18 yaşlı Ağababa Abbasov Vətən Müharibəsində ordumuzun həmlə qruplarında yer alaraq, Füzuli istiqamətində döyüşlərdə qəhrəmanlıqla savaşıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Ağababa uşaqlıqdan idmanla məşğul olduğundan, yüksək fiziki göstəricilərə malik idi. Məhz buna görə də hərbi xidmətdə kəşfiyyatçı seçilmişdi.
Şəhidin atası Səfər Abbasov bildirir ki, Ağababa ötən ilin aprel ayında hərbi xidmətə yollanmışdı: “Beş aya yaxın əsgərlikdə idi. Kəşfiyyatçı kimi xidmət edirdi. Sentyabrın 19-da Ağcabədiyə, yanına getmişdim. Təlimlərə cəlb olunmuşdu. Müharibə başlayandan bir gün əvvəl evə zəng eləmişdi. Bildirdi ki, kəşfiyyata gedəcək, ondan narahat olmayaq. Əslində isə Füzuli cəbhəsinə gedirmiş. Sentyabrın 29-da dedilər ki, kəndə şəhid gəlir. Kim olduğunu bilmirdik. Sonra yerli icra orqanlarının nümayəndəsi gəlib xəbər verdi ki, şəhid olan mənim oğlum Ağababadır. O, kənd uşaqlarına deyib ki, mənim də xatirəmi Şəhidlər Xiyabanında əbədiləşdirərsiniz. Anasına bildirmişdi ki, səni tələbə, əsgər anası etmişəm, şəhid anası adını da alacaqsan”.
Ağababa Abbasov 2002-ci ildə Şabranın Uzunboyad kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında oxumaq istəsə də, qabiliyyət imtahanından kəsilib. Bundan sonra Quba Dövlət Sosial-İqtisadi Kollecinə daxil olub. Şəhidin anası Firəngiz Abbasova deyir ki, təhsilini əsgərlikdən qayıtdıqdan sonra davam etdirmək istəyirdi: “Ölümündən on gün qabaq görüşmüşdük. Bizə fəxrlə təşəkkürnamə aldığını, manqa başçısı təyin olunduğunu bildirmişdi. Mərd, vətənpərvər övlad idi. Heç kimə övlad acısı arzulamıram. Çox ağır yükdür. Amma qürurluyam ki, çünki oğlum Vətən uğrunda şəhid olub”.
Evin sonbeşiyi olan Ağababanın bir qardaşı və bir bacısı var. Bacısı Rəmziyyə Teymurova deyir ki, qardaşının yoxluğu ilə barışa bilmir: “Yoxluğu ilə barışa bilmirəm. Qardaşım üçün çox darıxıram. Ağababa hərbi xidmətə yollananda mənə dedi ki, bacı, mən əsgər gedirəm, hər şey ola bilər. Mənim üçün üzülməyin. Bildirdi ki, Vətən uğrunda şəhid olsam, mənə xoş olar. İndi də tez-tez yuxuma girir. Deyir, “bacı, mənim üçün ağlamayın. Mən ölməmişəm”. Mən qürur duyuram ki, qardaşım vətənpərvər və cəsur oğlan idi. Ağababa Vətən uğrunda canından keçməyə hazır olduğunu göstərdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Şəhid Ağababa Abbasov Uzunboyad kənd qəbiristanlığında dəfn olunub. Bu kənd Vətən müharibəsində 3 şəhid verib.
Qəhrəman döyüşçü ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Vəli Turan
Mais Allahverdiyev