Şəlalə yazır: “Ofisiant köməkçisi” - HEKAYƏT
29 dekabr 2012 11:30 (UTC +04:00)

Şəlalə yazır: “Ofisiant köməkçisi” - HEKAYƏT

Lent.az-ın “Qadın iztirabları” adlanan bu rubrikasında Azərbaycan qadınının arzuları, özünütəsdiq cəhdləri, mənəvi axtarışları, mübarizəsi və faciəsi haqqında silsilə yazılar dərc olunacaq. Buna müəllifin avtobioqrafiyası da demək olar...

 

əvvəli: http://news.lent.az/news/109721

 

5-ci hissə

 

O axşam ümidsiz halda skamyaya çökmüş Dianaya ortayaşlı bir polis nəfəri rast oldu. Qızı sorğu-suala tutub, başına gələnləri öyrəndi. Yeraltı kafelərin birində birlikdə yemək yeyəndən sonra Dianaya dedi ki, bəs yeməkxananın sahibi ilə tanışdır, ona burada həm iş, həm də qalmağa yer təşkil edə bilər. Sonra da möhkəm-möhkəm tapşırdı ki, əgər burada qalmalı olsa, çalışsın, müdirlə dil tapsın, bir sözünü iki eləməsin. Əsas müdirdi, qalanları qələt eləyir! Bunu deyib, qızın stəkanına çaxır süzdü, “bunu iç, kefin düzələcək” - dedi.

 

Kafenin administratoruna da dedi ki, bu xanım burada işləyəcək, hələlik qalmağa yeri yoxdur, anbarda buna yatacaq yeri düzəlt. Sonra Diana şübhələnməsin deyə, ona dedi ki, aşağıda telefon tutmur, ona görə də zəng eləmək üçün küçəyə çıxmalıdır. Telefonda xeyli çənə döydü, kafeyə qayıdanda Diana dirçəlmiş, yanaqları da qızarmışdı. Çaxır şüşəsinə baxdı, yarıdan keçmişdi.

 

- Bax, bu başqa məsələ! - deyə gülümsədi və əlini qızın çiyninə qoydu: - Özünü necə hiss edirsən?

 

- Yaxşı... - Diana da gülümsədi.

 

- Darıxma, hər şey yaxşı olacaq, müdirinlə danışdım, indi gələcək, bircə sən darıxma!

 

- Darıxmıram... Amma burda mən nə iş görəcəm? Həm də... heç vaxt işləməmişəm axı...

 

- Heç narahat olma, bilmirsən, öyrədəcəklər. Qab yumağı bilirsən? Vəssalam da, çörəyin var... - deyib, şit-şit hırıldadı.

 

Əlini hələ də qızın çiynindən götürməmişdi, Diana bu əlin ağırlığından sıxılırdı, amma xoş münasibətin korlanmasından qorxub, heç nə demirdi. Bu gecə taleyi həll olunurdu, ürəyində allahdan – tale paylayan insafsız, eqoist diktator kimi təsəvvür etdiyi o qüvvədən imdad diləyirdi. Üstəlik, əməlli-başlı sərxoş idi. İlk dəfə idi, spirtli içki qəbul etdiyindən başı hərlənirdi.

 

Onun üçün əməlli-başlı canfəşanlıq edən ortaboylu, dolu, qarayanız polis isə bu gecəni on beş yaşlı, sarışın bir gözəllə keçirəcəyini düşünərək, şirin xəyallar qururdu.

 

Birdən Diana ayağa qalxdı, səntirləyə-səntirləyə yeriyib, otağın küncünə qoyulmuş çantasının ağzını açmağa başladı. Eşələyib, dəftərin arasından bir şəkil çıxardı. Şəkil beş il bundan qabaq çəkilmişdi, burada atası, Diana ilə qardaşını qucaqlamışdı, anası da oğlunun əlindən tutub, gülümsəyirdi.

 

Şəklə baxıb, hönkürdü. Səsi qırıla-qırıla: “evimizə getmək istəyirəm!” – dedi... – “Anamı istəyirəm...”

 

Polis qızı qucaqlayıb, sakitləşdirdi, salfetlə göz yaşlarını sildi. Deyirdi ki, evlərini unutsun, bundan belə, ailəsi onu qəbul etməz, artıq təkbaşına öz həyatını qurmalıdır.

 

Polis bunları danışa-danışa, Diananın saçlarını sığallayırdı, qız isə yuxusuzluqdan, yorğunluqdan, içkinin və nəvazişin təsirindən yavaş-yavaş mürgüləyirdi.

 

Sonra kafenin sahibi gəldi, hündürboy, yaraşıqlı adam idi. Görüşdülər, stolun arxasında üzbəüz oturdular. Dumanlı şəkildə yadına gəlir ki, onu buraya gətirən polislə həmin o hündür kişi bir azdan nəyə görəsə mübahisəyə başladılar, Diana bunları güclə xatırlayır, sonradan baş verənlər isə yadında deyil.

 

Səhər oyananda özünü qəribə bir yerdə gördü. Gözlərini ovuşdurub, diqqətlə, döşəməyə, yan-yörəsinə baxdı. Köhnə, rəngi getmiş adyal sərilən karton parçalarının üstündə uzanmışdı, gödəkcəsini də yorğan əvəzi üstünə atmışdılar. Soyuqdan bədəninin gizildədiyini indi hiss etdi.

 

Bura qəribə bir yer idi, üst-üstə yığılmış yeşiklərdə müxtəlif içki və meyvələr, iki soyuducu, ağzı bağlı karton qutular vardı. Olduqca darısqal, kəsif iyi olan bu balaca otaq anbar idi. Adyala bürünüb, bir müddət olub-bitənləri xatırlamağa çalışdı, vəziyyət  qismən aydın oldu. Demək, gecə onu burada qoyub, gediblər. Anbarın qapısı mətbəxə açılırdı. Oradan keçib, böyük zala girdi. O tərəf-bu tərəfə göz gəzdirdi, işçilər hələ gəlməmişdi, kafenin qapısı da slayd örtüklə bağlanmışdı. Ürəyi sıxıldı, mətbəxə qayıdıb, bir stəkan su içdi.

 

Gözləməkdən başqa çarəsi yox idi.

 

Saat 10-a qalmış kafenin bütün işçiləri gəldi. Bayaqdan ölü sükutu çökmüş bu yerdə, hay-küylə, zarafatla, qızğın iş başlandı. Dianaya elə gəldi, sanki, onu bu zal qarışıq götürüb, başqa bir dünyaya tulladılar. İki nəfərdən - xadimə qadın və pizza ustası kök oğlandan savayı, demək olar ki, hamı onunla maraqlanırdı. Diana suallara ağızucu cavab verir, başını qaldırmırdı. Ara-sıra televizorun ekranında saata baxırdı.

 

Kafenin administratoru, 30-35 yaşlı dazlaşmaqda olan arıq kişi, ofisiant oğlanlara göstərişlər verir, hərəyə bir iş buyururdu. Diana hiss etdi ki, artıq ondan nəinki söz soruşan, heç fikir verən də yoxdur. Sakitcə gözləməkdən bezdi, çay hortladan arıq kişiyə yaxınlaşıb, ağzını açmaq istəyəndə kişi tum gözlərini qıza zilləyib, amiranə səslə dedi:

 

- Burada işləmək üçün sən hələ təcrübə keçməlisən, get uşaqlara kömək elə, öyrən, görsəm, işləyə bilirsən, səni ofisiant götürəcəm! Özün də ağ köynək, qara şalvar geyinməlisən. Diananın geyindiyi cins şalvara  işarə ilə: - Cins-mins olmaz!

 

Diana artıq söz deyə bilmədi.

 

O gündən həmin kafedə, ofisiantların əlinin altında səhərdən-axşamadək işləməyə başladı. Bulaşıq qabları stolun üstündən yığışdırıb, qab yuyulan yerə daşıyır, təmizləri mətbəxə aparır, salatçının, aşpazın tapşırıqlarını yerinə yetirirdi. Hətta ən ağır, çirkli işləri görməyə belə, məcbur edilirdi. İşçilər növbə ilə yeməyə gedəndə, Diana ən axıra qalırdı. Bəzən gün ərzində ac-acına ora-bura qaçırdı, yeməyə vaxt çatdıra bilmirdi. Onu bircə dəqiqə boş duran, laqqırtı vuran görmək olmazdı. Diana buraya gələndən ofisiant oğlanların işi xüsusilə yüngülləşmişdi, qızın fağırlığından istifadə edib, öz işlərini də ona gördürürdülər. Qız burada çalışdığı iki həftə ərzində dəhşətli dərəcədə arıqlamışdı, yalqız gecələrdə ağlamaqdan gözlərinin altı kölgələnmişdi. Dözülməz istismara, bütün mənəvi və fiziki ağrılara tab gətirən yeniyetmə qız, tanrının ədalətindən hələ əlini üzməmişdi.  Bir zaman hind kinolarındakı kimi qəfildən bəxt ulduzunun parlayacağına inanırdı.

 

İşçilər arasında heç kimlə dostluq etmirdi, “bu sırtıq kişi tayfasından nə qədər uzaq olsam, o qədər yaxşıdır” - deyə, kişi işçilərdən bacardıqca gen gəzir, çay içməyə çağırıldıqda, bir bəhanə ilə təkliflərini rədd edirdi.

 

Bütün bu ehtiyat tədbirlərinə baxmayaraq, bir nəfər qızın həndəvərindən əl çəkmirdi. Ofisiant oğlanların içində ən sırtıq və eybəcər birisi isə xəlvətə düşəndə, Diananı divara sıxır, əlini, qolunu çimdikləyir, qızı boğaza yığırdı.

 

Qızın qalmağa yeri olmadığını, anbarda yatdığını bildiyi üçün: “gecə “kliyent”lərin səni incitmədi ki?” tipli atmacalar atır, bir gecə onu da qonaq saxlamasını xahiş edirdi.

 

Diana isə onu sakitliklə başından rədd etməyə çalışırdı. Amma bu qara gədənin ondan əl çəkmək niyyəti yox idi. Bir dəfə vəziyyət lap ağ oldu...

 

(ardı var)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1823

Oxşar yazılar