İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.
APA xəbər verir ki, bu barədə İranın daxili işlər naziri İsgəndər Momeni bildirib.
"Şəhid Rəcai Limanında partlayışın səbəbinin nə olduğunu açıqlayacağıq və məsuliyyət daşıyanlara qarşı qanuni tədbirlər görəcəyik. Limanın əsas sistemləri zədələnməyib, gömrük əməliyyatları davam etdirilir. Yaxın bir neçə saat ərzində yanğını söndürəcəyimizə ümid edirik . Ölənlərin və yaralıların sayının artacağı ehtimalı var.", - o deyib.
***
22:10
İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Yaralananların sayı isə 750 nəfərə çatıb.
Bildirilib ki, yanğın hələ də tam söndürülməyib.
***
15:53
İranın Şəhid Rəcai limanında dəhşətli partlayış olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, nəticədə 406 nəfər yaralanıb.
Qeyd olunur ki, Bəndər Abbas şəhərindəki limanda baş verən partlayışa yanacaq çənində baş verən yanğın səbəb olub. Partlayış dalğası o qədər güclü olub ki, ərazidəki bir ofis binasını və bir çox avtomobili tamamilə sıradan çıxarıb.