngnəfəsliyindən utanmağım az idi, bir də... Kaş ki, ayağa qalxmasaydı...

 

Bir nəfərə dar gələn bu otaqda üç nəfər yaşayırlar. O, bacısı və bacısının 10 yaşlı oğlu. Qonşuluqdakı bu boyda otaqlardan birində isə qardaşı öz ailəsi ilə yaşayır.

 

Əyləşir, Samirə fotoaparatını çıxaranda mənə “Gəl, yanımda otur” deyir.

 

Fotolar çəkilən kimi, mənə “Sən də rahat otur” deyib, yerini dəyişir. Ayağındakı protezlərinin üstündə on dəqiqədən artıq gəzmək mümkün olmadığını deyir. Yoxsa ağrılar dözülməz olur...

 

Bacısı Təzəgül çay süfrəsi hazırlayır...

 

Söhbətə iyirmi il əvvəlki tanışlığımızı xatırlamaqla başlayırıq. Bu iyirmi ildə həyatımda nələr baş verib, hamısını canıyananlıqla soruşur. Bildiyiniz “Qız-qıza” söhbət! Deyirik, gülürük... O qədər tez-tez mövzu dəyişirik ki, təsəvvür edin, mən söhbəti köçürəndə fərqinə vardım ki, düz altı saat bir nəfəsə danışmışıq...

 

Ürəyindən müalicə alıb, ona o günləri çox xatırlamaq zərərlidir. Biz də xatırlamamağa çalışırıq... Hər dəfə əllər süfrədəki salfetə uzananda mövzunu dəyişirəm. Hətta bir-birimizin gözünün yaşını qurutmaq üçün bir neçə lətifə də danışmalı oluruq. O qədər həyat dolu insandır ki... Bütün yaşadıqlarına, itkilərinə, kədərinə rəğmən gülüşünü itirməyib. Ayaqdan məhrum olsa da, taleyinin qarşısında dimdik ayaq üstdə dayana bilib...

 

Altı saatlıq qəhqəhə və hıçqırıq dolu söhbətimizin çox kiçik bir hissəsini seçib, sizə təqdim edirəm:

 

- Düz iki il müalicə aldım. Həkim dedi hamısı o vaxt yaşadığın qorxular, stresslər, aldığın narkozlardı... Bilirsən də, axı mən ayağıma görə düz yeddi dəfə əməliyyat olundum. Bütün onlar hamısı yığılıb və birdən partlayış baş verib. Çox əziyyətlə müalicə olundum. Əlil təqaüdü nədir ki...

 

- Nə qədərdir?

 

- Birinci qrup əlilliyə görə 150 manat alıram. Bir də üçümüzə 50 manat “çörək pulu” alırıq. Onu da həkimə verim, taksiyə verim, dərmana verim... Amma onu deyim ki, bir ürək həkimi var, Kəlbəcərli Şakir həkim, allah köməyi olsun, nə vaxt pul vermişəm, deyib mən xocalılardan pul almıram. Hələ çox vaxt dərmanımı da pulsuz verib. Amma yenə də olmur, axı tək mən deyiləm, yeməyimiz var, uşağın məktəbi var... Nə isə, sən canın bu haqda yazma. Sonra elə bilərlər kimdənsə nə isə istəyirəm, deyərlər nə üzlü adamdı...

 

Mövzunu dəyişib, sosial problemlərdən mümkün qədər uzaqlaşmağa çalışırıq. Bir az zarafat edib güləndən sonra qəfil dayanır... Gülüşü hələ üzünü tam tərk eləməmiş gözləri dolur, başını bulayır:

 

- Vüsalə, iyirmi iki il əvvəl hər şey tamam başqa cür idi. Onda adamın arzuları var idi. Fikirləşirdim, özümə bir peşə seçərəm. Cəmiyyət içinə çıxmağı, işləməyi, insanlarla ünsiyyət saxlamağı xoşlayıram. Qaynayıb qarışan adamam. Bütün xəyallarım suya düşdü... İndi düz iyirmi iki ildir ki, öz-özümlə danışıram...

 

- Ağrılıdır, bilirəm... Amma öz-özünə danışmaqdansa... Mənə danış...

 

- Atışma səsinə elə öyrəşmişdik ki, sakitlik olanda narahat olurduq. Deyirdik görən nə planlaşdırırlar...

 

Bacısından foto albomunu gətirməyi xahiş edir. Əvvəlcə albomun kədərli tarixçəsini danışır. Bu, yəqin ki, dünyadakı ən kədərli albomdur...

 

- Bu albomu sonradan düzəltmişəm. Xocalıdan kənarda yaşayan bütün qohumlardakı şəkillərimizi toplayıb üzünü çıxartdırmışıq. Bax, rəhmətlik anamdı, məzlum... Bu atamdı, yazıq... Bacıma bax... bədbəxt... lap uşaq idi... Bu mamam qızıdı... Bizdə atanın bacısına mama deyirlər. Sizdə də?

 

- Hə...

 

- Onda elə mamam qızı deyəndə bil ki, Gülbaharı deyirəm. Gülbahar Behbudova, o da şəhid oldu...

 

- Ümumilikdə ailədən neçə nəfər itirdiz?

 

- Öz ailəmizdən üç nəfər – atam, anam, bacım. Yaxın qohumlardan isə düz iyirmi beş nəfər. Əmimin böyük oğlu Bakıda oxuyurdu, ikinci kursda. Yazıq... Yanımızda erməni vurdu, sonra qayıtdıq ki, yerdə qan var, amma meyiti yoxdur. Bilmədik götürüb aparıblar, ya öldürüblər... Atamın bir bacısı var idi – Afilə müəllimə. Üç oğlu, yoldaşı və özü. Ailə yox oldu. Hələ də bilmirik öldürüblər, yoxsa... Anam tərəfdən bir dayım, atam tərəfdən isə bir mamam qalıb. Nəsildən qalan bircə o ikisidir. Qalan hamısı qalıb orda... Atamın bir bacısını, iki qızını, bir oğlunu meşədə güllələdilər... Axır-məhşər deyirlər e, bax, meşədə vəziyyət elə idi...

 

- Mənə danışmışdın ki, meşədə hara qaçıb onları görsək, elə bilirdik bizimkilərdi...

 

- Azərbaycanca elə təmiz danışırdılar ki, ayırd eləyə bilmirdik. Hamısı bizi çaşdırıb özlərinə tərəf gətirmək üçün...

 

- Ermənicə danışan heç yox idi?

 

- Bir kəlmə də eşitmədik! Elə təmiz danışırdılar ki... Biri dedi Bakı ermənisiyəm, o biri dedi Şuşadanam...

 

Artıq danışa bilmir... Bu haqda düşünəndə dəhşətə gəlirsən, nəinki bir insandan o günləri xatırlamağı, əsirlik həyatını danışmasını istəyəsən. Məncə insanlıqdan uzaqdır... Mövzu dəyişmək üçün albomu axırdan əvvələ vərəqləməyə başlayıram:

 

- Bu şəkildə fərqlisən. Sarı saçlarla... Mən səni belə xatırlayıram...

 

- Hə, xəstəxanada çəkdirmişəm. Görürsən də, mənim bütün şəkillərim xəstəxanada çəkilib. İnsan nə qədər xəstəxanada yatar, aylarla, illərlə yatdığım olub...

 

- Biz də səninlə xəstəxanada tanış olmuşuq.

 

- Hə, bax burda səninlə də şəklim var.

 

Mənimlə çəkdirdiyi şəkli axtarmaq üçün səhifəni çevirəndə bir qız şəkli çıxır. Çox köhnə və ağ-qara olduğundan ayırd edə bilmirəm:

 

- Bu sənsən?

 

- Mamam qızıdı, Gülbahar... Yazıq... Yaşıd idik, poçtda telefonçu işləyirdi. Hələ işğaldan düz yeddi ay əvvəl ermənilər işığımızı kəsmişdilər, qaranlıqda idik. O da gecə növbəsində tək olanda qorxurdu. Poçtda bir-iki saatlıq dizel yandırıb, Ağdama, Şuşaya, ya da Bakıya vəziyyəti xəbər verirdilər. Gülbaharın növbəsi olanda gedib yanında otururdum ki, tək qalmasın. Bir axşam Gülbaharla oturmuşduq, birdən Əlif Hacıyev xəbər verdi ki, “Ağdama, Bakıya xəbər verin, Xocalı mühasirədədir!” Bunu deyəndə elə bil ki, canıma titrətmə gəldi, bütün bədənim keyidi. Həmin ana qədər qaz yanırdı, amma ondan sonra, düz gecə saat on bir tamamda qaz söndü. Onsuz da otaqda çıraq işığına oturmuşduq, qaz da söndü. Tez qonşuya zəng elədim ki, evimizə xəbər ver, ermənilər Xocalını mühasirəyə alıb.

 

İki qonşu birləşib evin arasında xəndək qazıb, üstünə “nastil” qoymuşduq. İçində soba, palaz var idi. Atışma başlayanda gedib orda oturur, ara sakitləşəndən sonra qayıdıb gəlirdik.

 

Bakıdan da 23 nəfər könüllü gəlmişdi, tez-tez ratsiyanı enerjiyə qoymaq üçün poçta gəlirdilər. Bir-birlərinə danışanda eşitdik ki, deyirlər gecə ermənilər gələcək, heç nəyimiz yoxdur. Nə tankda benzin var, nə silahda güllə. Bunu da eşidəndən sonra elə narahat oldum ki, dedim “Gülbahar, mən qaçım evə özüm xəbər verim. İşıq yox, televizor yox. Hamısı axşamdan yatıb”. Durdum qaça-qaça gəldim, evə girib gördüm çıraq yanır, hamının da yeri yerdən döşənili, amma açıq... Deməli xəbəri eşidən kimi yerlərindən durub qaçıblar xəndəyə. O vaxtlar da işıq yanmadığına görə Ağdamdan un gətirib, “pekarnı”da xəmir qatıb, hər evə bir-iki kündə verirdilər ki, evdə qazımız var, özümüz bişirib çörək eləyək.

 

- Gör insanları düz yeddi ay hansı vəziyyətdə saxlayıblar...

 

- Ay sağ ol! Mən həmişə deyirəm, bizim yiyəmiz olmadı! Hökumət yox idi ki! İndiki hökumət olsaydı heç vaxt başımıza bu hadisə gəlməzdi. Bakıda başları “kreslo” davasına qarışmışdı, orda da ermənilər deyirdi Xocalı bir nardır, onu elə sıxacağıq ki... Eh, danışanda ağlamaya bilmirəm...

 

- Gəl mövzunu dəyişək...

 

- Onu deyirdim axı, mən evə girəndə yataqlar açıq, qapılar açıq, çıraq da yanırdı... Acından da ölürəm, mətbəxə keçdim ki, anamgil bir qazan kələm dolması bişirib. O xəmiri də bişiriblər, isti çörək stolun üstündə. Çörəyin yarısını bölüb, içinə dolma qoydum ki, gedib xəndəkdə oturub yeyim. Gedib gördüm Xocalının başında olan adamlar da xəndəkdədir. Uşaq, böyük... Qonşuda bir Vüqar adlı oğlan var idi, gəldi ki, Allah evinizi yıxsın, bura niyə yığılmısız? Erməni Xocalının içindədir! Başladıq qaçmağa...

 

- Əynin qalın idi?

 

- Nazik idi, amma poçt soyuq idi deyə, gedəndə üstdən qalın palto geyinmişdim. Ayağımda isə yun “kolqotka”m var idi. Evə girib özümə yemək götürəndə üstündən də bir yun şalvar geyinmişdim. “Sapoqi”min də içi yun, qalın idi, yəni o qoymazdı ayağıma soyuq olsun. Altı da düz, rahat idi. Amma anamgil hamısı ev şəpiti ilə çıxmışdılar. Hələ ayaqyalın çıxanı da var idi... Necə qaçırdıq... Bizim bir tərəfimizdən İlis çayı axırdı, suyu qurumuşdu. Atırdılar, toplar çaya düşür, çay daşları göyə qalxır, yenidən başımıza yağırdı.

 

- Daş yağışı kimi...

 

- Hə! Elə bil ki, göydən başımıza daş yağırdı! Daşlar evlərin şifer damına tappıltıyla dəyib elə vahiməli səs çıxardırdı ki...

 

- İnsanların, topların və damların səsi bir-birinə qarışmışdı...

 

- Təsəvvür elə, elə bil evlərimiz də bizimlə bir yerdə çığırır, nalə çəkirdilər... Mən “Ay Allah, kömək ol” deyib bərkdən ağlayırdım... Atam isə qışqırırdı, “Bəsdir, görmürsən allah bizdən üz döndərib?! Qaç!”

 

O danışır, mən isə film izləyir kimi donub qalmışam. Əlimi salfetə uzadanda bacısı Təzəgül xanımın səsi söhbəti kəsir:

 

- Vay, salfet qurtarıb? Dayan, gətirim! Çayları da təzələyim.

 

- Əziyyət çəkməyin...

 

- Bilirsən nə çaydı? İçinə mixək də atmışam...

 

Əla! Nə yaxşı mixəkdən söz saldı! Mən tez onunla çayın içinə başqa nələr atanda faydalı olur, o haqda danışmağa başlayıram. Xədicə də gözünü silib, bizə qoşulur... Eynən filmin ən kədərli anında ortaya girən reklam – çay fasiləsi kimi... Sonra yenə Xocalıya qayıdırıq... Mən o haqda danışmamasını istəyirəm, o da mənə məktəb xatirələrindən, hər il aprelin 12-də kosmonavtika günü münasibəti ilə limonad, şirniyyat alıb nəfəsləri kəsilə-kəsilə dağın başına yürüş etməklərindən danışır. Yenə gülüşü üzündə donur, gözləri dolur, başını bulayır...

 

- Amma həmin gecə o dağa necə bir nəfəsə çıxırdıq... Ac, susuz... Projektorları da salırdılar üstümüzə...

 

Cəhdlərim boşunadır. Çünki bütün söhbətlər ora aparır... O gecəyə... O meşəyə... O dağa... Onun həyatını iki yerə bölən o gecəyə, o meşəyə, o dağa...

 

- Gəlib çatdıq dəmir yoluna. Dedilər bura niyə yığışmısız? Qaçın meşəyə! Qışın günü, Kətik meşəsinə qardan giriləsi deyil, Qarqar çayında isə su qalxıb. Bir tərəfdən də qorxu... İnan, bəlkə də həmin gecə çox adamı çay apardı. Adamlar qorxudan nə edəcəyini bilmirdi, çoxu özünü vurdu çaya. Böyük bacım Sənəmlə mən başladıq bir-bir anamı, bacımı, uşaqları çiynimizə alıb çaydan keçirməyə ki, ayaqları suya dəyməsin.

 

- Yanınızda neçə uşaq var idi?

 

- Sənəmin iki körpə qızı, biri yaş yarım, kürəyinə bağlayıb, o biri də üç yaşında mən qaçanda almışam belimə. Rusiyada yaşayan qardaşımın oğlu Ruslanı isə körpəlikdən biz saxlamışıq, onun da əlindən tutmuşam. İctimai kanalda xəbərlər başlayanda bir oğlan uşağı var, dönüb baxır, ayağında yun corab... Bax o Ruslandı, 7 yaşı var idi... O uşaq heç birimizə əziyyət vermədi, özü-özünü gətirib çıxartdı... (Divardakı portreti göstərir) Bu yazıq bacım da elə uşaq idi, hələ on altı yaşı tamam olmamışdı... Gəldik meşəyə... Soyuq hava, biz də çaydan keçmişik, su içindəyik. Titrədirəm! Qaçmağa taqətim qalmayıb, meşədən bir ağac tapıb ona söykənib gedirəm. Birdən rəhmətlik anam geri dönüb qışqırdı ki, “balalarımı tutdular!” Dönəndə gördüm hardasa 10-15 metr bizdən aralıda... atamın kurtkasını əynindən çıxartdılar, başındakı norka papağını, üstündəki sənədləri aldılar, avtomatın qundağı ilə kürəyinə vururdular... Rəhmətlik anam çökdü... Dedim gəl qaçaq, heç olmasa bu iki körpə erməni əlinə keçməsin. Getmədi ki, qoy hamımızı tutsunlar, balalarımı qoyub gedə bilmərəm... Ermənilər atamı vura-vura gətirdilər... Bacım, balaca qızı və o biri iki bacım da yanlarında. Bu vaxt meşənin kənarından ağ “Niva” keçdi və atışma başladı. Ermənilərin başı qarışdı, biz tanımadığımız bir tərəfə üz tutub qaçdıq...

 

Susur... gözündən durmadan yaş axır... nəfəs almaqda çətinlik çəkirəm...

 

- Atanın neçə yaşı var idi?

 

- 53. Atamla anam yaşıd idilər...

                                           

Belə hallarda adətən rəhmət oxuyur, qəbri nurla dolsun deyirlər. Mən isə deməyə söz tapmıram. Çünki deyəcəyim hər hansı bir söz onun dərdini bir az da artıracaq. Axı onların bir məzarı belə yoxdu...

 

- Anamın ürəyi dözmədi... O ilk itkimiz, gözümüzlə gördüyümüz ilk ölüm idi... Elə həmin gecə vəziyyəti pisləşdi, artıq yeriyə bilmirdi... Bir qoluna mən girdim, o birinə də böyük bacım. İkimizin də kürəyində uşaq. Üzü yuxarı dağa çıxırıq, anam da tərpənə bilmir. Taqətim də tükənib... “Sapoqi”lərim də çaydan keçəndə su olub deyə həm qarda sürüşür, həm də elə ağırlaşıb ki, addım ata bilmirəm. Çıxardıb verdim bacıma ki, bunu sən gətir...

 

Susur... Ayaqlarına baxır... Gözünü silir... Bu, onun sonuncu dəfə ayağından ayaqqabı çıxarmağı idi... Sonralar o ayaqqabılar onun yuxusuna çox girəcəkdi... Uzun müddət bir cüt ayaqqabı yuxusundan çıxmayacaqdı...

 

- Dağın döşünə çatdıq, artıq gedə bilmirdik... Atam gedib ağacdan qırıb gətirdi ocaq qaladıq... Anamın paltosunu çıxarıb altına saldıq, uzandırdıq, ocağı qaladıq... Gördük anam atama deyir ki, Həsən, qoyma, balalarımı yandırırlar... Biz o vaxtacan ölü görməmişdik, nə bilək can verir... Sonra heç nə demədi... Bizdən böyük xalam qızı var idi, o baxıb dedi ki, artıq öldü... Ana itirmək nədir hiss eləmədik. Qorxudan başqa heç nə hiss eləmirdik. Ölmüşdü, amma elə yadlaşmışdı ki... Ancaq onu düşünürdük ki, görən burdan çıxmaq bizə qismət olacaq? Meşədəki vəziyyət elə idi ki, inan, o hadisələri olduğu kimi filmə çəksələr, çox adamın baxanda ürəyi partlayar...

 

Səhər açıldı. Elə bil donumuz da açıldı. İndi bizə çatdı ki, anamız ölüb... Qorxu, yuxusuzluq, aclıq az idi, indi də anamız öldü... Necə ağlayırdıq... Amma əlimiz hara çatır? Həmişə evimizdə zarafatlaşanda atam anama deyirdi ki, sənin başına bir iş gəlsə mən bu qızlara cavab verə bilmərəm... Ağlaya-ağlaya atama dedim ki, anamın meyitini burda qoyub gedəcəyik? O burda qalacaq? Kürəyimə qoy, özümlə aparım. O razı olmadı, dedi sən heç özün bilmirsən burdan nə cür çıxacaqsan. Bizə ürək-dirək verdi ki, gəlin yol tapaq burdan çıxaq, sonra arxayın gəlib ananı da aparıb basdırarıq. Onda xeyli toxtadım ki, gəlib aparmaq olacaq... Rəhmətlik, ağlaya-ağlaya getdi oralardan şax tapıb gətirdi, anamın üstünü örtdü... Bacımın boynunda yun şalı var idi, anamın çənəsini, ayağını bağladıq, paltomu çıxardıb üstünə örtdük. Atam dedi, durun gedək, burda dayanmaqla olmur, getmək lazımdı... Gözümüz arxada yol axtarmağa başladıq... Heç bilmirdik hara gedirik... Bədbəxt kiçik bacım da soyuqdan, yuxusuzluqdan əldən gedir. Ayaqları da şaxtadan şişib. Ha ayaqqabısını geyindirməyə çalışıram, ayağına girmir...

 

- Sən öz ayaqqabılarını geyinmişdin?

 

- Ayaqyalın idim, bacımdan ayaqqabımı istəyəndə dedi ağır oldu, verdim atama. Atam da dedi ağır idi, yolda atdım... Hamısı, hamısı yolda qaldı... Ayaqqabım da, ayaqlarım da... anam da, atam da, bacım da... Elə bil heç olmayıblar... Eh...

Boynumuz arxada gedir, anamızdan gözümüzü çəkə bilmirik... Artıq kiçik bacım da gedə bilmədi, oturdu... uzandı... dondu... öldü...

 

- Heç nə demədi?

 

- “Yorulmuşam, yatıram” dedi və canını tapşırdı... Artıq ölümü tanıyırdıq deyə, onu elə orda uzanılı qoyub, yolumuza davam elədik. Vəziyyət elə idi ki, deyirdik görən indi növbə kimindi? Rəhmətlik atam düşüb qabağa ağlaya-ağlaya gedir. Böyük bacım iki qızını götürüb, mən isə artıq gedə bilmirəm, ayaqlarım donur...

 

Mamam qızı Gülbahar da istidən öldü. Yazıq qız, əyni qalın, üzü yuxarı birnəfəsə dağa dırmaşdı, rəngi sapsarı saraldı. Ağaca söykənib qaytaranda atam dedi o da...

 

- Hər dayandığınızda bir nəfəri itirirdiz...

 

- Hə... Amma bircə anamı qoyub ayrılmağımızı xatırlayıram... Sonra isə ölümə alışırdıq, getdikcə yolumuzda çoxlu meyit görürdük deyə ölüm adiləşirdi. Elə bil meşəyə meyit səpələmişdin. Təsəvvür elə, adamın orda qətiyyən ağlı işləmir. Hər tərəf meyitlə dolu, əyinlərində də isti və quru paltar. Sən isə su içində donursan... Onlardan birinin paltarını çıxarıb geyinmək də ağlıma gəlmədi. O qədər də yorulmuşuq... Şaxta, duman, soyuq, çiskin... hamısı qarışıb bir birinə... Acından da ölürük...

 

- Sən evdən çıxanda özünlə yemək götürmüşdün, onu neylədin?

 

- Elə cibimdə qaldı. Anam öləndən sonra səhər o yeməyi çıxartdım, acından mədəm gedirdi, yanımızda da uşaq çox idi. Yeyə bilməzdim... Balaca-balaca kəsib ordakı uşaqlara verdim, axırda qalanı da bacıma verdim... Onda hələ ölməmişdi... Ən son atam öldü...

 

- O da dondu?

 

- İnfarkt! Üç gün üç gecə idi yol gəlirdik, yorğun idik, dedik bir az dincələk... Atam bir az bizdən aralıda yatmışdı. Yuxudan oyananda böyük bacım getdi onun yanına, ağlaya-ağlaya qayıtdı ki, atam əlini sinəsinə qoyub və yuxuda... Tamam başsız, kimsəsiz qalmışıq, durun gedək... Qaldıq üç bacı və uç körpə. Ac, susuz, soyuqdan titrəyə-titrəyə yol axtarırıq. Ağaclardan itburnu tapıb çeynəyirik, budaqlardakı sırsıra buzları sındırıb sümürürük. O da dodaqlarımızı yandırıb, üzümüz şişib... Günü, gecəni, gündüzü qarışdırmışdıq... Yuxusuz idik... Oyanıb atamı ölmüş görəndən sonra yatmırdıq da. Qorxurduq ki, birdən oyanıb görərik birimiz yoxuq. Bəs bu uşaqlar necə olar? Bizə bir şey olsa onlar qurda quşa yem olacaqlar... Birdən gözüm sataşdı, gördüm ayağımda baş barmağımdan dırnağın parası qopub sallanır. Dedim görüm nədir...

 

- Dırnağın corabdan çıxmışdı?

 

- Corabım yox idi. Yun “kolqotka” geyinmişdim axı, üstündən də yun şalvar, onun da üstündən yubka. Yubkam çayda islandı, cırıb çıxartdım. Altdan da kolqotkamı çıxardıb üstündən yun şalvarımı geyinmişdim. Birinci gündən meşədə ayaqyalın idim. Bir də gördüm hər ayağımda nə qədər buz. Dırnağım ilişir, dartıram, heç nə hiss eləmirəm. Ayaqlar dizə qədər keyiyib, şişib, kollara ilişməkdən hər yeri çapıq... Artıq gedə bilmirdim, sürünürdüm... Gözüm qaralırdı, ayağımdan qopub arxada qalan dırnaqlarımı görürdüm...

 

Söhbətimiz boyu həmin hadisələrdə onunla meşədə olan bacısı Təzəgül neçə dəfə çayımızı və masada tükətdiyimiz salfetləri təzələyib, xatırlamıram. Amma onu dəqiq deyə bilərəm ki, süfrədə ən çox istifadə olunan salfet idi... Onun göz yaşları dayanmırdı, onu sakit dinləmək olmurdu...

 

- Biz Ağdama çatanda dedilər martın 3-dür. Bir bacım Bərdənin kəndində ərdə idi. Biz Ağdamda olanda o gəlib bizi tapdı. Sən demə, böyük qardaşım da fevralın 25-də Rusiyadan gəlib Bakıya ki, gəlsin Xocalıya. Gəlib, deyiblər yollar bağlıdır, Xocalıya hücum olub. O da qalıb axtara-axtara. Mənim, bacım Sənəmin və onun üç yaşlı qızının vəziyyəti ağır idi. Ağlayırdım, bilmirəm niyə, amma deyirdim ki ayağımı kəsəcəksiz? Şokdan idi hər halda... Həkimlər də baxışıb heç nə eləməyəcəyik deyirdilər...

 

- Nə hiss edirdin?

 

- Ancaq göynəmə. Tərpədəndə tərpənirdi... Dedilər bu 3 nəfər ağırdı, Bakıya göndərin... Onda böyük qardaşım gəlib bizi tapdı...

 

- Görüşünüzü necə xatırlayırsan?

 

- Az-maz xatırlayıram, artıq can verir, zarıyırdım... Səsləri eşidirdim. Bacım ağlayır, nalə çəkirdi ki, hardaydınız? Qardaşımsa hönkürürdü ki, hardaydınız? Bacımın səsi gəlirdi ki, anamı, atamı, bacımı itirdik, hardaydınız? Qardaşımın hönkürtüsünü eşidirdim, qışqırırdı hardaydınız...

 

Bizi helikopterlə ordan Bakıya, xəstəxanaya gətirdilər. Həmişə sağlam olmuşam, həkimə getməmişəm. İlk dəfə idi həkim görürdüm. Əməliyyat otağına apardılar, elə bildim ölümə gedirəm, dedim bircə dəfə qardaşımı görüm, dedilər bura olmaz. Dedim heç olmasa bircə dəfə... Böyük qardaşım qapıdan baxdı, ağladı... Sonrasını xatırlamıram...

 

Oyananda artıq çox rahat idim, bütün yorğunluğum keçmiş, ağrılarım kəsmişdi. Sonradan bildim ki, iynə vurublar, iki gün yatmışam. Böyük qardaşım da çarpayımın yanına çarpayı birləşdirib yatıb ki, oyansam kömək eləsin. Gecə oyandım. Bir rus tibb bacısı gəldi, dedi çevril, iynə vurum. Gördüm ayağımın üstü çox ağırdı, üstünə də yun şal salıblar, dedim ağırdı, onu götür. Dedi qoy qalıb də, çevril iynə vurum. Mən dedim, bu dedi və səsimizə palatadakı xəstələr başladı oyanmağa. Xəstələr də hamısı xocalıdan gələn, meşədə zərər çəkənlər idi. Qardaşım durub oturdu, mən qışqırıram ki, aç ayağımı. Axırda rus qadın qəfil yun şalı ayağımın üstündən çəkdi və ay Allah! Ayaqlarım yox idi! Hər ikisini pəncədən kəsmişdilər! Mən yatıb rahatlamışdım, oyananda elə bilirdim ki, bütün müsibətlərimiz bitib. Geridə qalıb. Amma... Dəhşətə gəlib qışqırdım! Sonrasını xatırlamıram, iynə vurub yatırtdılar... Sonradan bacım deyirdi ki, niyə elə qışqırdın? Qardaşım başını xəstəxananın divarlarına vururdu...

 

Özünə gələndən sonra aylarla intihara cəhd eləyib, “bacarmadım” deyir:

 

- Gənc idim, çılğın vaxtlarım idi. İstəyirdim çıxam, harasa gedəm, oxuyam, özümə bir gələcək quram. İşim, dostlarım olsun... Amma get-gedə başa düşdüm ki, o arzular uzaqda qaldı... Sonra bütün günü oturub ağlayırdım ki, mən niyə belə oldum? Ondan sonra da ürək xəstəliyi, qan təzyiqi tapdım. İki il müalicə olundum. Bir az hirslənən, ağlayan kimi təzyiqim qalxırdı... İndi bütün günü evdə oturur, televizora baxır, müharibə haqda kitablar tapanda oxuyuram... Milyon dəfə şükür eləyirəm. Namazda allaha həmişə yalvarıram ki, məni ağıldan eləmə. İnsan ağıldan şikəst olur, əldən, ayaqdan deyil.

 

- Protezləri nə vaxt geyinirsən?

 

- Ancaq ehtiyaclarımı ödəmək üçün məcbur olub geyinirəm. Üstündə 5-10 dəqiqədən artıq dayana bilmirəm. Ağrım artır və otururam. Dünən zəlzələ oldu, bilmədim neyləyəm. Yerimdən necə qalxım? Ayağım var idi, ermənidən qaçdım. İndi beşinci mərtəbədən, ayaqsız... hara, necə qaçım? Bacıma dedim mənim qoltuq ağaclarımı ver, qarışıqlıq düşsə sizə yük olmayım. Həkim tapşırıb ki, bu protezlər sinirlərini əzir, təcili dəyişməsən sinirlər öləcək və ömürlük yeriyə bilməyəcəksən. Təzə silikon ayaqqabılar çıxıb. Onlardan lazımdır, onlar da çox bahalıdır, imkanım çatmır...

 

- Nə qədər lazımdır ki?

 

- Hamısı bir yerdə 10 minə çıxır. Harasa gedib kömək istəməyə ayağım yoxdur. Özün gördün, beşinci mərtəbədəyəm, düşüb-çıxmaq mümkün deyil. Evdən bir-bir nömrəsini tapdığım şirkətlərə zəng edib xahiş edirəm, imkanı olan adamlardan ayaq açmağım üçün yardım istəyirəm. Başqa əlimdən nə gəlir? Hər namazda dua eləyirəm, allah, özün bir möcüzə göstər, kimsə mənim müraciətimə cavab versin...

 

- Əslində 10 min heç bir müğənninin klipinin qiyməti deyil... Bəzənsə, elə bir ayaqqabının, çantanın qiymətidir...

 

- Hə, amma mənim bütün gələcəyim o on mindən asılıdır. İndi bütün fikrim, qorxum odur ki, o pulu tapa bilməsəm, bu iyirmi ildən qalma qaytanlı protezlər sinirlərimi əzəcək və bir də heç vaxt yeriyə bilməyəcəm. Əgər onu həll eləyə bilsəm rahat oturub həyatımdakı ən böyük arzumla məşğul olacam.

 

- Hansı arzudur?

 

- Bütün yaşadıqlarımı yazmaq istəyirəm. Belə çox şeyi danışmadım, özün görürsən də, danışdıqca nə hala düşürəm. Amma yaza bilirəm. Düzdü, ağlayıram, halım pisləşir, amma içimdə yığılıb qalanlar boşalır... Bir dəfə yoxlamışam, düz iki dəftər yazdım və nə qədər yüngülləşdiyimi hiss elədim. Amma çox yaza bilmədim. Ömürlük yeriyə bilməyəcəyimin qorxusu hər şeydən güclüdür. O qorxuyla fikrimi cəmləyə bilmirəm. Allah qoysa, ayağım yer tutsun, onda yazacam. Çox qorxuram, vaxt ziyanıma işləyir.

 

- Bir şeyi də soruşmaq istəyirəm. O vaxtlar mənə yuxularından danışmışdın. İndi necə yuxular görürsən?

 

- İndi həmişə yuxuda Xocalıda, evimizdə, ailəmizlə oluram, hamı sağ olur... Ayaqlarım da... Amma yerimirəm, uçuram...

 

Axşam düşüb, bir qohumu da qonaq gəlib və “Qız-qıza” söhbətimiz uzanıb... Mən qalxanda, “Getmə, bu gecə qal” deyir. Söhbətinə doyulmayan bu insanın geniş ürəkliliyinə heyranam. Düz iyirmi il əvvəl mən ondan xoşbəxt olmağı öyrənmişdim. Düz iyirmi il onun bu sözləri qulağımdan getməmişdi: “Nə olur-olsun, yuxudan oyananda ayağa qalxa bilirsənsə, xoşbəxtsən! Yoxsa səhər yuxudan oyanıb gözləmək ki, bir nəfər oyanıb su gətirəcək... Əl-üzünü yuyacaqsan... Yadında saxla, dünyanın ən pis xəbərini də eşidəndə ayağa qalxa bilirsənsə, xoşbəxtsən!”

 

Gecə yarıdan keçib, ağlamaqdan gözlərim, gülməkdən çənəm ağrıyır... Qulağımda isə onun səsidir: “Kimin bir orqanı kəsilirsə, özündən əvvəl o biri dünyadadır. Mənim də ayaqlarım məni cənnətdə gözləyir, mən buna inanıram...”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10247
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar