“İşıqları söndürdü, pərdələri çəkdi...dedi ki, Bağırovdan məktub var” - SÖHBƏT
18 noyabr 2013 14:44 (UTC +04:00)

“İşıqları söndürdü, pərdələri çəkdi...dedi ki, Bağırovdan məktub var” - SÖHBƏT

…Siyəzənin mərkəzindən üzü dənizə tərəf yol alırıq. Kiçik bir kənddir. Elə kəndin gircəyindədi Məhəmməd kişinin evi. Amma özü evdə yoxdur...

 

- Sahədədir. Bircə gün də işsiz qalmır, içsiz dayana bilmir. Uşağı göndərim çağırsın.

 

Gəlir. Açığı 87 yaş vermək mümkün deyil. Çox cavan qalıb, özü deyir ki, indinin özündə belə hər səhər turnikdə dartınır, azı 10 dəfə. “İdmansız bu yaşa gəlib çatmazdım” deyir.

 

Hə, idman Məhəmməd kişini təkcə gümrah saxlamayıb. Nə az, nə çox, düz 62 il əvvəl onun həyatında önəmli bir rol da oynayıb, idman. Yox, qəhrəmanımız nə hansısa dünya çempionudur, nə də rekordsmen. Təsadüf, daha doğrusu idman, lap dəqiqi sambo, düz 62 il əvvəl onu Azərbaycan tarixinin ən ziddiyyətli şəxsiyyətlərinin biriylə tanış edib, onunla iki il bir yerdə çalışıb, daha doğrusu onun mühafizəçisi olub, dövrünün tarixi şəxsiyyətlərini görüb, tarixi hadisələrə şahidli edib. Və…və bütün bunlar haqda heç vaxt, heç yerdə danışmayıb. Heç yerdə.

Lent.az ilk oldu…

 

- Qoy əynimi dəyişim, çöldən gəlmişəm, yaxşı deyil axı, mənim balam…

 

O biri otağa keçən kimi qızı dillənir.

 

- İnandırım sizi, biz özümüz bir-iki ildi bilmişik ki, kişi Bağırovun “teloxranitel”i olub. Heç anama da demirmiş e? (Gülür) İnanın, özümüzə də maraqlıdı…

 

Kostyumunu geyinib gəlir. Həyat yoldaşı da gəlib oturur yanında. Amma nəsə narazı görünür bir az.  Deyəsən özü də hiss edir. Balaca təpinir də arvada.

 

- Nə oturmusan, dur çay hazırla…

 

Lap əvvəldən başlayır Məhəmməd baba. Deyir milisdə işləyirmiş. O vaxtkı “Dinamo”da da samboyla məşğul imiş.

 

 

“Dinamo”ya mühafizəçi dalınca

 

 

- 51-ci ilin sentyabr ayı idi. Bakıda milisdə işləyirdim. İşdən sonra, həftə 3 dəfə “Dinamo”nun məşq zalına gedirdim. Bir gün məşqçimiz Sabir müəllim dedi ki, Mərkəzi Komitədən gələcəklər məşqə baxmağa. Elə təzə məşqə başlamışdıq ki, Sabir müəllimi çağırdılar. Gedib qayıtmağı 10 dəqiqə çəkmədi, amma tir-tir titrəyirdi. Dedi tez düzülün sıraya. Sakitcə bir cərgə yığışdıq. Zala əvvəl iki nəfər zabit girdi. Ardınca da Bağırov. Vallah, nə gizlədim, içi mən qarışıq dizlərimiz əsirdi. Fikirləşirdik ki, xeyir ola? Sıranın qabağından keçib zalın o başına qoyulmuş stulda oturdu. Sabir müəllim də komanda verdi ki, məşq davam eləsin. Amma  nə oyun çıxardığım yadımda deyildi. Mən bir rusla işləyirdim, onunla məşq edirdim. Beləcə 20 dəqiqə də keçdi. Sabir müəllim yenə komanda verdi, dayandıq. Sonra o, həmin zabitlər və daha iki nəfər Bağırovun başına yığışdılar. Nəsə pıçıldaşdılar. Sabir müəllim məni və daha iki nəfərin çağırdı. Qalanlarına dedi ki, gedin geyinin.  Bağırov ayağa qalxıb yanımıza gəldi. Adımızı, familiyamızı, haralı olduğumuzu soruşdu. Mən dağlı olduğumu deyəndə qayıtdı ki, “dağlı balası, məni qoruya biləcəksən?” Həyəcandan dillənə də bilmədim, düzü. Başımla təsdiqlədim ki, hə. Qımışdı. Sabir müəllimə dedi ki, bunların geyindirin, lazımi paltarları alın, sabah ikisi də mənim yanımda olsun. İndi gəlmişəm evə, sambo çıxaranı da söyürəm, milisdə işlədiyimə görə də özümü lənətləyirəm. Deyirəm ki, mənim nə işim vardı axı burda?

 

- Nədən çəkinirdiz ki?

 

- Nədən? Bağırov idi e, a bala, Bağırov. Adam onun gözünün içinə də baxmağa qorxurdu. Amma səhəri kabinetində bizi elə qarşıladı ki, rahatlıq tapdım azca. Bizə dedi ki, mənim bir neçə “teloxranitelim” var. Sizi isə şəxsən ona görə seçdim ki, daim yanımda olacaqsınız. Gecə-gündüz, böyrümdə. Mən sizə bircə səlahiyyət verirəm. Burda, bu binada, evimdə, bağımda mənə mühafizəçi lazım deyil. Bu yerlərdə mənim hökmüm keçəcək, amma bu binadan çıxdımsa, mən sizə tabeyəm. Nəyi etmək lazım olduğunu siz müəyyən edəcəksiniz.

 

- Və o da əmrə tabe olurdu?

 

- (Gülür) Hə, sözün düzü hə. Amma bu əmr deyildi axı? Biz ona əmr edə bilərdik? Yavaşca deyirdik ki, yoldaş Bağırov icazə verin, filan şeyi, filan cür edək.

 

- Məsələn?

 

- Nə bilim ay oğul, o qədər olub ki? Bir sırıqlısı vardı. Hə, adi bir sırıqlı. O sırıqlını geyib, bazara-zada çıxardı. Arxasınca da biz. Heç kim hiss etməzdi, bilməzdi. Bakıda Kömürçü Meydanı var ha, bir gün dedi ki, çıxırıq ora. Mərkəzi Komitənin arxa qapısından çıxdıq. Mən və daha iki nəfər də mühafizəçi. Gəldik Kömürçü Meydanına. Sən demə, orda bir alverçi varmış, camaatın başına oyun açırmış, sələmə pul verirmiş. Bazara girən kimi düz getdi onun yanına, elə bil neçə ildir tanıyırmış. Dedi mənə düyü və un lazımdı. Müharibədən sonra idi, qıt idi bunlar. Yadımda deyil, nəsə böyük bir qiymət dedi. Bu da qayıtdı ki, pulum yoxdur, arvadımın qızılların gətirmişəm. Qızılları görüb qiyməti bir az da qaldırdı. Bağırov da az qala yalvardı ki, o qədər qızılı verməyə imkanı yoxdu. O da qayıtdı ki, almırsan, cəhənnəmə al. Bağırov da heç nə demədi. Aralandı, biz də arxasınca. Qayıtdı iş yerinə. Onca dəqiqə keçmədi ki, həmin adamı gətirdilər onun yanına. Elə mən özüm içəri saldım onu, kabinetə. Bağırovu görən kimi mənim üstümə yıxıldı. Bir təhər ayıltdıq. Bağırov ona heç nə demədi. Eləcə tərs-tərs necə baxdısa yenə ürəyi getdi. Otaqdan zorla çıxarıb apardılar. Elə o gedən getdi.

 

 

“Barmaqlarını saldı briqadirin gözünə...”

 

 

Məhəmməd baba deyir ki, belə məqamların çox şahidi olub. Deyir bir dəfə Göyçay rayonundan bir qadın Mərkəzi Komitəyə, şəxsən Bağırova məktub yazmışdı. Məktubda da deyilirdi ki, əri müharibədə ölüb, iki uşağı qalıb. Özü kolxozda işləyir. Kolxozun briqadiri də ona göz-verib, işıq vermir.

 

- Günorta çıxdıq yola. Kəndin adı dəqiq yadımda deyil. Bircə o yadımdadı axşam düşmüşdü, şər qarışmışdı. Kəndin girəcəyində düşdük maşından. Maşını kənara verib piyada kəndin ortasına çatdıq. Yenə sırıqlıdaydı yenə. Bir-iki nəfər dayanmışdı yolun qırağında. Həmin briqadirin evini soruşdu. Evə çatanda mənə qayıtdı ki, sən dayan həyətdə, içəri girmə. Dedim olmaz, mən sizə cavabdehəm. Əlini atdı sırıqlının altına tapançanı çəkdi üstümə ki, sən öl, içəri girsən təpəndən vuraram. Əlim-ayağım əsdi, bir söz deyə bilmədim. Özü girdi evə. Heç beş dəqiqə keçməmiş hündürboylu bir kişi əlləri gözündə, qanı axa-axa, bağıra-bağıra çıxdı bayıra, dalınca da Bağırov. Sən demə, içəri girən kimi əl atıb, buna, briqadir də havalanıb ki, ay Allah, Bağırov! İki barmağını da salıb briqadirin gözünə, dartıb gözünü çıxarıb ki, sən müharibədə həlak olmuş əsgərin ailəsinə çəp baxırsan? Sizə bir fakt da deyim. Həmin o gözü çıxmış briqadir bu yaxınlara kimi yaşayırdı. Elə o gəlin də. Hə, onu da deyim ki, mən bu hadisəylə bağlı məhkəməyə də çağırılmışam axı?

 

- Nə vaxt?

 

- Bağırovun məhkəməsinə, şahid kimi. SSRİ-nin Baş Prokuroru vardı e, Rudenko. Məhkəmədə əsas prokuror o idi. Həmin epizodla bağlı dindirmədə mənim üstümə bağırdı ki, bəs bu adam briqadirin gözünü çıxarırdı, sən də durub baxırdın. Niyə imkan verirdin ki? İstədim cavab verəm ki, ay kişi, mən Bağırova nə deyə bilərdim axı? Amma Seyid özü imkan vermədi. Rudenkoya dedi ki, bu adam adi mühafizəçiydi. Onun heç bir günahı yoxdur. Mən qoymadım içəri girsin. Beləcə mənimlə işləri olmadı.

 

 

 

“Şaumyana demişdi ki, rədd ol Bakıdan”

 

 

- Günahdan danışdız. Bəs Bağrovun necə, günahı çox idi?

 

- Oğlum, sənə bir həqiqəti deyim. İndi kimsə deyir ki, guya Bağırov məhkəmədə elə söz deməyib. Amma mən onun məhkəməsini əvvəldən axıra kimi izləmişəm. Bağırov cəmi 15 dəqiqə son söz deyib. Vur-tut 15 dəqiqə. Və sonuncu cümləsi də belə olub ki, “mən xalqıma qarşı çox qəddar olmuşam. Buna görə məni güllələmək azdır, məni şaqqalamaq lazımdır”. Bax, bu sözləri öz qulaqlarımla eşitmişəm. Amma sizə bir epizodu da deyim. Məhkəmə iclaslarının birində Rudenko ondan soruşdu ki, sən Suren Şaumyanı niyə Bakıdan didərgin salmısan? Suren Şaumyan sovet ensklopediyasının baş redatoru olub. Bağırov ona 24 saat vaxt vermişdi ki, Bakıdan rədd olub getsin. Rudenkonun sualına cavabında dedi ki, Şaumyan Azərbaycanını arxivlərini oğurlayıb aparmaq istəyirmiş Moskvaya. Son məqsədi də onları məhv etmək olub. Rudenko söz tapmadı. Məhkəmədən sonra Bağırovu güllələmədilər ha, onu da biləsiz. Onu o vaxtkı Kuybışevə göndərdilər, hansısa işə. Deyirlər guya sonra güllələyiblər, o da yalandı. Sizə bir əhvalat da danışım. Təxminən 60, ya 61-ci il idi. Bakıda, “Beşmərtəbə”nin yanında Nizami rayonunu keçmiş birinci katibi ilə rastlaşdım. Məni görüb sevindi. Elə bilirmiş ki, Bağırovun “oxranası”nı da Sibirlik ediblər. Dedim narahat olma, bizə toxunmayıblar. Bağırovla sox yaxın dost olub həmin adam. Gəldik onun evinə. Evin bütün otaqlarının işığını söndürdü, pərdələrini endirdi. Arvadına dedi ki, sandığı aç, o məktubu gətir. Bağırov yazmışdı, inanın. Mən onun xəttini min xəttin içindən tanıyırdım. Yalvardı ki, bu barədə heç kimə bir kəlmə də. Üstündən 50 ildən çox keçib, indi, bu gün deyirəm. Ey a bala, elə şeylər olub ki? Siz bilirsinizmi Bağırovun hərbi rütbəsi nə olub? Və bilirsinizmi ki, Bakını Azərbaycandan ayırıb Rusiyaya birləşdirmək istəyirdilər?  Bağırov buna necə mane oldu? Çayını iç, söhbət edərəm…

 

- Bağırov Xruşşovu niyə vurmuşdu?

 

- Mircəfər Arazın kənarında niyə ağlamışdı?

 

- Onu o vaxtkı qaçaqlarla nə birləşdirirdi?

 

- “Üç il gecə-gündüz onun yanında oldum, nə yemək yeyən gördüm, nə də gülən”

 

- O, Stalinin yanından niyə qəzəbli çıxmışdı?

 

- “Biz onu qoruyurduq, amma sən demə...”

 

Bağırovun şəxsi mühafizəçisi onunla bağlı hələ  elə şeylər danışacaq ki?.. Odur ki, qaçırmayın...

 

Səbuhi Məmmədli,

Siyəzən

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7230
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar