Şəhid Elməddin Cəfərov
16 dekabr 2020 15:48 (UTC +04:00)

Şəhid Elməddin Cəfərov

Şəhidin son zəngi: "Dedi, heç nə istəmirəm, zəfər çalmaq istəyirik"

33 yaşlı gizir Elməddin Cəfərov Xızı rayonunun Şurabad kəndinin ilk şəhididir.

APA TV-nin xəbərinə görə, o, oktyabrın 8-də Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi 20 gün sonra o ərazidən götürülüb və oktyabrın 30-da Şurabad kəndində torpağa tapşırılıb.

Anası Zəhra Cəfərovanın sözlərinə görə, Elməddin uşaqlıqdan hərbiyə həvəs göstərib və arzusuna da çatıb. Anası yeganə oğlu ilə son danışığını belə xatırlayır: “Oktyabrın 7-si axşam saat 8-ə 25 dəqiqə qalmış idi. Zəng elədi. Bir belə vaxtlar danışırdım, heç nə eləmirdim. Bilmirəm nədəndirsə, çevrildim saata baxdım. Həqiqətən. Özü-özümə dedim ki, mən niyə saata çevrildim baxdım. Demə oğlumla axırıncı zəngimizdir. Axırıncı danışığımızdır. Danışanda da yenə dedim, vəziyyət necədir? Qayıtdı ki, vəziyyət əla, hər şey əla. Dedim başqa sözün-söhbətin. Ana qurban, nə istəyirsən? Dedi, heç nə istəmirəm. Zəfər çalmaq istəyirik, qələbəni istəyirik. Oğlumun mənə axırıncı sözü bu oldu ki, qələbə çalmaq istəyirik”.

Şəhidin atası Hümbət Cəfərov oğlundakı Vətən sevgisindən qibtə ilə danışır: “Bu adam Vətənini o qədər çox istəyirdi ki, həmişə işdən evə gələndə telefonun qarşısında oturardı, hərbi texnikalarla, hərbi döyüşlərlə maraqlanardı. Deyərdim, a bala, gəl otur yeməyini ye, sonra baxarsan. Deyirdi, yox e, ata, qoy baxım. Bəzən elə vaxtlar olurdu ki, telefona baxa-baxa gözü gedirdi yuxuya”.

Döyüş meydanında düşmənin canına vəlvələ salan Elməddinin qəhrəmanlığından indi hər kəs qürur hissi ilə danışır. Hazırda 2 övlad böyüdən şəhid xanımı Aysel Cəfərova həyat yoldaşının yuxularına girdiyini deyir: “Ayın 11-i, ya 12-si idi. Yuxuda gördüm gəlib evə. Gəlib evə uşaqları öpür. Deyirəm ki, Elməddin, get mamagilnən də salamlaş da. Deyir, yox, birinci uşaqları öpüm, gedib anamla salamlaşaram. Gedir anasını çağırır. Mama baxır, deyir maman qurban, forman hanı? Deyir bayırdadır. Baxırıq ki, forması qandır. Deyir, qorxmayın öz qanım deyil. Yaralılar var, onları gətirmişik. Görürəm bizimlə sağollaşır, deyir, sağ olun. Amma gələcəm deyir, narahat olmayın. Hələ döyüşə gedirəm”.

Şəhidin dayısı İsa Cəfərov bildirib ki, Elməddinlə çox səmimi münasibəti olub, onunla sirlərini paylaşırdı: “Mənimlə bir bacıoğlu kimi yox, dost kimi, qardaş kimi olub. Nə gizli sirri olsa idi, sözü olsa idi, həmişə mənimlə paylaşırdı”.

Döyüş yoldaşı Amil Yunusovun sözlərinə görə, Elməddin bir neçə yaralı əsgərimizi döyüş meydanından çıxararaq xilas edib. Növbəti döyüş tapşırığı zamanı isə döyüş yoldaşları ilə şəhadətə yüksəlib: “Döyüşdə ən öndə gedənlərdən biri idi. Oktyabr ayını 8-i səhər saat 11, 12-nin yarısı radələrində öz bölməsinin şəxsi heyəti ilə döyüş yoldaşları ilə 24 nəfər pusquya düşdülər və həmin günü şəhid oldular. Ondan öncə də onlar neçə gün qabaq pusquya düşmüşdülər. Hətta ayın 4-ü günü axşam gəldilər bizim yanımıza. Orda olan canfəşanlığından, orda gedən döyüşlərin qızğınlığından bizə danışdı. Hətta bizim o anda onunla bərabər gözlərimiz doldu. O vaxta qədər dünyasını dəyişən şəhidlərimiz var idi, onları yad etdik”.

Elməddin Cəfərov övladlarının milli vətənpərvərlik ruhunda böyümələrini istəyirdi. Övladları da ataları ilə hər zaman fəxr etdiklərini deyirlər. Atalarının qisasının yerdə qalmaması isə onlar üçün təsəlli qaynağıdır.

44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu yeni tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərimiz əsl döyüş əfsanələri yaratdı və yurdu yağıdan azad etdi. Bu qəhrəmanlıqlar Elməddin kimi minlərlə cəngavərin qanı, canı bahasına tarixə qızıl hərflərlə yazıldı.

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4242
avatar

Oxşar yazılar