20 ildir qeybə çəkilən döyüşçünün qohumu: “Yox, o, Çeçenistanda ölüb...” – HEKAYƏTİN DAVAMI
17 oktyabr 2013 15:45 (UTC +04:00)

20 ildir qeybə çəkilən döyüşçünün qohumu: “Yox, o, Çeçenistanda ölüb...” – HEKAYƏTİN DAVAMI

“Yox, yox, nə danışırsan. Anamı? Nə üçün? Gəldi, görüşdük, bəs sonra? Sonra yenə gedəcək? Bilirsən onu görsəm nə olacaq? Sən təsəvvür edirsən? Mən dəli olaram! Havalanaram! Anam, yazıq anam…”.

 

Kövrəlir.

 

Gözləri dolur, əlləri əsir, otağa ölü sükut çökür...

 

Və…

 

Və eləcə, havaya, sonsuzluğa, uzaqlara baxır. Susur, susur, susur…

 

***

 

(Əvvəli burda: http://news.lent.az/news/142175)

 

Qəribə vəziyyət yaranmışdı. Necə ola bilər axı? Bəlkə...

 

“Ağır yaralandım, yaddaşım pozuldu. Bir çox şeyləri xatırlamıram. Müharibəni isə xatırlamaq istəmirəm”.

 

Bunu bizə Jenya demişdi. Elə buna görə Mirsahibi bir də dilləndiririk.

 

- Bəlkə fotoya bir də diqqətlə baxasan, Miri? Amma bu pasport üçün çəkilmiş şəkildir. Başqası da var.

 

- Gətirin baxım…

 

Həmin fotonu gətiririk. Mirini sanki ilan vurur:

 

- Odur!

 

- Dəqiq?

 

- Hə, düz deyir, 708-də olub. Baxşeyiş də bunu  yaxşı tanıyar, Rey, bir ona zəng vur…

 

Rey zəng edir:

 

- Baxşeyiş, Reydi, səndən bir söz soruşum…

 

Və Jenyadan danışır. Başını tərpətməsindən hiss olunur ki, dəstəyin o başındakı nə isə xatırlamağa çalışır. Bir-iki dəqiqə də danışdıqdan sonra bizə tərəf dönür:

 

- Baxşeyişdi, “Ağdam” qəzetinin redaktoru. Həmin batalyonda olub. Yadına düşdü. Hələ onu da dedi ki, Xabarovskdan gəlmişdi, bir ağdamlı ilə. Amma sonra yaralandı, xəbər tuta bilmədik.

 

Bax, belə!

 

***

 

- Heç nə yadımda deyil. Bir də gözümü açdım ki, hospitaldayam. Nə baş verdiyini belə anlamırdım. Düz bir il, palatada… Mənim sağ qalamağımın özü belə möcüzədir. O yaralarla sağ qalmaq? Həkimlər inana bilmirdilər ki, bu qəlpələrdən sonra mən necə sağ qalmışam. Allah qoruyanda qoruyur. O biri uşaqları isə itirdim. Elə Cəlalı da. Ölübsə… Nə deyim axı? Sağ olsaydılar, gəlib məni tapardılar. Bir də ki, nə mənası? Müharibəni xatırlamaq belə istəmirəm. Niyə peşman oluram ki? Siz azərbaycanlılar çox mehriban, insanpərvər adamlarsız. Taleyimdi, qismətimdi, görünür alın yazım belə yazılıbmış…

 

Sadəcə köks ötürür…

 

…Yevgeni Momot barədə Müdafiə Nazirliyinə yazılmış təqdimatdan:

 

“Azərbaycan Respublikasının müdafiəsində iştirak etmiş Momot Yevgeni Mixayloviç 1-ci qrup əlildir. O, Xabarovsk vilayətinin Obluçye qəsəbəsində anadan olub. 1993-cü ildə könüllü olaraq Azərbaycana gəlib. Azərbaycan Milli Ordusunun 708 saylı briqadasının tərkibində torpaqlarımızın müdafiəsində fəal iştirak edib. 1993-cü ilin iyununda ağır yaralanıb. Kəllə sümüyündən ağır yara alıb, uzun müddət hospitalda müalicə olunub. Hazırda Bilgəhdəki Qocalar Evində məskunlaşıb. Xahiş edirik, onun müvafiq təqaüdlə təmin olunması üçün lazımi sənədləri Sabunçu rayon icra hakimiyyətinə göndərəsiz”.

 

Bu məktubu Qocalar Evinin direktoru Bəhruz Əlmədətov yazır. Və çox keçmir ki, Müdafiə Nazirliyi Jenyanın pensiya məsələsini həll edir…

 

Və o gündən qəhrəmanımız Bilgəhdəki Qocalar Evində məskunlaşır. Ondan heç kim xəbər tuta bilmir - nə pərən-pərən düşmüş cəbhə dostları, nə də yaxınları. Ağır xəstə olan Jenya özü barədə heç kimə bildirmir. Vətənində, Xabarovsk vilayətinin Amursk şəhərində yaşayan atası çoxdan vəfat edib. Anası Zinaida Yeqorovna isə oğlunun öldüyünü zənn edir.

 

Bir qədər özünə gələndən sonra Jenya yaxınlarını axtarmağa cəhd edir. Amma necə? Amurska, evlərinə bir neçə dəfə məktub yazır. Və…Və məlum olur ki, sən demə yaxınları daha orada yaşamır. Onlar Obluçye qəsəbəsinə köçüblərmiş.

 

Və beləcə, əli hər yerdən üzülən Jenya hamını unutmaq istəyir, özünə qapılır, Qocalar Evindəki balaca hücrəsinə sığınıb yerdə qalan ömrünü xırdalamağa başlayır. Onda Jenyanın vur-tut cəmi 32 yaşı vardı.

 

***

 

Bu müddət ərzində Qocalar Evində sözün əsil mənasında xüsusi diqqət görür, dövlətin tam təminatına keçir, ildə bir neçə dəfə müalicəyə gedir, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini alır, vətəndaşlığı qəbul edir, beləliklə, Rusiya ilə bütün tellər qırılır.

 

- Mən tənhalığa öyrəşmişəm artıq. Nə işlə məşğul oluram burada? (Gülür) Səhər yuxudan dururam, su gətirirəm, sonra yemək. Sonra isə çəkilirəm bu otağa. Bəzən bağda gəzirəm, nə bilim e, gündü də keçir. Bəzən bura musiqiçilər gəlir, qocalara konsert verməyə. Yox, getmirəm baxmağa. Səs məni əsəbiləşdirir. Həm də tünlük yerdə dayana bilmirəm. İstər-istəməz özümdən çıxıram. Əllərim əsir, qıc oluram. Belə sakit görünməyimə baxmayın. Əsəblərim yerində deyil. Telefon belə işlətmirəm. Almışam, ordaca qalıb. Hərdən musiqi dinləyirəm. Televizora, xüsusən kinoya baxmıram. Kinoda ədalətsizlik olan adi bir epizod məni özümdən çıxarır. Amma noutbuk olsaydı işlədərdim. Sağ əlim iflic olduğundan “mışka” işlədə bilmirəm. Amma barmaqla işləyən olsa, yaxşı olardı. Deyirlər, internetdə hər şeyə baxmaq olur. Yox, hələ internetlə işləməmişəm. Heç təsəvvürüm yoxdu, amma öyrənərəm. Hə, bir yandan da xəstəliyimlə əlaqədar üşütməm var. Yayda belə üşüyürəm. (Fikrə gedir) Oralar çox soyuqdu indi. (Vətənini deyir – red.) Bir azdan qar da yağacaq. (Əlləri əsir) Anam sobanı yandıracaq, yəqin məni də fikirləşəcək… Bitirək bu söhbəti…”

 

Yenə fikri uzaqlara gedir…

 

***

 

Jenyanın anası Zinaida Yeqorovnanın indi 77 yaşı var. Üç uşaq böyüdüb, fəhlə işləyə-işləyə. Oğlu Valeri bir qədər əvvəl ölüb. Onun iki uşağına da Zinaida ana baxır. Tək təqaüdlə böyüdür onları. Mariya adlı qızı da var, çoxdandı ərdədir. Anasıgildən uzaqda yaşayır. Jenya deyir ki, onlar, “qohum-əqrəba məni ölmüş bilsələr yaxşıdır”.

 

- Heç kimə əziyyət vermək istəmirəm. Heç kimə. Nəqliyyata minə bilmirəm. Nə qatara, nə təyyarəyə. Oraları görmək qismət deyilmiş yəqin. Yazıq anam(Kövrəlir) Fikirləşirəm ki, səsini eşitsəm belə havalanaram. O, indi mənim üçün əlçatmazdı, əlçatmaz…

 

Həm də ora gedib çıxa bilmirəm, anam da dünyanın o başından bura necə gəlsin?

 

***

 

Hə, dünyanın o başıdır Jenyanın vətəni. Təyyarə ilə azı 10 saatlıq yoldu. Obluçye kiçik əyalət şəhəridir. 25-30 min əhalisi olan bir şəhər. Momot familiyası isə nadir familiya olduğundan ilk gündən Jenyanın yaxınlarını tapacağımıza ümidliydik. Amma Xabarovsk vilayətində, Jenyanın yaşadığı Amurskda, Obuçyedə Momotları tapmaq müşkülə çevrilmişdi. Düzdür, axtarış sistemlərində Momot familiyasına rast gəlmək mümkün olurdu. Amma iş ondaydı ki, həmin soyadların hərəsi bu və ya digər saytın yazılarında epizodik şəkildə keçirdi.

 

Amma zəhmətimiz bəhrəsini verdi. İnternetdə Obluçye şəhərində fəaliyyət göstərən bir şirkət barədə elanla rastlaşdıq. Elan da göstərilmişdi ki, o qədər də böyük olmayan bu şirkət şəhərdə qazanxana təmiri ilə məşğul olur. Həmin elandakı familiya isə diqqət çəkməyə bilməzdi: Momot Boris Qriqoryeviç. Şirkətin rekvizitlərində telefon nömrəsi də qoyulmuşdu. Dərhal həmin nömrəni yığırıq. Dəstəyin o başından cavab verirlər:

 

- Salam. Sizi Bakıdan narahat edirik...

 

- (Təəccüblə) Haradan? Bakıdan?

 

- Hə, Boris Qriqoryeviç. Sizin şəhərinizdə yaşayan Momotları axtarırıq.

 

- Mən də Momotam. Kim lazımdı sizə?

 

- Məsələn, Zinaida Yeqorovna...

 

- Zinaida Yeqorovna? Nəyinizə lazımdı?

 

- Xahiş edirəm, qulaq asın. Zinaida Yeqorovnanın oğlanları olub, Valeri, Yevgeni…

 

- Valeri bir neçə il əvvəl ölüb. Jenya isə yoxa çıxıb. Qafqaza gedib, o vaxtdan da məlumatsızıq.

 

- Jenya haqda heç bir məlumatınız yoxdur?

 

- Bilirsiz, çoxdan, lap çoxdan olub bu. O, müharibəyə gedib, həlak olub. Çeçenistanda həlak olub…

 

 

Davamını Lent.az-da izləyin...

 



Ləman Mustafaqızı

 

Səbuhi Məmmədli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5307
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar