Əjdahanın uğurları, İlanın vədləri və bizim bayram günümüz - REPORTAJ
31 dekabr 2012 13:56 (UTC +04:00)

Əjdahanın uğurları, İlanın vədləri və bizim bayram günümüz - REPORTAJ

- Bax, hanı sənin kartın? Cibində gəzir də. Sənə görə məni niyə danlamalıdılar ki? Keç, amma axırıncı dəfə olsun…

 

…Və dalınca da deyinir:

 

- Olmur eee, başuva dönüm, olmur. Sizə görə rəis məni niyə söz desin axı? 31-i gəlsəydi, 5-6 gün… Səbuhi müəllim, bir də buraxmayacam.

 

- Bu gün də burax, «vsyo».

 

- Elə həmişə «vsyo» deyirsən. Keç…  

 

***

 

Bu dialoqlar hansısa polis bölməsinin-filanın qarşısında baş vermir. Bizim APA Holdinqin mühafizəçisidir, bayaqdan danışan, Elşən. Heç soyadını da bilmirik. Kimi Elşən çağırır, kimi «Eliş», kimi də «qardaş».

 

O bayaqkı kart söhbəti də sizə qəribə görünməsin; vəsiqələrimizdir, turniketə yaxınlaşdırıb içəri daxil ola bilirik. İndi qış olduğundan Allah bilir hansı cibimizdə, hansı dərinlikdə olur. Biz onu tapıb turniketə toxundurmalıyıq…yoxsa Elşənə toxunarlar. Özü demişkən, rəis görür.

 

Rəis dediyi - daha doğrusu dediyimiz - isə APA Holdinqin prezidenti Vüsalə Mahirqızıdır. APA isə holdinqə bu il çevrildi - 2012-ci ildə.

 

Əslində Əjdaha ilini uğurlu saymaq olar APA üçün. Niyə də yox! APA Holdinqə çevrildi; APA TV ideyası yarandı və gerçəkləşməyin bir addımlığındadır; yeni ofisə köçdük, yeni müxbir büroları yarandı, yeni layihələr həyata keçirdik, komandaya yeni üzvlər gəldi...

 

Və nəhayət, 2012-nin sonuncu iş günü də gəlib çatdı – 30 dekabr. Qocaman «apaçı»lardan olan Hafiz Heydərovun sosial şəbəkələrdə günün yarısına kimi işləyəcəyimiz barədə status-çabalarına baxmayaraq, ilin sonuncu iş gününü…elə sonacan işlədik. Düzdür, günorta vaxtı Rəşad Süleymanov hansısa araşdırmanı hansısa sayta hazırlayacağı barədə holdinqin rəis müavini - vallah vəzifəsinin adı bir xeyli yer tutduğundan qısa yazmalı olduq - Nurşən Quliyevi şantaj etmək istəyirdi, amma «işdən azadsan» hədəsindən sonra fikrindən vaz keçdi. Düzdür, mən yanlarında olmamışam, amma şahidlərin dediyinə görə, ulu Cavid də bu mini-münaqişənin yatırılmasında əvəzsiz rol oynayıb.

 

Ümumiyyətlə, gün maraqlı və şirin başladı. İlin sonu olduğundan dostlar müxtəlif şirniyyat payları göndərməkdə xəsislik etməmişdilər.

 

Düzdür, “profkom” Məhbubə xanımın sol tərəfindəki şkafın ikinci gözündə həmişə maraqlı və şirin xurmalar olur, amma bayram günü ona da dinclik vermişdik. Yəqin tortun pirojnanın çoxluğundan idi ki, Şahin Cəfərli sifariş etdiyi pitsanı bölüşmək üçün Lent.az-ın baş redaktoru Gülşən Hacıyevadan adam tapmağı xahiş etmişdi. Hə, bu arada, Baş direktorumuz Qabil Abbasoğlu gün boyu tox idi, çünki günorta saat 12-də səhər yeməyinə (?) qatılmışdı...

 

***

 

Yemək demişkən, təzə ofisimizdə yeməkxanamız da var. Düzdür, əvvəl də var idi. Amma bu yeməkxana həm səliqəlidir, həm də geniş. Sonuncu iş günü yeməkxanada nəsə seyrəklik idi. Amma samovar və iki dəm çayniki ənənəvi qaydada elə hey dolub- boşalırdı. Bir dəfə, səhv eləmirəmsə şair idi - Lent.az-ın tək və alternativsiz şairi Anar Məcidzadəni deyirəm - hesablayıb, vurub-çıxmışdı ki, hər iş günü APA-da bir toyun çayı içilir.

 

Çay demişkən, qoy birini də deyim, yaddan çıxmasın. Bu yaxınlarda «kulis»in uşaqları Fərid Mirzəyevə 10 manat veriblər ki, səhər işə gələndə konfet al gətir. Fərid də səhər mağazadan əvvəl şokolad almaq istəyib. 10 manata az miqdarda şokolad düşəcəyini görüb fikirləşib ki, bundansa kilosu 1 manat 50 qəpiyə karamel alsın. 50 qəpik də özü qoyub 7 kilo karameli çəkdirib pulu verəndə satıcı qayıdıb ki, Allah rəhmət eləsin. Fərid çaş-baş qalıb. Soruşub ki, kimə? Satıcı da qayıdıb ki, hüzr  yeri üçün almırsan bəyəm? Yazıq neyləsin, ilin-günün bu vaxtında 7 kilo karameli ancaq hüzrə alarlar da? Ona görə də, hər dəfə «Kulis»ə çay içmək üçün konfet axtarmağa gedəndə üzümüzü Fəridə tuturuq: «Hüzr konfetindən var?»

 

Nə isə, məşhur tamaşada deyildiyi kimi, bu əziz gündə belə-belə şeyləri yada salmayaq.

 

Yəqin bilirsiz, təkrarlamağa da ehtiyac yoxdur ki, holdinqimizin tərkibində bir neçə sayt fəaliyyət göstərir. İnandırım sizi, bir yerdə işləsək də, bir-birimizin üzünü ya siqaret çəkməyə çıxanda, - burası təbii ki, kişi cinsindən olan «apa»çılara aiddir - ya da elə bayaqkı yeməkxanada görürük. Çünki hamı başını aşağı salıb gündəlik işi ilə məşğul olur.

 

Elə bayram günləri də eləcə. Yeri gəlmişkən, siqaret çəkmək bizlərdə ayrıca ritualdır. Və bu ritualı ofisimizin həyətində, kiminsə tapıb gətirdiyi iri bir çənin böyründə həyata keçiririk. Bu çən artıq bütləşib…və siqaret kötükləri ilə dolub. Əvvəla, siqaret çəkənlərin sayı kifayət qədərdir. İkincisi də, Allah saxlamış Vüqar Məsimoğlu təzə şey öyrədib bizə: «qadan alım ikisini dalbadal çəkək ki, hər dəfə düşüb-qalxmaq olmur».

 

Elə də edirik. Hər siqaret çəkənin də yanında bir müşayiət edəni olur, adətən. Bəzən siqaret çəkməyən bir nəfər də onlara qoşulur və siqaret çəkənlərin üçlüyü də yaranır. Üçüncünün funksiyası isə böyrümüzdə dayanıb müdrik-müdrik məsləhətlər verməkdir: «nə görmüsünüz, bu siqaretdə?» tipli. Belələrindən biri də  “APA sport”dan Mehmandır.  Yaddan çıxmamış deyim ki, bu il  Mehman Azərbaycan idman jurnalistikası tarixinə görünməmiş bir iş görüb. Serbiyaya, futzal üzrə Avropa çempionatının final mərhələsindən reportaj hazırlamağa gedibmiş.  Azərbaycandan orda heç kim yox, nə bir telekanal, nə agentlik. Təkcə “APA sport”. Oyuna bir saat qalmış Mehman otelin hamamında yıxılıb.  Üz-gözünün şişməyi cəhənnəmə, başı yarılır, qan aparır. Tikiş qoymaq zərurəti yaranır. Mehman da neyləsin, bütün Azərbaycan və İxtiyar Əsgərov ondan onlayn reportaj gözləyir. Birtəhər hamamdan çıxıb üz-gözünü bağlayır, başından qan axa-axa oteldən özünü oyun keçirilən yerə çatdırır. Elə dəsmalıyla, tərini silirmiş kimi alnından axan qanı silə-silə başlayır reportaj verməyə.

 

Bu yerdə mütləq bir zəruri qeyd etməliyəm. Məsələn, bizim şair belə yerdə həmişə belə deyir: «Nə zülmdü?». Şair Yeni İlə bir şeir də həsr eləyib, amma müəlliflik hüququ ancaq özündə olduğu üçün bu yazıda istifadə edə bilmirik. Çünki o, belə şeylərə yaxşı baxmır. Çox mühafizəkardır. Amma ürəyi yumşaqdır. Təsəvvür edin, bəndəniz Suriyaya ezamiyyətə gedəndə kövrəlmişdi, mənə demişdi ki, müəllim, cəhənnəm olsun Suriya, nə var orda? Gedirsinizsə, sağ-salamat gəlin, Allah sizi qorusun. Heç nədən narahat olmayın, özüm sizin yerinizə növbətçi qalacam. Sözün düzü, Anarın son sözləri məni də kövrəltmişdi, hətta hər gün ən dəhşətli ölüm-qalım xəbərləri yazan Nizamı da. Bundan sonra Nizam Anara «qardaş» titulunu verdi ki, o da həmin titulu sədaqətlə daşımaqdadır.

 

Suriya demişkən, bu il APA Holdinqin əməkdaşları Azərbaycanın və bütün dünyanın diqqət mərkəzində olan regionlardan reportajlar hazırladılar. Və çox vaxt da bunu edən tək biz olduq, Azərbaycanda. Elə sonuncu Sevinc Babayeva olayı da ilə yekun vuran bu məqamlardandır. Hadisə yerində tək APA-nın jurnalisti vardı.

 

Bir sözlə, harda hadisə var, orada varıq. Özü də neçə dildə? Yeni il ərəfəsi tərcüməçilərimizi, Araz Zeynalov və komandasını (vesti.az), Mustafayevin «ekonomistlər»ini də unutmaq olmaz. 2012-də APA Holdinqin uğurlarında onların böyük haqqı, zəhməti var.

 

Bir də işin ən həssas yeri var - Zaur Xəlilov və komandası... İnandırım sizi, bu adamları biz sözün əsl mənasında çox istəyirik. Həm də ayda bir dəfə yox, hər gün...))) 

 

Sabahdan İlan ilinə qədəm qoyuruq. Bu il nə vəd edir, etmir - türklər demiş, məni ilgiləndirməz. Heç astroloqlara-filana da inanmıram. Amma böyük inam hissi ilə deyə bilərəm ki, istər ilan ili olsun, istərsə də lap kərtənkələ, APA-nın uğurları davam edəcək.

 

Odey,  Eldəniz Vəliyev də iki İlqarla (İlqar Əlfi və İlqar Rəsul) gəlib çıxdı… APA TV-nin başbilənləri…Gələn ilin bu vədələrində Azərbaycanının APA TV-dən bayram təbrikləri eşitməsi ümidi ilə...

 

Di yeyin-için, bayramınız mübarək!

 

# 2350
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar