1928
11:36
17 Fevral 2013

Azərbaycan Abu Dabidəki sərgidə

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində İDEX-2013 və NAVDEX-2013 beynəlxalq müdafiə sərgiləri işə başlayıb.

APA -nın sərgidə iştirak edən əməkdaşlarının verdiyi məlumata görə, Yaxın Şərq regionunun ən böyük, eləcə də dünyanın ilk on böyük müdafiə sərgisindən biri olan İDEX-2013 BƏƏ dövlət başçısı Şeyx Xəlifə bin-Zayed əl-Nahyanın hamiliyi altında işə başlayıb.


Sərgidə dünyanın 60 ölkəsində istehsalçı şirkətlər öz məhsul və xidmətlərini təqdim edirlər. Sərgidə ABŞ 169, BƏƏ 144, İngiltərə 84, Fransa 70, Almaniya 69, Türkiyə 45 firma ilə təmsil olunur. İDEX-2013 sərgisində postsovet məkanından Rusiya 39, Ukrayna 20, Belarus 11, Estoniya isə 1 şirkətlə təmsil olunur. Bundan başqa, sərgiyə müxtəlif ölkələrdən silahlı qüvvələr, hərbi sənaye kompleksləri, təchizatçı şirkətlər, müxtəlif güc strukturlarının rəhbərliyi səviyyəsində ziyarətçilər qatılıb.


Tədbir BƏƏ Silahlı Qüvvələrinin şou göstəriləri ilə başlayıb. Daha sonra BƏƏ dövlət, ordu rəhbərliyi, VİP qonaqlar milli pavilyonları, ayrı-ayrı stendləri gəziblər.

APA -nın Abu Dabiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu dəfəki sərgi əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənir. Bu ilki sərgidə ayrıca olaraq pilotsuz uçuş aparatlarının nümayiş etdirilməsi üçün sahə, helikopter təqdimatları bölməsi, həmçinin canlı nümayiş sahəsi ayrılıb.

Sərgidə Azərbaycandan ziyarətçi qismində Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin, Müdafiə Nazirliyindən general-mayor Qorxmaz Qarayev və Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun başçılıq etdikləri nümayəndə heyəti iştirak edirlər. Azərbaycan nümayəndə heyətləri sərgidə iştirak edən müxtəlif ölkələrdən firmaların stendlərini gəzib, yeniliklərlə tanış olublar.

APA -nın əməkdaşlarının sərgidə iştirakına Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi texnikaların istehsalı sahəsində tərəfdaşı, CAR-ın “Paramount Group” şirkəti dəstək verib.