Soyuducunun aşağı temperaturu soğanın daxili proseslərinə necə təsir edir?
Qida məhsullarının saxlanılması üzrə mütəxəssis Melissa Alink soğanın bütöv halda soyuducuda saxlanmasının geniş yayılmış bir səhv olduğunu bildirir. Çoxları soyuducunu uyğun yer hesab etsə də, əslində aşağı temperatur soğanda ləngiməli olan prosesləri sürətləndirir və bu da onun daha tez xarab olmasına səbəb olur.
Bu barədə Lent.az məlumat verir:
Soyuducunun temperaturu soğanın təbii proseslərini pozur, nişastanın şəkərə çevrilməsini sürətləndirir. Alink izah edir ki, bu faydalı proses deyil. Bu, bitkinin son sağ qalma mərhələsinə bənzəyən bioloji reaksiyadır – soğan hələ də aktiv qalmağa çalışır və nəticədə sərt haldan palçıq kimi yumşaq kütləyə çevrilir. Soğan digər kök yumrular kimi yığılmadan sonra da "nəfəs almağa" davam edir. Bu proses oksigenin qəbul edilməsi və karbon qazının buraxılmasını əhatə edir ki, bu da hüceyrələrin fəaliyyətini və canlılığını qorumağa xidmət edir. Lakin aşağı temperatur bu daxili prosesləri pozur və soğan soyuqluğu bir təhlükə kimi qəbul edir. Bu isə şəkərin həddən artıq istehsalına səbəb olur, hüceyrə divarlarını zəiflədir və nəticədə soğan tez yumşalır və xarab olur.
Temperatur yeganə səbəb deyil
Rütubət də bu prosesi sürətləndirən əsas amillərdəndir. Nəm mühit kif və bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Belə mühitdə hətta ən ehtiyatlı saxlama üsulları da təsirsiz qala bilər.
Soğanı harada saxlamaq olar?
Alink vurğulayır ki, soğanı quru, qaranlıq və yaxşı havalandırılan yerdə saxlamaq lazımdır. Bu, onun torpaq altında keçirdiyi "təbiətə uyğun istirahət" dövrünü təqlid edir. Mütəxəssis soğanın daha uzun müddət saxlanması üçün torlu kisələrdən, məftilli səbətlərdən və ya hətta kapron corablarından istifadə etməyi tövsiyə edir.
İsti mühitdə nə baş verir?
Maraqlıdır ki, soğan istilikdə tam fərqli reaksiya verir – o, xarab olmaq əvəzinə yaşıl cücərtilər çıxarmağa başlayır, yenidən böyüməyə can atır. Hərçənd bu cücərtilər yeyilə bilsə də, onların əmələ gəlməsi soğanın şəkər ehtiyatlarını tükətdiyini göstərir. Bu da onun dadını daha acı və kəskin edir ki, bu da mətbəx istifadəsi üçün arzuolunmazdır.
Bəs doğranmış və ya təmizlənmiş soğan necə saxlanmalıdır?
Qeyd olunur ki, bütün soğanlar eyni saxlama şəraitinə ehtiyac duymur. Doğranmış və ya qabığı soyulmuş soğan mütləq soyuducuda saxlanmalıdır. Açıq halda olan soğan mikroorqanizmlər üçün həssas olur, buna görə də onu hava keçirməyən qabda saxlamaq lazımdır. Alink istifadədən sonra soğanın yaxşıca bükülməsini və hermetik qablarda və ya zipli paketlərdə saxlanmasını tövsiyə edir. Bu, onun təravətini qorumağa və çirklənmədən qorumağa kömək edir.